Ana səhifə
21 Sentyabr 2018

Azərbaycançılıq həm də ölkənin iqtisadi potensialının artmasıdır

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir
Azərbaycançılıq təkcə milli ideyanı milli ideologiyaya çevirmək, milli mentallığı, milli özünüdərkin mahiyyətini qoruyub saxlamaqla bitmir. Azərbaycançılıq həm də ölkənin iqtisadi potensialının artması, doğma məmləkətin beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilməsi, xalqın səadət və xoşbəxtliyi, dinclik və əmin-amanlığı naminə çarpışmasıdır. Az müddətdə Azərbaycan dünyanın ən güclü iqtisadi və siyasi islahatlar mərkəzinə çevrilib. Həyata keçirilən böyük beynəlxalq infrastruktur layihələr nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Vaxtilə öz içinə qapanıb qalmış Azərbaycan bu gün dünyanın 135 ölkəsi ilə sıx ticarət əlaqəsi yaradıb. Dünya ölkələrinə ixrac edilən emal məhsullarımızın bir çoxu öz keyfiyyət göstəricilərinə görə beynəlxalq və Avropa sertifikatlarına layiq görülüb. Qlobal iqtisadi böhranın Yer kürəsini öz ağuşuna aldığı bir dövrdə Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində qazandığı nailiyyətlərə görə BMT-nin xüsusi mükafatını alıb. Azərbaycan öz-özünü əsas ərzaq məhsulları ilə tam təmin edən nümunəvi bir ölkəyə çevrilib. Bu gün Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edir. 2016-cı ilin birinci rübnün nəticələrinə görə, bu sahədə artım 5 faiz təşkil edib. Gələcəkdə qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik ollacaq. Ona görə də qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin ediləcək. Artıq iki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. Bu layihələr regional inkişaf istiqamətlərini əhatə edir. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin ediləcək. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaq. İndi iş adamları bu layihələri icra etməlidirlər. "Burada əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür. Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə də xidmət göstərəcəkdir. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfdaşlıq şəraitində işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin",-Azərbaycan prezidenti deyib. 
Deməli, yeni layihələrin həyata keçirilməsində bank sektorunun rolu  artacaq. Artıq bankların möhkəmlənməsi və sağlamlaşdırılması prosesi gedir. Bu istiqamətdə də çox önəmli addımlar atılıb. Maliyyə nəzarəti haqqında, digər istiqamətlər üzrə önəmli addımlar atılıb. Əmanətlərin tam sığortalanması haqqında qərar qəbul edilib. Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. Manatın məzənnəsi isə sabitləşib. 
Dövlət başçısının sözlərinə görə yerlərdə sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün hər cür şərait yaradılır. 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. 2015-ci ilin birinci rübündə isə 19 min 300 yoxlama keçirilib. Bu il isə cəmi 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. "Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik",- dövlət başçısı deyib.
İnvestisiyaların təşviqi üçün də addımlar atılıb. Bu ilin yanvar ayında müvafiq Fərman imzalanıb. İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman yanvar ayında imzalanıb. Bu Fərman əsasında Azərbaycana qoyulacaq sərmayələrin həcmi böyük dərəcədə artacaq. İlk növbədə bölgələrdə, rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılacaq. Hər bir rayonda sənaye zonaları yaradılması nəzərdə tutulur. 
Bundan başqa istifadəsiz torpaqların əkinə cəlb edilməsi istiqamətində də müəyyən tədbirlər görülür. "Mənə verilən məlumata görə, rayonlarda kifayət qədər istifadəsiz torpaq sahələri var. Biz bu məsələ ilə də ciddi məşğul olmalıyıq. Burada həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər görülə bilər. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlar özlərini daha da məsuliyyətlə aparmalıdırlar. Əgər o torpaqlardan istifadə etmirlərsə, onda müəyyən mexanizmlər tətbiq edilməlidir. Biz imkan verə bilmərik, - hələ ki, özümüzü ərzaq məhsulları ilə tam təmin etməmişik, - bu torpaqlar uzun illər istifadəsiz qalsın. Mən bu vəzifəni də qarşıya qoyuram. Burada həm yerli, həm mərkəzi icra orqanları birgə işləməlidirlər",-Prezident İlham Əliyev deyib İstifadəsiz torpaqların əkinə cəlb edilməsi ölkənin ərzaq təhlükəsizliyi üçün çox önəmlidir.
Azərbaycancılıq ölkənin iqtisadi qüdrətini artırmaqla yanaşı onun sosial dayaqlarının möhkəmləndirilməsinə də xidlmət edir. Bu məqsədlə sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək. Bu, yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaq. "Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaqdır. Xüsusilə qeyd etmək istəyirəm ki, nəinki Bakıda və böyük şəhərlərdə, bütün şəhərlərdə, bütün rayon mərkəzlərində. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcəkdir. Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsəd belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. Bu tipli mənzillərin tikintisi həm Bakı şəhərində, həm də bütün digər rayon və şəhərlərdə geniş şəkildə aparılacaqdır. Sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaqdır. Təbii ki, bu, inşaat sektoruna çox böyük təkan verəcək. İnşaat sektorunda vaxtilə işləmiş, ancaq indi işlərini itirmiş insanlar yenə də işlə təmin ediləcək və bunun çox geniş multiplikativ səmərəsi olacaqdır",-dövlət başçısı deyib.
(ardı var)

 

Tarix
11 Aprel 2016 [19:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin