Ana səhifə
16 Oktyabr 2018

"Ölkədə valyutadəyişmə sistemini formalaşdırmaq lazımdır"

Mərkəzi Bankın uçot dərəcəsini 7%-ə qaldırması xəbəri bu gün hər kəsin diqqətini çəkdi. Bəziləri ciddi narahat oldular. Bankın izahatına görə, makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alaraq, faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçiriblər. Təbii ki, bu izahat sadə vətəndaş üçün aydın olmadı. Lent.az-ın Mərkəzi Bankın son qərarı və ümumiyyətlə ölkədəki bəzi nigarançılıqlara səbəb olan iqtisadi vəziyyətlə bağlı suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov cavablandırdı:
 
- Mərkəzi Bank son bir ayda ikinci dəfə uçot dərəcələrinin artırılması ilə bağlı qərar verdi. Bu qərarın qəbul edilməsi hansı məqsəddən irəli gəldi və yaxın gələcək üçün hansı nəticələr verə bilər?
 

- Mərkəzi Bank bu qərarla manatla yığımların artırılmasına çalışır. Bununla Mərkəzi Bank manatla yığımlara daha yüksək faiz təklif edir. Daha çox faiz təklif etməklə isə çalışır ki, manatla yığımlar artsın və bu da hazırkı durum üçün prioritet məsələdir. Həmçinin Mərkəzi Bank uçot dərəcəsini artırmaqla mərkəzləşdirilmiş kredit faizləri üzrə təkliflərini özü üçün cəlbedici, rentabelli etməyə çalışır. Uçot dərəcəsinin artırılması isə Mərkəzi Bankın buna uyğun olaraq bölüşdürdüyü kreditlərin daha yüksək faizlə təklif edilməsi deməkdir. Bununla da Mərkəzi Bank kommersiya banklarına daha çox kredit verməlidir ki, onların manat ehtiyatı çoxalsın və manatla daha çox kredit təklif edə bilsinlər. Burda da əsas məqsəd dollarla kreditləşmənin həcmini məhdudlaşdırmaqdır.
 
 - Mərkəzi Bankın bu qərarı əhaliyə verilən kreditlərin faizlərinin dərəcəsinə necə təsir göstərəcək?
 
- Güman etmirəm ki, kommersiya banklarının təklif etdiyi kreditlərin faizində artımlar olsun. Çünki Mərkəzi Bankın uçot dərəcəsi 7 faizə qaldırılsa da, kommersiya banklarının verdiyi mikrokreditlərin faizi 25-dir, istehlak kreditləri isə 29 faizlə verilir. Uçot dərəcəsi artırılsa da belə, mikrokreditlərin faiz dərəcəsi ilə bağlı 3,5, istehlak kreditlərinin faizlərində isə 4,2 dəfə fərq var. Deməli Mərkəzi Bankın uçot dərəcəsinin artırılması əhaliyə verilən kreditlərin faizlərinin artmasına heç də səbəb olmalıdır. Banklar da kreditlərin faiz dərəcəsinin yuxarı həddini dəyişməməlidir.
 
- Mərkəzi Bankın uçot dərəcəsini artırması ölkədə manat kütləsinin artırılmasına xidmət etdiyi bildirilir. Bu qərardan sonra ölkədə manat kütləsi ilə bağlı vəziyyət necə olacaq?

 
- Burada Mərkəzi Bankın kommersiya banklarına mərkəzləşdirilmiş kredit verməsindən söhbət gedir. Bundan sonra Mərkəzi Bank tərəfindən mərkəzləşdirilmiş kreditlərin verilməsi artırılmalıdır. Bu ölkədə manat kütləsini artırmaq üçün əsas yoldur. Əgər Mərkəzi Bank kommersiya banklarına mərkəzləşdirilmiş kreditləri verərsə, bu bankların manat portfelinin artmasına gətirib çıxaracaq və bu sözsüz ki, dövriyyədə də manatın qəbul olunmasına şərait yaradacaq. Biz əvvəlcədən də demişdik ki, böhran iqtisadiyyatının fəlsəfəsinə uyğun olaraq Mərkəzi Bank məhdudlaşdırıcı deyil, genişləndirici siyasət həyata keçirməlidir. Mərkəzi Bank çalışmalıdır ki, real sektora isti pullar daxil olsun. Real sektora isti pulların daxil olması da kommersiya banklarının manat təminatından asılıdır. Əgər bankların manat təminatı zəifdirsə, real sektor həmin o isti pulları ala bilməyəcək. Mərkəzi Bank son uçot dərəcəsinin artırılmasından sonra birmənalı şəkildə manat kütləsinin artırılmasına başlamalıdır. Artıq manatla mərkəzləşdirilmiş kreditlərin verilməsi Mərkəzi Bank üçün də cəlbedici və rentabellidir. Və bu da real sektorun canlanmasına gətirib çıxara bilər. İndiki vəziyyətdə ölkədə real sektorun canlanmasının yeganə yolu məhz yuxarıda qeyd etdiyimiz formadadır.
 
 - Manata olan etibarın bərpası və möhkəmləndirilməsi məqsədi ilə bundan sonra hansı addımlar atıla bilər və ya atılmalıdır?
 

- Manata inamın formalaşdırılması strateji məsələdir və qısamüddətli deyil. Bu həm də Mərkəzi Banka inamın formalaşmasından keçir. Yəni Mərkəzi Banka olan inam da tam formalaşmalıdır ki, manata da inam möhkəmlənsin. Biz əvvəldən də təklif etmişdik ki, Mərkəzi Bank manatla olan əmanətlərə güzəşt tətbiq etsin. Çox təəssüf ki, Mərkəzi Bank buna getmədi, amma bu çox vacib idi. Əgər birinci devalvasiyadan əvvəl Mərkəzi Bank manatla olan əmanətləri indeksasiya etsəydi, bu zaman nə banklardakı manatla olan əmanətlər geri çəkilərdi, nə də vətəndaşlar evdəki pullarını dollara çevirməkdə maraqlı olardı. İndeksasiya gerçəkləşsəydi manata olan təzyiq kəskin şəkildə azalardı və inam formalaşdırardı. Nəzərə alaq ki, oxşar praktika Qazaxıstan da daxil olmaqla bir sıra ölkələrdə tətbiq edilib. Düşünürəm ki, yenə də gec deyil və Mərkəzi Bank manatla olan əmanətlərin indeksasiyası üzərində düşünməlidir. Güman edirəm ki, bunun üçün yenə də imkanlar var. Ümumiyyətlə, manata olan inam çox strateji olacaq. 90-cı illərin əvvəllərində manata inam yox idi, amma sonrakı illərdə manatın davamlı möhkəmlənməsi inam formalaşdırdı və bütün yığımların demək olar ki, milli valyuta ilə həyata keçirilməsinə gətirib çıxardı. Bu həm də ölkənin qeyri-neft sektorunun inkişafından, ölkəyə valyuta axının yaranmasından asılı olan məsələdir. Ümumiyyətlə, düşünürəm ki, Mərkəzi Bankın uçot dərəcələrini artırması, mərkəzləşdirilmiş kreditləşmə sistemini yaratması manata olan inamın dəstəklənməsinə xidmət edə bilər və etməlidir. Eyni zamanda bu məsələ ölkə iqtisadiyyatının vəziyyətindən, qeyri-neft sektorunun ixrac potensialının artırılmasından asılı olacaq.
 
- Mərkəzi Bankın bəzi səlahiyyətlərini itirməsi və Maliyyə Bazarlarına Nəzarət Palatasının banklar qarşısında yeni tələblər qoyması bu sahədəki vəziyyətə necə təsir edəcək?
 
- Mərkəzi bankın səlahiyyətlərinin yeni yaradılmış palataya verilməsini doğru addım sayıram. Burada həm iqtisadi, həm də psixoloji faktorlar var. Psixoloji məqam ondan ibarətdir ki, ölkədə baş verən iki devalvasiyadan sonra Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranmışdı. Banklara nəzarətin gücləndirilməsinə gəlincə, bu da çox vacibdir. Problemli kreditlərin həcminin artması və dollarlaşma prosesi kimi məsələlərin qarşısını Mərkəzi Bank ala bilmədi. Səlahiyyətlərin palataya verilməsinə gəlincə, bu yeni bir qurumdur və digər qurumlardan fərqli olaraq publik hüquqi şəxsdir. Bunlar da həmin palataya yeni manevr imkanları verir. Palata həm xidmət müqaviləsi ilə insanları cəlb edə, həm borclana, hətta özü də maliyyə bazarına daxil ola bilər. Beləliklə bu palatanın səlahiyyətləri geniş olacaq. Banklara nəzarətin gücləndirilməsinə gəlincə, bunlar iqtisadiyyatın mühərrikidir. Əgər iki devalvasiyadan sonra bank sektoru mövqelərini qoruyub saxlaya bilmirsə bu ölkə iqtisadiyyatının mühərrikinin xarab olması deməkdir. Ona görə banklara nəzarətin gücləndirilməsi və bank öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin artırılmasına, verilmiş kreditlərin qaytarılması üçün yeni mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. Əgər bank vətəndaşa verdiyi krediti geri ala bilməyəcəksə, digər vətəndaşın bu banka qoyduğu əmanəti də qaytarmaq iqtidarında olmayacaq. Ona görə də Qazaxıstanda, Qırğızıstanda olduğu kimi müəyyən kompensasiya mexanizmlərinin yaradılması, yaranmış fərqin 3 tərəf arasında bölüşdürülməsinə ehtiyac var. Yardım etmək lazımdır ki, banklar kifayət qədər böyük kredit portfelinin geri qaytara bilsin.
 
- Artıq manat mart ayında dollar qarşısında 2 faizdən artıq dəyər itirib. Dolların bahalaşması davam edə bilərmi?
 
- Bəli, ümumiyyətlə, Mərkəzi Bank qabaqlayıcı addımlar atmalıdır. Mart bayramlar ayıdır və bir həftədən artıq qeyri-iş günü olacaq. Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti artıq ləğv edildiyinə görə, yalnız bank və bank şöbələri valyuta satışı ilə məşğul olur. Yəni bu o deməkdir ki, bayram günlərində həmin bank və bank şöbələri də işləməyəcək. Dollar alıb-satmaq istəyən şəxslərə ciddi problemlər yaranacaq. Beləliklə, qara bazarın yaranma ehtimalı böyükdür. Ümumiyyətlə, ölkədə valyutadəyişmə sistemini formalaşdırmaq lazımdır. Hazırda bu sahədə çox ciddi problemlər var. Xüsusi ilə insanlar şənbə-bazar günləri banklar işləmədiyi üçün çətinlik çəkir. Əgər Mərkəzi Bank qarşıdakı istirahət günləri ilə bağlı hər hansı tədbirlər görməsə, valyutadəyişmə mexanizmi formalaşdırılmasa manatın məzənnəsinə təzyiqlərin yaranması və manatın hissediləcək dərəcədə dəyər itirməsi qaçılmazdır.
 
- Son günlərdə dünya bazarında neftin qiyməti 35-37 dollar arasında sabitləşib və bahalaşma tempi müşahidə edilir. Yaxın gələcək üçün neftin qiyməti ilə bağlı hansı proqnozlar var?
 
- Deyirlər ki, neftin qiyməti 40 dollardan artıqdırsa, iqtisadçılar, 40 dollardan aşağıdırsa bu barədə siyasətçilər proqnoz verməlidirlər. Hələ ki, neftin qiyməti siyasətçilərin proqnozlaşdıracağı səviyyədədir. İndiki vəziyyətdə neftin qiymətindəki artım bir çox ölkələrin hasilatı dondurması, OPEK-in bazara çıxarılan neftin həcminin azaldılacağı ilə bağlı açıqlamalar yayması, eyni zamanda ABŞ-da hasilatın azalması, istehlakın artması, yaz-yay mövsümi ilə bağlı benzinə tələbatın artması ilə bağlıdır. Həmçinin bir çox istehsalçı ölkələr də neftin kəskin bahalaşmasında maraqlı deyil. Çünki neft bahalaşdıqca alternativ enerji ehtiyatlarının axtarışı və şist neftindən istifadə artır. İndiki şəraitdə istehsalçı ölkələr üçün neftin qiyməti 40-50 dollar arası stabilləşərsə bu həmin ölkələr üçün cəlbedici qiymət ola bilər. Çünki bu gün əsas məqsəd qiymətin stabilləşməsidir. Neft ölkələri üçün neftin qiymətinin stabilləşməsi çox vacibdir. Həm bu ölkələr öz xərc və gəlirlərini hesablaya bilər , həm də investorlar öz gəlir-çıxarlarını müəyyənləşdirərlər. Amma bütün tədbirlərə baxmayaraq vəziyyət başqa cürdür. Dünya bazarında neftə olan tələbin 94 milyon barel olmasına baxmayaraq təklifin 97 milyon barel olması öz təsirini göstərir.

Tarix
4 Mart 2016 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin