Ana səhifə
23 Sentyabr 2018

Vətəndaşlıq məsuliyyəti özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir

Cəmiyyətdə vətəndaşlıq münasibətlərinin zəif inkişafı ictimai-siyasi cəhətdən təhlükəlidir
Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur.
Cəmiyyətdə vətəndaşlıq münasibətlərinin zəif inkişafı ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu zaman o, aktiv və ya passiv ola bilər. Bununla belə, hər bir fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmaq vətəndaşlıq prinsiplərindən uzaqlaşmaq deməkdir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət, insanların sosial rifahı asılıdır.
Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. 
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır. Deməli, vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Hər bir kəs hüquq münasibətlərin iştirakçısı olduğuna görə, mülki hüquq münasibətlərində mülki məsuliyyət, cinayət hüquq münasibətlərində cinayət məsuliyyəti, inzibati münasibətlərin subyekti kimi isə inzibati məsuliyyət daşıyır. Məsuliyyət hüquqi xarakter daşıdığı halda fərd qarşısında tələblər vəzifə olaraq qoyulur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində göstərilir ki, “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. Konstitusiyanın bu tələbi Vergi Məcəlləsində də öz əksini tapmışdır. Beləliklə, vergi ödəməkdən yayınma inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Deməli, hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır. Mİəsələn, hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsilə həyata keçirilə bilər. Hər kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmayaraq seçkilərdə fəal iştirak etməlidirlər. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət insanların sosial rifahı aslıdır.
Vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, fərdin öz şəxsiyyətini dərk etməsi, daxili azadlığı, dövlət hakimiyyətinə münasibəti, dövlət qarşısında məsuliyyəti, ən əsası öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. Beləliklə, demək olar ki, vətəndaşlıq özündə vətəndaşın siyasi, hüquqi, mənəvi, sosial keyfiyyətlərini cəmləşdirir.  Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib prosesdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyü bərpa edilməli, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoylması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycançılar Dağlıq Qarabağ məsələsində həmrəydirlər.  Bu məsələdə ölkədə yaşayan bütün etnik qruplar, millətlər vahid fikirdədirlər. Bu onu göstərir ki, azərbaycançılıq ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında birləşdirmək ideyası kimi meydana gəlib. Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının əsasını millətçilik yox, vətəndaşlıq təşkil edir. Bu ideyanın məqsədi Azərbaycanda yaşayan xalqların birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya millətçiliyi inkar etdirməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə hesab edir ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Azərbaycançılıq ideologiyası milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır. Burada vətəndaşlıq mövqeyi çox önəmlidir.

 

Tarix
30 Mart 2016 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin