Ana səhifə
14 Noyabr 2018

"Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir"

O müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi ilə bağlı belə bir fikir səslənirdi ki, ölkəmiz Şərqlə Qərb arasında mənəvi körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, həm də multikulturalizm məkanına çevrilmişik. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir. Bu sözləri Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov deyib. Onun sözlərinə görə, müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.
Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir.
Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində deyib: "Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar".
Azərbaycan isə son illərdə bu sahədə aparılan müzakirələrin sadəcə iştirakçısı qismində çıxış etmir, eyni zamanda, bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənləşdirilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir. Məsələn, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində Pio-Klementino muzeyində olub. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub. « Mən çox xoşbəxt adamam ki, dəfələrlə Vatikanın muzeylərində olmuşam və hər dəfə buraya gələndə fikirləşirəm ki, mən nə zaman yenidən buraya dönəcəyəm. Fəxr edirəm ki, rəhbərlik etdiyim Fond burada qorunan abidələrin bərpasına öz kiçik töhfəsini verir. Mən sizə bu əməkdaşlığa görə minnətdarlığımı bildirirəm».
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Apostol Kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxıb.. Sivilizasiyalararası münasibətlərdə belə əməkdaşlığın böyük rol oynadığını bildirən Heydər Əliyev Fondunun prezidenti deyib: « Xüsusən də müasir dünyada belə münasibətlər - dinlərarası, sivilizasiyalararası, xalqlararası münasibətlərdə bu cür əməkdaşlıq çox böyük rol oynayır. Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edirik. Biz mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq. Öz dininə hörməti olan insan hər zaman digər dinlərə hörmətlə yanaşır. Sonda qeyd etmək istəyirəm, mən fəxr edirəm ki, Azərbaycan dövləti xristian aləminin dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verir».
Mehriban Əliyeva bildirib ki, ölkəmiz hər zaman dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olub. «Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə baş verməyib. Heydər Əliyev Fondu bu cür işləri həm ölkədə, həm də dünyanın müxtəlif yerlərində həyata keçirib. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası isə Azərbaycan ilə Vatikan arasındakı yüksək səviyyəli əməkdaşlığın nümunəsidir».
 Azərbaycanın multikulturalizmə önəm verdiyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olduqdan sonra da deyib: «Bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, nümayəndələr iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qoruyub, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir. Bir neçə il bundan əvvəl dini mədəniyyət abidəsinin yenidən qurulması və əsaslı təmiri üçün mənim tərəfimdən müvafiq Sərəncam imzalanıüb, işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Yeni məscid, mərasim zalı, inzibati binalar tikilmişdir, ərazi genişləndirilmişdir. Bu, Azərbaycan dövlətinin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilmişdir. Pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilmişdir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. 2014-cü ildə ölkəmizin ən böyük məscidi – Heydər Məscidi tikilib ki, bu da müsəlman aləminin mühüm tarixi, memarlıq və dini abidəsidir.

Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir.
Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun»
(ardı var)

Tarix
9 Mart 2016 [19:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin