Ana səhifə
20 Noyabr 2018

Azərbaycançılıq xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir

Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur

Azərbaycançılıq ölkəmizin tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Dövlət siyasətinin strategiyası olan azərbaycançılıq dolğun ideologiyanın bütün keyfiyyətlərini qazanır. Azərbaycan xalqının bu günü və gələcəyinin qavranılması və qiymətləndirilməsini müəyyən edir.
 Xalqın həyatının təşkilinin ali forması, fundamental antropoloji təsisat dövlətdir. Məhz buna görə də dövlətçilikdən məhrum olmuş xalqlar dünya tarixinin səhnəsindən siliniblər. Ümumiyyətlə, xalqın öz dövlətçiliyinə münasibəti barədə rəylərin dairəsi kifayət qədər genişdir və öz dövlətçiliyinə görə qürur hissindən və dövlət atributlarına çox böyük hörmətdən tutmuş, "xalqın öz hökumətlərini tənqid etməsindən xoşu gəlir" kimi bizim günlərədək mənasını itirməyən qədim Roma deyiminədək ən müxtəlif variantlarda özünü göstərir. Bəzi tədqiqatçılar milli dövlət ideyasını beynəlxalq münasibətlərin hakim konsepsiyasına qurban verərək bu ideyanı tarixin arxivinə göndərməyə nə qədər tələssələr də, əslində, biz milli dövlət modelinin müəyyən modifikasiyası ilə qarşılaşırıq. Hər bir dövlətin hər bir vətəndaşına aydın olmalıdır ki, beynəlxalq münasibətlərin təşəkkül tapmış müasir sisteminin əsasını suveren dövlətlər təşkil edir. Milli dövlət öz suverenliyini qorumağa, milli rifahın maksimum səviyyəyə çatmasına nail olmağa çalışır və s. Məhz belə qavrama prizmasından yanaşaraq vurğulamaq lazımdır ki, müasir Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə və onların sosial rifahına təminat verməyə qadirdir. Milli ideologiya tipi kimi azərbaycançılığın aşağıdakı şərtləri var: maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma. Qeyd edək ki, ideologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. 
Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. 
Məhz H.Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu. Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən ilk növbədə tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə edib. Bu baxımdan, Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz, azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olub. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgə yaşayışının tarixi təcrübəsidir. Unutdmaq olmaz ki, azərbaycançılıq güclü dövlət hakimiyyətinin və möhkəm milli intizamın, milli maraqların və milli özünüdərkin olmasını istəyir. O, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, millətin və dövlətin real imkanlarından irəli gələn reformizmi təbliğ edir. "Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik və milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir. Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Xalqın məhz çox böyük potensial ehtiyatlarının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində milli ideologiyanın əsası olaraq qalacaqdır",- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev deyib.
Ümummilli lider Heydər Əliyevin özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir. Bu baxımdan azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”,- ümummilli lider deyib. .

Tarix
31 Mart 2016 [19:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin