Ana səhifə
19 Avqust 2018

Deputat bəzi KİV-ləri bir aylığa bağlamağı təklif etdi

Milli Məclisdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) illik məruzəsini təqdim edib. Ombudsmanın məruzəsindən sonra müzakirələr olub. Deputat Elmira Axundova deyib ki, ermənilər hər zaman terror yolu ilə mübarizə aparmağı seviblər. “Bu yaxınlarda bizi yenə terrorla hədələdilər. Bu ciddi fakt kimi qəbul edilməlidir. Ciddi qabaqlayıcı tədbirlər də görülməlidir. Hazırda bütün dünya, həm müsəlman, həm xristian aləmi çoxsaylı terror hücumlarına məruz qalır: İraq, Fransa, Belçika, Pakistan hadisələri buna canlı və dəhşətli sübutlardır. Terror hücumlarından ehtiyat edən bir sıra dövlətlər vətəndaşlarının təhlükəsizlik tədbirlərinin səviyyəsini artırmışlar. Bayram günlərini mən Rusiyanın paytaxtı Moskva şəhərində keçirmişəm və orada həm teatr və muzeylərə, həm ticarət mərkəzlərinə baş çəkirdim, eyni zamanda metropolitendən də geniş istifadə edirdim. Onların yüksək təhlükəsizlik tədbirləri məni məmnun etdi. Belə ki, yüzdən çox teatr, yüzlərlə ticarət mərkəzləri və s. olan nəhəng şəhərdə ictimai yerlərdə bütün girişlər metalaxtaran qurğularla təchiz olunub, bundan əlavə xüsusi hazırlanmış şəxslər tərəfindən də hər bir insan və onun əşyaları ciddi yoxlanılır. Düzdür, bu, müəyyən sıxlıq və növbələr yaradır, lakin paytaxtın bütün sakinləri və qonaqları bu məcburi tədbirləri anlayışla qarşılayırlar. Nəticədə gördüyünüz kimi Rusiyanın paytaxtı və digər şəhərlərində hələ ki, heç bir terror cəhdləri məqsədinə çatmır.

Mən diqqəti Bakıdakı təhlükəsizlik tədbirlərinin səviyyəsinə yönəltmək istəyirəm və tam məsuliyyətlə deyirəm ki, onlar indiki şəraitə heç uyğun deyil, hətta metromuz da. Hələ ki, Allahın ümidinə və hüquq mühafizə orqanlarının sayıqlığına görə Bakıda sağ salamat yaşayırıq. Amma bildiyimizə görə təhlükə hər an var, hətta bu yaxınlarda yenə də xeyli sayda radikal və dini ekstremistlər Azərbaycanın regionlarında aşkar olunaraq saxlanılıb.
Ona görə Bakı şəhər İcra Hakimiyyətindən mənim israrlı xahişim və təklifim ondan ibarətdir ki, yubanmadan və hər hansı xoşagəlməz hadisələr baş vermədən bu cür qabaqlayıcı tədbirləri həyata keçirməyə başlayaq, ilk növbədə bütün muzey və teatrların, habelə iri ticarət mərkəzlərinin, ali məktəblərin  girişlərində metalaxtaran qurğuların yerləşdirilməsi təmin olunsun, bunlar Respublikaya gətirilənə qədər isə əhalinin sıx olduğu yerlərin girişlərində mütləq yoxlama məntəqələri aktiv fəaliyyət göstərsin.
Yenə təkrar edirəm ki, heç kəs terror hücumlarından sığortalanmayıb, ələlxüsus ona görə ki, bizim ölkəmiz faktiki olaraq müharibə şəraitində yaşayır. Ona görə təhlükəsizlik tədbirləri təxirə salınmadan gücləndirilməlidir”. 
E.Axundova Ombudsmanın 2015-ci il üzrə illik məruzəsini diqqətlə oxuduğunu və analiz etdiyini deyib. “Hesabat müfəssəl hazırlanıb, müxtəlif sahələrdəki hüquq və azadlıqların vəziyyəti dərin analiz edilib, Ombudsman Aparatı tərəfindən həyata keçirilən fəaliyyət ətraflı işıqlandırılıb, müvafiq tövsiyyələr verilib, nəticələr çıxarılıb. Ümümiyyətlə hesab edirəm ki, bu İnstitut son illər Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üzrə vacib alətə çevrilib. Ombudsmanın nüfuzu əsas insan hüquq və azadlıqlarına əməl olunmasına heç şübhəsiz müsbət təsir edir. Ombudsman Aparatı heç bir şikayəti diqqətsiz qoymadan müxtəlif istiqamətlər üzrə aktiv iş həyata keçirir. Bununla yanaşı mənim Ombudsmana bir neçə təklifim və tövsiyyəm olacaq. Birinci məsələ vətəndaşların şikayət və müraciətləri ilə bağlıdır. Ombudsman bəzi vəzifəli şəxsləri və ayrı-ayrı məmurları  tənqid edir ki, onlar vətəndaşlara qarşı biganəlik nümayiş etdirirlər, əhalinin problemlərinə laqeydlik göstərirlər, vətəndaşların müraciətlərinə lazımi diqqəti ayırmırlar və s. Əvvəla, istərdim ki, hörmətli Ombudsman vətəndaşların şikayət və müraciətlərinə belə hörmətsiz yanaşma ilə bağlı konkret misallar gətirsin. Bu istəyim hesabatda problem olaraq qaldırılan, amma konkret misal gətirilməyən digər sahələrə, vətəndaş hüquqlarının pozulmasına səbəb olan məmurların, hüquq mühafizə orqanı rəhbərlərinin ad və soyadlarının çəkilməməsinə də aiddir. Hesabatda “bəzi məmurlar”, “ayrı-ayrı polis əməkdaşları”, “bu və ya digər dövlət orqanlarının nümayəndələri” kimi mücərrəd ifadələr işlədilir. Hesab edirəm ki, əgər bir neçə konkret misal göstərilsəydi, bu daha təsiredici olardı”.
Deputat digər məsələ kənd yerləri də daxil olmaqla sosial mənzil Fondu yaradılmasının zəruriliyi barədə danışıb: “Mən hörmətli Ombudsmanla eyni fikirdəyəm, çünki aztəminatlı ailələrin çoxu öz evlərini yeniləmək iqtidarında deyillər, buna görə də böyük ailələri ilə birlikdə pis, sıx şəraitdə, qəzalı evlərində yaşayırlar. Bundan əlavə mən Ombudsmanın hesabatında “köhnə və qəzalı mənzillərdə yaşayan vətəndaşların yeni mənzillərə köçürülməsi məsələsinin həlli məqsədilə müvafiq dövlət proqramının hazırlanmsına və həyata keçirilməsinə böyük ehtiyacı var” bölməsinə toxunmaq istəyirəm. Xüsusilə vətəndaşların köçürülməsi və yeni mənzillər verilməsi təklifi təqdirəlayiqdir, çünki manatın devalvasiyası fonunda ev almaq üçün vətəndaşlara verilən müəyyən məbləğ bir çox hallarda onların mənzil almasına kifayət etməyəcək. Hesab edirəm ki, mənzil problemi respublikada ən kəskin problemlərdəndir və təsadüfi deyil ki, Ombudsman bu məsələyə öz hesabatında xüsusi yer ayırıb. Mən bunu alqışlayıram. Ahıl şəxslərin təminatına gəldikdə Ombudsman tibb xidmətlərinin və dərmanların qiymətlərinin əlçatan olmasının zəruriliyini bildirir. Amma bazar iqtisadiyyatı şəraitində bunu hər zaman etmək mümkün deyil. Axı apteklər öz ziyanları üçün işləməzlər. Buna görə mən dəfələrlə təklif etmişdim ki, 80 yaşdan yuxarı qadın və kişi pensiyalarına dərman ala bilmələri üçün xüsusi əlavələr edilsin (bu cür praktika Rusiyanın bir sıra regionlarında var) və ya 75-80 yaşdan yuxarı ahıllara əsas həyati dərmanlar xüsusi reseptlərlə dövlət hesabına verilsin, bu sistem Qərb ölkələrinin çoxunda tətbiq olunub. Xahiş edirəm bu təklifi dəstəkləyəsiniz”.
Elmira Axundova zalda oturan bir çox deputatları narahat edən məsələdən danışmaq istədiyini də vurğulayıb: “Söz azadlığının təmin edilməsi, informasiya əldə etmək azadlığı bölmələrində siz mətbuata təzyiqlərdən danışırsınız, jurnalistlərin müdafiəsinə qalxırsınız. Bu normaldır və təqdirəlayiqdir. Amma hesabatın heç bir yerində o məsələyə toxunulmur ki, KİV, xüsusilə bir sıra elektron saytlar son zamanlar kimlərinsə hesablaşması, rəqiblərə divan tutmaq, açıq reketçilik və pul qazanmaq məkanına çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır, bəs bizi, cəmiyyəti, deputatları, ictimai və dövlət xadimlərini bu cür jurnalistlərin qəddarlığından, azğınlığından kim müdafiə edəcək?
Düşünürəm ki, hökumətin jurnalistika və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi. Biz əvvəllər Milli Məclisdə əlimizdə olmuş vasitəni, yəni İnformasiya üzrə müvəkkil vəzifəsini ixtisar etmişik və onun funksiyasını hörmətli Ombudsmanımıza vermişdik. Lakin bu qərarın qəbulundan bir neçə il keçməsinə baxmayaraq İnformasiya üzrə müvəkkilin fəaliyyəti hələ də görünmür. Bunun da bir sıra obyektiv səbəbləri var. Heç də hər şey hörmətli Elmira Süleymanovadan asılı deyil. Buna görə hesab edirəm ki, biz bu məsələyə ya yenidən qayıtmalı və İnformasiya üzrə müvəkkil vəzifəsini müstəqil qurum kimi bərpa etməliyik, ya da Ombudsman Aparatı daxilində Elmira Süleymanovaya əlavə səlahiyyətlər verərək bu fəaliyyəti canlandırmalıyıq. Bundan savayı biz müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına daha geniş səlahiyyətlər verməliyik. Məsələn, bu və ya digər saytın fəaliyyətinin müvəqqəti dayandırılması, necə ki, Milli Televiziya və Radio Şurasına biz belə geniş səlahiyyətlər vermişik. Düşünürəm ki, həm Ombudsman Aparatı, həm də Mətbuat Şurası jurnalistikada baş alıb gedən bu cür neqativ hallara qarşı daha təsirli mübarizə aparmalıdırlar.
Ümumilikdə Ombudsmanın hesabatını, problemlərin qoyuluş şəklini alqışlayıram. Bununla belə daha çox konkretlik, konkret faktlar və Ombudsmanın tövsiyyələrinə müvafiq orqanlar tərəfindən daha çox diqqət ayrılmasını istərdim. Axı hamımızın məramı eynidir, hamımız istəyirik ki, vətəndaşlarımız daha yaxşı yaşasın, hüquqlarına hörmətlə yanaşılsın. Elə olan halda da Ombudsmana müraciətlərin sayı azalacaq”.

Tarix
5 Aprel 2016 [17:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin