Ana səhifə
22 Oktyabr 2018

Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının milli-mənəvi dayağıdır

Azərbaycan gücləndikcə, qüdrətləndikcə vahid ideya ətrafında birləşən azərbaycanlıların da qürur hissi artır

Dünya azərbaycanlılarının həmrəylik günü Azərbaycan dövlətinin xüsusi diqqətlə yanaşdığı rəsmi dövlət bayramlarından biridir. Azərbaycan Respublikası nəinki bu ölkədə yaşayan əhalinin, habelə bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını, azərbaycançılığın rəmzlərini yaşadan dövlətdir. Azərbaycan Pespublikası bütün azərbaycanlıların istinad yeri, ata evi, doğma ocağıdır. Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının milli-mənəvi dayağı olduğu üçün, bütün dünyaya səpələnmiş milyonlarla soydaşlarımızın da ən əsas milli-mənəvi borcu doğma Azərbaycanımızın çiçəklənməsi üçün, var gücü ilə səy göstərməsi vacibdir. Vətənimizin dövlət müstəqilliyini dönməz etmək, düşmən təcavüzünə məruz qalmış torpaqlarının geri alınmasına, sərhədlərinin bütövlüyünə nail olmaq, iqtisadiyyatınının, elminin, mədəniyyətinin sürətli inkişafına zəmin yaratmaq, təhlükəsizliyini təmin etmək üçün dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar birləşməli, güclü milli-mənəvi amilə çevrilməlidir. Vətən məhəbbəti, torpaq təəssübü, milli qürur hissi bu işdə bizim ən etibarlı köməkçimizdi. Son illərin həqiqətləri də göstərir ki, dünya azərbaycanlıları milli birliklə bütün çətinlikləri dəf etməyə qadirdir.
Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Heydər Əliyev dünya azərbaycanlılarının qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirirdi: onlar ilk növbədə öz milli kimliklərini dərk və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət- ənənələrini, tarixini yaşatmalı, inkişaf etdirməlidirlər. Dünyada yaşayan soydaşlarımız, eyni zamanda, ana Vətənlə əlaqələrini möhkəmləndirməli, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət daşımalı, Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görməlidirlər. Eyni zamanda, Azərbaycan hökuməti Vətənimizin get-gedə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir.  
Dünyanın bir sıra ölkələrində - Ukraynada, Rusiyada, Asiya dövlətlədində yaşayan azərbaycanlıların indi bir məqsədi olmalıdır: Vətənə xidmət etmək! Dilimizi, dinimizi, adətlərimizi unutmamaq, fəaliyyətlərini doğma yurdun maraqlarına xidmətə istiqamətləndirmək, yaşadıqları ölkələrdə millətimizi daima uca tutmaq. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin fəaliyyəti öz bəhrəsini verir. Ümummilli liderin Azərbaycan diasporu ilə bağlı ideyalarının həyata keçirilməsi sonralar Prezident İlham Əliyevin də başlıca qayğılarından birinə çevrildi.
Unudulmamalıdır ki, Azərbaycan gücləndikcə, qüdrətləndikcə vahid ideya ətrafında birləşən azərbaycanlıların da qürur hissi artır, mənəvi dayağının etibarlı olduğuna güvəni artır. Prezidentimizin xarici dövlətlərə səfəri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızla keçirdiyi görüşlər, milli birliyimizin daha da möhkəmlənməsinə xidmət edir və bunlar Heydər Əliyev ənənələrinin davamıdır. Bu gün azərbaycanlıların yaşayıb, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropada bu bu inam özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropada Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməklə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil mərkəzlərindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin riyakar və saxta erməni siyasətinə qarşı müdafiə deyil, hücum mövqeyindən çıxış etmək siyasəti diaspor təşkilatlarımız tərəfindən də uğurla icra edilir. Bununla da 2003-cü ildən etibarən istər Azərbaycan diplomatiyası, istərsə də diaspor təşkilatlarımız ermənilərin yalançı təbliğatına birbirinin ardınca ağır zərbələr endirməyə başladı. Bu sahədə dövlətmizin başçısı hələ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri olarkən ciddi addımlar atmışdı. AŞPA-nın demək olar ki, hər bir iclasında yeni bir erməni məkr və hiyləsinin üstü açılır, bu və ya digər erməni saxtakarlığına tutarlı cavab verilir, yaxud müvafiq qətnamə və qərar qəbul edilirdi. Sonradan erməni hiyləgərliyinin, Avropa xalqlarına yalan və böhtan dolu saxta tarix sırınması faktlarının ifşası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası və diasporunun bir nömrəli vəzifəsinə çevrildi. Bu uğurlu siyasət dünya ermənilərinin saxta "erməni soyqırımı" ilə bağlı iddialarının ayrı-ayrı ölkələrin, xüsusən də ABŞ-ın parlamentindən üzüqara şəkildə geri qayıtmasında da mühüm rol oynadı. Azərbaycan və türk diasporunun erməni uydurmalarına qarşı birgə mübarizəsi bu məsələdə də öz gücünü göstərmiş oldu. Birləşmiş diaspor təşkilatlarımızın ABŞ-da "erməni soyqırımı"nın müzakirəyə çıxarılmasına qarşı keçirdiyi birgə etiraz tədbirləri, şübhəsiz ki, təsirsiz ötüşmədi. Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, gücümüz birliyimizdədir. Birliyimiz, həmrəyliyimiz isə ən kəsərli silahımızdır. Azərbaycan torpaqları üzərində özlərinə oyuncaq dövlət yaradıb tarixi ərazilərimizə qarşı yeni iddialar irəli sürənlərə cavabı da bu silahla verəcəyik. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd edib: "Hazırda qarşımızda ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən vacib vəzifə yoxdur. Bu, bizim ümummilli işimizdir. Məhz bu amil bizi dövlətimizin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrin gücləndirilməsinə xüsusi diqqət yetirməyə sövq edir. Biz yenidən qan tökülməsinin, dağıntıların və humanitar faciələrin qaşısının alınması üçün hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırıq. Lakin Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəyişməz qalır: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir..." 
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın bu dövlətə arxalanmağa, onun himayəsinə bel bağlamağa, ondan güc, qüdrət almağa haqqı var.  Azərbaycan dövləti indi öz sözünü deməyi bacarır və dünya dövlətlərini heyrətləndirir.

Tarix
6 Aprel 2016 [19:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin