Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan Silahlı Qüvvələrində peşəkarlıq, döyüş qabiliyyəti artır

 Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir

 Müstəqil Azərbaycan dövlətinin yaranmasında və onun inkişafında  ümumilli lider Heydər Əliyevin böyük xidməti var. Ulu öndər mənən bu gün də Azərbaycan əsgərinin yanındadır. Silahlı Qüvvələri Heydər Əliyevə bağlayan elə qırılmaz tellər var ki, əsrlər keçsə də bu bağlılığı ayırmaq mümkün olmayacaq. Vahid komandanlığa tabe olan Silahlı Qüvvələrin yaradılması məhz onun adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərindəölkədə xaos və anarxiya tüğyan edirdi. Ağır problemlərin aradan qaldırılmasında ulu öndərin əvəzsiz xidmətlərini bu gün hər bir Azərbaycan vətəndaşı və əsgəri böyük minnətdarlıq hissi ilə yad edir. Məhz onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycan ayağa qalxaraq, iqtisadi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə nail olub. Bu nailiyyətlər əlbəttə ki, asanlıqla əldə edilməyib. Heydər Əliyevin birinci hakimiyyəti dövründə xalq və dövlət həyatının bütün istiqamətlərində mühüm addımlar atıldı. Bu dövrdə milli özünüdərk prosesi yeni vüsət aldı və sürətlə inkişaf etməyə başladı. Hakimiyyətinin ikinci dövründə isə özünüdərk fəlsəfəsi daha geniş mənalar kəsb etdi. Azərbaycançılıq ideyası məhz bu prosesin tərkib hissəsi kimi prezident Heydər Əliyevin siyasi fəaliyyətinin əsasına çevrildi. Ulu öndər Azərbaycançılıq prinsipini dövlətin idarəçilik sistemində ön cərgəyə çıxardı və indi bunun böyük nəticələrini aydın görünür və hiss edilir. 
Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Milli Ordu quruculuğu sahəsində də yeni mərhələlərin təməlini qoyub. Qeyd edək ki, 1971-ci ildə Heydər Əliyev tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan belə bir təşəbbüsün reallaşmasının nə dərəcədə ağır olduğunu dərk etmək çətin deyildir. Heydər Əliyev bunun yarada biləcəyi siyasi problemləri də gözəl bilirdi. Buna baxmayaraq o öz ideyasından bir addım da olsun geri çəkilmədi. Hərbi liseyin təşəkkülü üzərində dayandı və ona nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Lisey onun həyatının ən böyük işi, Azərbaycanın hərb tarixində yaratdığı ən monumental abidələrdən biridir. Bu gün həmin hərbi liseyi bitirən yüzlərlə zabitimiz vətənin keşiyini şərəflə qoruyaraq düşmənə qarşı əzmlə mübarizə aparır. Liseyi bitirmiş neçə-neçə gənc göstərdiyi rəşadətə görə Milli Qəhrəman adına layiq görülüblər. 

 Heydər Əliyev çətin və qarışıq bir dövrdə Naxçıvanda ordu quruculuğu ilə də ciddi məşğul oldu. Bu gün Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ordu korpusu da məhz ulu öndərimizin yadigarıdır. O, Muxtar Respublikanı yaranmış vəziyyətdən xilas etmək və Ermənistan tərəfindən edilən silahlı basqınlardan qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Dövlət Milli Müdafiə Komitəsi yaratmışdır ki, bu da bir il sonra əlahiddə gücləndirilmiş motoatıcı briqadanın təşkili üçün əsas baza olubdur.
Heydər Əliyevin apardığı düşünülmüş uzaqgörən siyasət nəticəsində əvvəllər Sovet İttifaqına məxsus bütün silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına keçmiş, ölkəmizin digər bölgəsindən fərqli olaraq burada heç bir dağıntı və talanlara yol verilməmişdir.
Lakin problemlər dərin kok salmaqda davam edirdi. Ermənistan-Azərbaycan müharibəsi bir tərəfdən, ölkə daxilində siyasi çəkişmələr digər tərəfdən Azərbaycanı böyük təhlükələr qarşısında qoyurdu. Bu fəlakətlərdən xilas olmağın yeganə yolu və qarantı yalnız Heydər Əliyev ola bilərdi. Xalqımız bunu dərindən dərk edirdi. Odur ki, 1993-cü ilin yayında Heydər Əliyev xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə dəvət edildi. O, dərhal müstəqilliyimiz üçün böyük təhlükə yaratmış separatçılıq hərəkətlərini aradan qaldırmaq üçün gərgin fəaliyyətə başladı. Azərbaycanın suverinliyini qorumaq üçün bu, xüsusi əhəmiyyət kəsb edirdi. Ona görə də Gəncə və Lənkəranda baş verən hadisələrin qarşısının alınması Heydər Əliyev üçün bir nömrəli vəzifyə çevrildi. Onun böyük səyi və dövlətçilik təcrübəsi Azərbaycanı bu təhlükədən qutardı. Və bununla Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar kimi qaldı. 
Ermənistan-Azərbaycan müharibəsi, azğınlaşmış erməni işğalçılarının ərazilərimizi zəbt etmək cəhdləri Respublikamızın müstəqilliyinə ən böyük təhlükə idi. Prezident Heydər Əliyevin apardığı gərgin iş 1994-cü ilin mayında cəbhədə atəşkəs rejiminin əldə edilməsi ilə nəticələndi. Bu, o zaman Heydər Əliyev tərəfindən düşünülmüş strateji addım idi. Əgər göz önünə gətirsək ki, həmin vaxt Silahlı Qüvvələrimiz nə vəziyyətdə idi, onda Heydər Əliyevin ən doğru yol seçdiyinə bir daha inanmış olacağıq. Düşmənimizə havadarlıq edənlərin hansı rolu ifa etdiklərini də buraya əlavə etsək, həqiqətən, ulu öndərin nə qədər uzaqgörən olduğunu isbat etməyə qətiyyən ehtiyac yoxdur. Digər tərəfdən bununla xarici və daxili siyasəti dövrün tələblərinə uyğun aparmaq, ölkə iqtisadiyyatını və ordu quruculuğunu inkişaf etdirmək üçün şərait yaradıldı. Bir az da obrazlı ifadə etsəm həmin məqam Azərbaycanın nəfəs alması üçün olduqca zəruri idi.
Ulu öndər Heydər Əliyev bu çoxcəhətli işlərin hamısını paralel şəkildə aparır, balanslaşdırılmış xarici siyasət yürüdürdü. Beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması onun siyasətinin ayrılmaz tərkib hissəsi idi. Buna misal olaraq 1994-cü ildə Brüsseldə NATO ilə əməkdaşlıq üzrə çərçivə sənədlərin imzalanmasını göstərmək olar. Azərbaycanın antiterror və beynəlxalq terrorizm əleyhinə mübarizə koalisiyasına qoşulması təşəbbüsü də məhz Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Beləliklə, ölkəmiz terrorizmə qarşı mübarizəyə qoşulan ilk dövlətlərdən biri olmuşdur. 
Heydər Əliyevin həyata keçirdiyi düzgün xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu günbəgün artırır, Azərbaycanı dünya miqyasında tanıdırdı. Ulu öndərin müəyyən etidiyi uzaqgörən siyasətin prezident İlham Əliyev tərəfindən bacarıq və səylə yerinə yetirilməsi ölkəmizə böyük uğurlar gətiribdir. Təməli ümummilli lider tərfindən qoyulan demokratik, sivil və hüquqi dövlət ideyası da bu gün yüksək əzmlə davam etdirilir. İri iqtisadi və hərbi layihələrin bu gün gerçəkləşməsi də məhz ulu öndərin müəyyən etdiyi siyasətə söykənir. Bünövrə onun tərəfindən qoyulmuşdur. Heydər Əliyevin böyük planları indi onun siyasi varisi prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. 
Bu gün ordu quruculuğu prioritet sahədir. Ordunun maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həll edilir, müasir texnika, avadanlıq və müasir silahlar alınır. Tez-tez hərbi hissələrə, tədris müəssisələrinə gedən, vəziyyətlə yerindəcə tanış olan, əsgər və zabitlərlə görüşən Ali Baş Komandan hərbçilərin hazırlıq səviyyəsi ilə ciddi maraqlanır, tapşırıq, əmr, göstərişlər verir. Bütün bunların nəticəsidir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev nitqlərinin birində böyük inamla deyibdir: «Bu gün Azərbaycan ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir».
 

 

Tarix
18 Mart 2016 [19:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin