Ana səhifə
20 Sentyabr 2018

Heydər Əliyevin azərbaycançılıq məfkurəsi Silahlı Qüvvələrdə prioritetdir

Müstəqli dövlətin mövcudluğu, təhlükəsizliyi məhz silahlı qüvvələr vasitəsilə təmin edilir

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri" mövzusunda seminar keçirilib. Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı – Multikulturalizm ili üçün birgə planının Silahlı Qüvvələrdə uğurla həyata keçirildiyini və bu seminarın da həmin tədbirlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, milli həmrəyliyi, bütövlüyü, birliyi təmin edən, milli təəssübkeşlik, vətənpərvərlik hisslərini daha da gücləndirən ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi bu gün Silahlı Qüvvələrdə də prioritetdir və bu istiqamətdə ardıcıl, məqsədyönlü iş aparılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun mövzu ilə bağlı məruzəsi böyük maraqla dinlənilib. Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrildiyi fikrini önə çəkən məruzəçi qeyd edib ki, hələ keçən əsrin 70-ci illərindən başlayaraq kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Ulu öndərimizin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini güdən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması o vaxtlar çoxlarının xəyalına belə gəlməzdi və bunlar gələcək nəsillər üçün ən böyük, əvəzolunmaz töhfələr idi.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu gün də xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparmasından, bu məfkurə əsasında milli-mənəvi dəyərlərimizin qorunmasından və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bu məfkurəni uğurla davam və inkişaf etdirməsindən geniş söhbət açıb. Komitə sədri tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini, milli-mənəvi dəyərlərə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan dini dəyərlərə münasibətdə respublikamızın dünya ölkələri üçün örnək olduğunu vurğulayıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap olunmuş "Qurani-Kərim"in tərcüməsi olan 1000 nüsxə kitab və Heydər məscidinin təsviri olan tablo Müdafiə Nazirliyinə hədiyyə edilib.
"Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə seminarda iştirakından böyük qürur duyduğunu, çox çeylər öyrəndiyini dilə gətirib və jurnalın yeni nömrəsindən 50 nüsxə tədbir iştirakçılarına paylayıb.
Silahlı Qüvvələr Hərbi Akademiyası Milli Təhlükəsizlik və Humanitar Elmlər Kafedrasının rəisi polkovnik Bəbir Quliyev, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Fərhad Məmmədov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev seminara yekun vurub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Bundan əvvəlki "Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfransda isə general-leytenant Kərim Vəliyev bildirib ki, şəxsi heyətin döyüş əzmi, mənəvi-psixoloji və peşəkar hazırlığı səviyyəsi yüksəkdir. "Ordu quruculuğunun əsasını təşkil edən mənəvi-psixoloji təminat Silahlı Qüvvələrin döyüşə hazır olmasının ən əsas göstəricilərindən biridir. Ordu potensialına görə güclü ola bilər, lakin şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yetərincə deyilsə, o ordu məğlubiyyətə düçardır. Bizim ən əsas vəzifəmiz ordunun döyüş qabiliyyətini artırıb, torpaqlarımızı düşməndən azad etməkdir. Yüksək nizam-intizam, təşkilatçılıq, şəxsi igidlik, qəhrəmanlıq nümunələri və bacarıq şəxsi heyətin zəruri keyfiyyətləridir. İnsan faktoru ən vacib faktor kimi qalmaqdadır, bunu hər kəs bilməlidir", - deyə general-leytenant Kərim Vəliyev xüsusi vurğulayıb. Bildirilib ki, ordu müqəddəs vətənin qoruyucusu kimi şərəfli bir vəzifəni həyata keçirir. 
Həqiqətən də bu gün hər bir müstəqli dövlət mövcudluğunu, təhlükəsizliyini məhz silahlı qüvvələr vasitəsilə təmin edir. Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyindən, tarixən xarici hücumlara məruz qaldığından orduya böyük əhəmiyyət verilib. Əsrlər boyu davam edən hərbi-siyasi proseslər xalqımızın adət-ənənələrinə, həyat tərzinə də öz təsirini göstərib və insanlarımız hərbi sahəyə daim diqqət yetiriblər. Təsadüfi deyil ki, tariximizdə çox sayda məşhur sərkərdələr, hərbçiləri var, xalqımız həmişə özünün zəngin hərb tarixi ilə fərqlənib. Hərb peşəsi xalqımızın genlərinə elə hopub ki, onu heç bir işğalçı, müstəmləkəçi məhv edə bilməyib. Çar Rusiyasının müstəmləkəsi dövründə digər müsəlmanlar kimi azərbaycanlılar da orduya çağrılmırdılar, hərbi xidmətdən azad idilər. Bununla belə Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov və digərləri kimi görkəmli hərbçilərimiz dünya hərb tarixində xüsusi yer tuturlar. 
Ölkəmizdə Silahlı Qüvvələr Günü 26 iyun tarixində qeyd edilir. Məhz həmin gün-26 iyun 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk hərbi hissə - Gəncədə əlahiddə korpus yaradıldı. AXC dövründə qısa müddətdə ordu formalaşdırıldı. O zaman da mənfur qonşularımız ölkəmizə qarşı ərazi iddiaları qaldırmışdılar. AXC-nin qısa müddətdə formalaşdırdığı ordu Qarabağda düşməni darmadağın etməklə gənc dövlətin hərbi qüdrətini nümayiş etdirdi. Ancaq Sovet Rusiyasının işğalı ilə müstəqilliyimizə son qoyuldu. SSRİ tərkibində yaşadığımız dövrdə də xalqımız çox sayda hərbçi yetişdirdi. Bu dövrdə Azərbaycanda hərbi təhsil müəssisələri yaradıldı. 1971-ci ildə Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Qeyd edim ki, C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması gənclərimizin hərbi sahəyə marağını daha da artırdı. Azərbaycan zabitlərinin böyük əksəriyyətinin hərbçi kimi peşə yolu məhz bu liseydən başlayıb. 
Azərbaycanda müasir ordu quruculuğu prosesi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrdə ikinci dəfə müstəqillik qazanan xalqımız nankor qonşularımızın ərazi iddiaları ilə üzləşdi. Rusiya və Qərbdən hərtərəfli dəstək alan Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. Bu zaman Azərbaycanda vahid, güclü idarəetmənin olmaması, siyasi pərakəndəlik öz təsirini göstərdi. Belə bir vaxtda, müstəqilliyin təhlükə altında olduğu zamanda Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə gəldi. Məhz bu dövrdən başlayaraq, Azərbaycanda ordu quruculuğu prosesi başladı. Nizami ordunun yaradılması, hərbi təhsildə islahatların aparılması bu dövrdə baş verdi. Nəticədə, Azərbaycan güclü ordu formalaşdırdı və hazırda regionun ən güclü ordusuna malikdir. Silahlı Qüvvələrimizin tərkibində Quru Qoşunları, Hərbi-Hava Qüvvələri və Hava Hücumunda Müdafiə Qoşunları, Hərbi-Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr kimi qoşun növləri mövcuddur. 
Müasir hərbi texnika və silah-sursatla təchiz edilmiş ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində düşməni susdurur və ağır itkilər verməyə məcbur edir. Artıq bu faktdır ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumunu qorxu içərisində gözləyir. Ötən il düşmən ordusuna məxsus helikopterin vurulmasından sonra Ermənistanda baş qaldıran qorxu hələ də davam edir. İndiyə qədər Azərbaycan münaqişənin həlli üçün beynəlxalq təşkilatların vasitəçiliyinin gücləndirilməsini tələb edirdisə, artıq Ermənistan beynəlxalq təşkilatlardan Azərbaycanı güc tətbiqindən çəkindərməyi xahiş edir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələr ermənilərin qorxusunu bir daha nümayiş etdirdi. Müzakirələr zamanı Ermənistan nümayəndəsinin Azərbaycanı atəşi dayandırmaq barədə çağırışına ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cavabı işğal olunmuş ərazilərlə bağlı ölkəmizin rəsmi mövqeyini bir daha diqqətə çatdırdı: "Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o, ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın". Son illər ərzində Azərbaycan Ordusunun istifadəsinə "Sakarya", "Smerç" yaylım atəşli reaktiv sistemləri, 120 mm "Sani" minaatan kompleksləri, "Toçka-U" taktiki raket kompleksləri, "BUK-1MB" zenit-raket kompleksləri, "T-90S" tankları, BMP-3, BTR-82A zirehli texnikaları, "TOS-1A" ağır odatan sistemləri, "MSTA-S" özüyeriyən artilleriya haubitsaları, "Vena" özüyeriyən artilleriya qurğuları, özüyeriyən "Pion" topları verilmişdir. 

(ardı var)

Tarix
17 Mart 2016 [19:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin