Ana səhifə
21 Sentyabr 2018

Azərbaycançılıq dövlət siyasətində strateji əhəmiyyətə malikdir

Birgə yaşamaq əzmi nəticəsində millətin və dövlətin vəhdəti və bölünməzliyi yaranıb 
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı, Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq. Bunu ümummilli lider Heydər Əliyev deyib. 
Azərbaycançılıq dövlət siyasətində strateji əhəmiyyətə malikdir. O, dövləti möhkəmləndirmək, ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq, iqtisadiyyatı modernləşdirmək, mədəniyyəti inkişaf etdirmək, hazırkı və gələcək nəsillər üçün daha da mükəmməl şərait yaratmağa, onların firavanlığını təmin etməyə yönəlib. Ümummilli ideya kimi azərbaycançılıq həm ölkə daxilində, həm də onun hüdudlarından kənardakı milyonlarla azərbaycanlını birləşdirmək qüdrətinə malikdir. Milli ideyada azərbaycanlıların etnogenezinin rolu danılmazdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev milli ideyada azərbaycanlıların etnogenezinin rolu, bu gün millətin daha çox siyasi, yoxsa etnik məzmuna malik olması, millət anlayışına yeni yanaşma, ermənlərin süni dövlətçiliyini tarixi Azərbaycan ərazilərində qurması, onların tarix boyu yer dəyişməsi, Cənubi Qafqaza necə və haçan gəlməsi məsələləri dolğun açıqlayıb. Akademik deyib: "Əvvəl ondan başlayım ki, etnogenez sadəcə etnosun mənşəyi deyildir. Bu, etnosun yaranmasından başlamış onun yox olmasına və ya homeostaz (hərəkətsizlik) vəziyyətinə keçməsinə qədər təşəkkülü prosesidir. Elmdə müəyyən edilmişdir ki, müxtəlif əcdadlardan yaranmayan etnos yoxdur. Burada düzxətli inkişaf yoxdur. Lev Qumilyovun fikrincə, etnogenez biosferə xas təbii prosesdir. Hərdənbir yaranan bu proses daimi fəaliyyətdə olan üç amil: 1) sosial-siyasi; 2) texniki; 3) coğrafi amillə yanaşı, etnik tarixin komponentlərindən biridir. Lakin etnogenezin dinamikası dördüncü amil – passionar təkan hesabına baş verir. Növdaxili forma yaranmasının bu lokal variantı tarixi və landşaft amillərinin birləşməsi ilə müəyyən edilir. Xalqların köçürülməsi, işğalçı müharibələr, ekoloji proseslər minilliklər boyu bəzi xalqların yox olmasının və digərlərinin yaranmasının, qəbilə və etnosların bir-birinə qarışmasının, dillərin və mədəniyyətlərin transformasiyasının başlıca səbəbləri olmuşdur. Bu tarixi proseslər zəngin etnik tarixə malik olan Azərbaycan xalqından da yan keçməmişdir". Onun sözlərinə görə, əlverişli iqlim şəraiti sayəsində Cənubi Qafqaz insanların qədim məskəni olub. Müasir Azərbaycanın ərazisində çoxlu dövlətlər və etnoslar yaranıb və yox olub, onların hər biri Azərbaycan tarixində öz izini qoyub. "Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks etdirən qaynar qazan kimi formalaşıb. Burada güclü türk təməli ilə yanaşı İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb ediblər. Qətiyyətlə demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim əcdadlarımızın da qanı axır. Bu, reallıqdır. Bunu etiraf etməyi antropologiya – insanın mənşəyi və təkamülü, irqlərin yaranması və insanın fiziki quruluşunun normal variasiyaları haqqında elm öyrədir".
Ramiz Mehtiyevin sözlərinə görə, tarix bu gün haqlı olaraq azərbaycanlıların əcdadları hesab edilən xalqların və qədim dövlətlərin mövcud olmasını təsdiq edən çoxsaylı sübutlar verir. "Kuti və lulubeylərin qədim qəbilə ittifaqları, Manna və Midiya, Atropaten və Qafqaz Albaniyası dövlətlərinin birləşdirdiyi etnoslar, Strabonun öz mənbələrində sadaladığı qəbilələr tarixi Azərbaycan ərazisində müxtəlifdilli çoxsaylı qəbilə və xalqların birgə yaşamasını təsdiqləyən nümunələrdir. Bütün bu xalqlar bizim etnik əcdadlarımızdır, şüurumuzun tərkib hissəsidir.
Millətin yaranmasında passionar rol oynamış türk elementi zaman keçdikcə ən çoxsaylı element olub. Bu amilin sayəsində, eləcə də qarşısıalınmaz daxili fəaliyyət istəyi nəticəsində türk elementi etnosların Azərbaycan milləti şəklində birləşməsindən ibarət uzun sürən prosesdə üstünlük təşkil edib. Bütün bunlar azərbaycanlıların etnik xəritəsində nəzərəçarpacaq iz qoyub. Millət haqqında bu cür anlayış bütün müasir millət-dövlətlərin elmi izahına tam müvafiqdir. Bu anlayışa görə, müəyyən dövlətin bütün vətəndaşları bir xalq, bir millət təşkil edir.
Heç şübhəsiz, Azərbaycan xalqı türkdilli xalqlar ailəsinə mənsubdur. Bu xalqların formalaşmasında müxtəlif etnik elementlər iştirak edib. Məsələn, türkmənlərin, azərbaycanlıların və türklərin dilləri çox yaxındır, lakin bu xalqların hər biri XXI əsrə özlərinin qədim əcdadları, xüsusən Oğuz tayfaları ilə yanaşı, onların yaşadığı regionda məskunlaşan müxtəlif etnik qrupların “çiyinlərində” gəlib. Biz onların təsirini, necə deyərlər, hər addımda hiss edirik: söz tərkibində, ənənələrin və mədəniyyətin elementlərində, məişətdə, çox vaxt onların nümayəndələrinin zahiri elementlərində və s.
Bu gün azərbaycanlılar minilliklər boyu bu ərazidə mövcud olmuş bütün dövlətlərin və orada məskunlaşmış xalqların obyektiv xələfləri və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Etnik müxtəliflik Azərbaycan xalqının zəngin sərvətidir. Bu sərvəti qorumaq lazımdır. Azərbaycançılıq ideologiyasının təməli olan güclü birləşdirici başlanğıc hər bir vətəndaşın öz Vətəninə görə keçmiş və gələcək nəsillər qarşısında məsuliyyət daşıyıcısı olması üçün əlverişli şərait yaradır.
Ramiz Mehdiyev bildirib ki, son iki yüz ildə “millət” anlayışı əsaslı dəyişikliklərə məruz qalıb. "XIX əsrdə Azərbaycanda “millət” anlayışı müstəsna dini kontekstə malik idi. Millət və ümmə tamamilə eyniləşdirilirdi və millət anlayışı insanların dini prinsip üzrə daha geniş mənada birləşməsi demək idi. Milli təfəkkürün təkamülündən sonra “millət” anlayışı dini tərkib hissə ilə yanaşı, həm də tədricən prioritet xarakter almış sosiomədəni tərkib hissəsini əhatə etmişdir. Millətin etnik məzmunu yaranmış və bu, XX əsrin əvvəlində milli azadlıq hərəkatının proqramına daxil edilib. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradılarkən “millət” anlayışının siyasi məzmun kəsb etməsi reallıq idi, o vaxt hakim siyasi qüvvə milli, dini və sinfi mənsubiyyətindən asılı olmayaraq bütün sosial qruplara ümumi dövlətin problemlərinin həllində iştirak etmək imkanı veribdi. Sovet dövrü Azərbaycanın tarixində etniklikdən uzaqlaşma və “sovet vətəndaşı” deyilən süni millətə keçid ilə əlamətdar olub. Bu terminə sırf siyasi məna vermək cəhdi uğursuz oldu.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi nəticəsində “biz kimik?” mövzusunda müzakirələr yenidən geniş miqyas aldı. Kollektiv identifikasiya formalarından biri olan etnik identifikasiya prioritet əhəmiyyət qazanırdı. Yetmiş il ərzində etnikliyin təkzib edilməsinə cavab olaraq bu komponent qısa müddətdə güclü təkan alıb və ifrat dərəcəyə çatıb. Lakin respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi. Buna görə də identifikasiyanın bu formasının qətiyyətli seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dini identifikasiyası mövzusunda debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini zəiflədir, onu etnik əlamət üzrə parçalanmaya doğru sürükləyirdi. Yalnız Azərbaycançılığı vətəndaşlığın dövlət formasının etniklik üzərində prioriteti kimi seçmiş Heydər Əliyevin bu prosesə vaxtında müdaxilə etməsi problemin kəskinliyini aradan qaldırdı. Eyni zamanda, dövlətin adı ilə eyniləşdirilmiş millətin adı qorunub saxlandı".
 Millət anlayışına yeni yanaşma: birgə yaşamaq əzmi və bunun nəticəsi kimi millətin və dövlətin vəhdəti və bölünməzliyi yaranıb. Heydər Əliyev bu barədə deyib: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Bu gün Azərbaycan müsbət təcrübəni uğurla tətbiq edir. Təsadüfi deyildir ki, “kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır. Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilib və universal dəyərlərin daşıyıcısı statusu qazanıb.

 

Tarix
16 Mart 2016 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin