Ana səhifə
13 Noyabr 2018

Ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı təmin olunub

Bu,  dövlətimizə imkan verir ki, xarici arenada öz  kəsərli sözünü desin və maraqlarımızı yüksək səviyyədə müdafiə etsin
Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olub.
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirib. Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb edib.
Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilib, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilib. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalıb, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərib.
Ölkəmizin uğurlu  sosial-iqtisadi inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması dövlətimizə  imkan verir ki, xarici arenada da öz  kəsərli sözümüzü deyək və maraqlarımızı  yüksək səviyyədə müdafiə edək.   Bu, bir faktdır ki, dövlət başçımızın qətiyyəti nəticəsində son illər həm siyasi, həm də iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olub. Dünya iqtisadi-siyasi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməsidir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. 2003-2015-cü illər Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub və bu illər ərzində ölkəmiz istər siyasi, istərsə də iqtisadi sahədə böyük uğurlara imza atıb. Bu uğurlar heç şübhəsiz ki, bugünkü Azərbaycan reallıqlarını əks etdirir. gənc müstəqil dövlət kimi ölkəmizin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və beynəlxalq aləmlə yaratdığı geosiyasi münasibətlərdən asılıdır. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. İqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq.
 Xarici siyasətin  uğurla icra edilməsi üçün isə mütləq hər dövlətin özünə layiq tərəfdaşları olmalıdır. Bu baxımdan fəxr edə bilərik ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilib. Beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbətin nəticəsidir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına seçkilər zamanı tarixi bir nailiyyətə imza atıb.  Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğur idi.  Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə namizədliyimizi dəstəkləmiş və bizə inanmışdır.
 Həm Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etməyimiz, həm də, ümumiyyətlə, beynəlxalq təşkilatlarla əməkdaşlığımız  imicimizi  müsbət mənada çox dəyişmişdir. Yəni Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və  təbii ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına  dövlətimizin  beynəlxalq arenadakı  mövqeyi daha da möhkəmləndiriləcək.
Prezident  İlham Əliyevin yürütdüyü düşünülmüş və müstəqil xarici siyasətin əsas prioritetlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır.  Təəssüf ki,  rəsmi Bakının bütün cəhdlərinə və səylərinə baxmayaraq, geridə qalan müddət ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır.  Doğrudur, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən bu məzmunlu  müxtəlif bəyanatlar səslənmiş,  Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq hələlik konkret heç bir nəticə yoxdur.  Şübhəsiz, indiyə qədər müşahidə olunan uğursuzluqların başlıca  səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Dövlət başçımızın dönə-dönə beynəlxalq təşkilatların tribunasından səsləndirdiyi kimi dünya  ictimaiyyəti  və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bu isə o deməkdir ki,  məsələ ilə məşğul olan vasitəçilər vəziyyəti olduğu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın.
Rəsmi İrəvanın münaqişənin həllinə münasibəti bütün dünyanın gözü qabağındadır. Ermənistanın işğalşılıq siyasətindən əl çəkə bilməyən mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın.  Prezident İlham Əliyevin də qeyd etdiyi kimi məsələnin həlli başqa yolla da mümkündür. Bunu  bizim dövlət heç vaxt inkar etməmişdir və açıq bəyan edirik  ki, hərbi yol da istisna deyil. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, müvafiq qurumların yaratdığı  beynəlxalq hüquq işləmir.  Bu gün biz  Prezident İlham Əliyevin müəyyən etdiyi prinsiplər əsasında hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik.  Ancaq bu variantın seçilməsi üçün də səbr və təmkin nümayiş etdiririk. Dövlət başçımız hesab edir ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışırıq ki, məsələ dinc yolla həll edilsin. Dövlət başçımızın bu ilin iyul ayında diplomatik missiya rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirədə söylədiyi kimi, bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.


 

Tarix
10 Mart 2016 [19:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin