Ana səhifə
14 Noyabr 2018

«Ordumuz düşmənin başını qaldırmağa belə imkan vermirlər»

Zakir Həsənov: «Günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik»

Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyətinə xüsusi bir mesaj ünvanlayıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olub. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşayıb, yaradıb. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq".
Prezident bildirib ki, ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul edib. Təəssüf ki, bu qətnamələr həyata keçirilməyib.
«Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür. Dövlət başçısı bəyan edib ki, bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur. Bunun başlıca səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmiş ərazilərin özlərinin qeyri-qanuni nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər.Bu isə mümkünsüzdür – status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üç ölkə - Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrlə çıxış edərək status-kvonun qəbuledilməz və dəyişməli olduğunu bəyan edib. Buna nail olmaq üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır».
Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli olmalıdır və bu istiqamətdə proses davam edir. «Beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük - təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur».
Prezident əlavə edir ki, beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər  amillər var: tarixi, hüquqi və siyasi. Bir sözlə, həm tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib.  Digər beynəlxalq təşkilatlar  da müvafiq qərar və qətnamələr qəbul ediblər və həmin sənədlər artıq çox möhkəm hüquqi zəmindir.  Bütün bunları nəzərə alan Prezident xəbərdarlıq edir ki,  Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir: “Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ Respublikasını” müstəqil qurum kimi tanımayacaqdır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant yoxdur!»Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik”,-dövlət başçısı deyib.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır, lakirn bu mümkün olmasa hərbi yolla həll olunması gündəmə gələcək. Azərbaycanın buna nail olmaq üçün hər cür şəraiti var. Artıq ölkəmiz güclü dövlətə çevrilib. Aparılan uğurlu xarici və daxili siyasət sayəsində güclü ordu yaratmışıq. Bu ordu qarşısına qoyulan  istənilən tapşırığı yerinə yetirməyə qadirdi. Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı tədbirində müdafiə naziri, general-polkovnik Zakir Həsənov da bildirib. Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: "Ali Baş Komandan tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz bu gün növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Cari ildə ilk yeni tikilmiş və bütün infrastrukturla təmin olunmuş hərbi hissənin açılışını həyata keçiririk. Bu quruculuq işləri və orduda həyata keçirilən islahatlar mərhələli surətdə davam etdiriləcəkdir. Planlaşdırdığımız kimi ötən il ərzində on hərbi şəhərciyi istifadəyə verdik. Bu il də plana uyğun olaraq ondan çox müasir hərbi şəhərciyin inşa edilib şəxsi heyətin istifadəsinə verilməsini nəzərdə tutmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, dövlətimiz Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işini biz bu il də davam etdirəcəyik. Şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə- gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir.
Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır. Cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir. Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik.
Mən bütün şəxsi heyəti yeni hərbi şəhərciyin açılışı və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Əminəm ki, əsgər və zabitlərimiz Azərbaycan xalqının, ölkə rəhbərliyinin etimadını doğruldacaq, döyüş hazırlığını yüksək səviyyədə nümayiş etdirməklə qələbəmizi yaxınlaşdıracaq".

Tarix
11 Mart 2016 [19:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin