Ana səhifə
24 Sentyabr 2018

Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir

Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir
Azərbaycan iqtisadi uğurları ilə yanaşı, həm də müstəqil xarici siyasəti ilə dünya miqyasında maraq və mənafelərini layiqincə müdafiə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini son illərdə daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləyib. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.
Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi və bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib.. 2003-2013-ci illərdə respublikada təşkil olunmuş çoxsaylı mötəbər beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə etməklə, rəsmi Bakının xarici əlaqələrinə ciddi təkan verib. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana üstünlük verilir. Dövlət başçı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç zaman indiki kimi güclü olmamışdır: “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin”. Bu uğurlu nəticənin alıınmasının təməlində Azərbaycançılıq ideologiyası durur.
Bütün bunlarla yanaşı, Azərbaycanın dövlət müstəqilliyi üçün müəyyən təhdidlərin hər zaman mövcudluğunu, lakin xalq-iqtidar birliyi qarşısında belə cəhdlərin uğursuzluğa düçar olduğunu da açıq demək lazımdır.  Azərbaycan bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışırlar. “İkili standartlar”ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının güclənməsini qətiyyən arzulamırlar. Onlar nəyin bahasına olursa-olsun, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyirlər. Bu məqsədlə ənənəvi olaraq yenə də “demokratiya bayrağı” əldə dəstəvuz edilir.
Azərbaycanla bağlı ən adi məsələlərin belə şişirdilməsinin, qərəzli şəkildə təqdim olunmasının arxasında müəyyən geopolitik niyyətlərin dayandığı heç kimə sirr deyildir. Əslində, bu proseslərin müəyyən ölkələrdə işə salınmasına cəhd göstərilən məlum ssenarilərin tərkib hissəsi olduğunu da diqqətdən qaçırmaq olmaz. Söhbət, ilk növbədə, ərəb ölkələrində həyata keçirilmiş və ya reallaşdırılmasına cəhd göstərilmiş bədnam ssenarilərdən gedir. Lakin onların bu niyyəti həyata keçə bilməz. Çünki Azərbaycanda milli birlik var, əhali azərbaycançılıq ideyası ətrafında sıx birləşib, xalq-iqtidar birliyi onların niyyətlərini puça çıxarır. Akademik R.Mehdiyevin yazdığı kimi, bu halda "vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür», güclü dövlətin və güclü, iradəli liderin ətrafında sıx birləşir. Heydər Əliyev və İlham Əliyev məhz belə liderlərdi.
Vətənimizin tarixinin ən dramatik dövründə xalqın köməyə çağırdığı ümummilli lider Heydər Əliyev milli mənafelərin katalizatoru, Azərbaycan millətinin ləyaqətinin müdafiəçisi oldu. Heydər Əliyevin dahi zəkası, siyasi istedadı və dövlətçilik iradəsi Azərbaycan dövlətini tam azadlıq və müstəqillik yoluna çıxardı. Ölkədə demokratik prosedurların institusionallaşması demokratik dəyişikliklər prosesinin nəticəsi olmuş demokratiyanın möhkəmlənməsi üçün zəruri əsas yaratdı. İlham Əliyev isə ölkəmizin iqtisadi gücününü artırmaqla yanaşı beynəlxalq mövqeyini möhkəmləndirdi. Bəd niyyətlərin puça çıxması və mövqeyimizin müxtəlif sahələrdə möhkəmlənməsi istiqamətdə ardıcıl sityasət yeritdi. Demokratik proseslərin qloballaşması (onların ən vacibləri demokratiyaya normativ münasibət və demokratik idealların kütləvi cəlbediciliyidir) ilə müəyyən olunan xarici amillərin əhəmiyyətinin get-gedə artması milli ideyanı müstəqil dövlətin inkişafının və xarici siyasi münasibətlər qurulmasının keyfiyyətcə yeni azimutları ilə zənginləşdirdi. Akademik Ramiz Mehdiyevin fikrincə, "dövlətin iqtisadi qüdrətinin fəal artması nəticəsində ictimai şüur tədricən elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar şəkildə qarşılıqlı fəaliyyət göstərir, inkişafın perspektivlərini və prioritetlərini real hiss edir". Bu elmi mövqe ilə razılaşmamaq olmaz, çünki milli ideyanın rəqabət qabiliyyətli paradiqmasının tamamilə əsaslı olmasını sübut etməsinin şahidiyik. Akademik Ramiz Mehdiyev qeyd edir ki, iqtisadi və demokratik tranzitin, dövlət həyatının bütün sahələrində innovasiyalı inkişafa keçidin intensivləşdirilməsi ideyaları getdikcə daha artıq dərəcədə rəqabətədavamlı paradiqmaya yönələrək, hakim və ictimai-siyasi elitanın şüurunda üstünlük təşkil edir. Mənə belə gəlir ki, bu prioritetləri aşağıdakı istiqamətlərdə müəyyən etmək olar: birinci, milli birliyin və müvafiq identikliyin qorunması və möhkəmlənməsi; ikinci, iqtisadi inkişafın yüksək səviyyəsinə nail olmaq; üçüncü, demokratik prinsiplərin qəbul edilməsi, əsas siyasi təsisatlara etimad, şəxsiyyətlərarası etimad, vətəndaşlıq və vətənpərvərlik hissini nəzərdə tutan mədəni norma və dəyərlərin kütləvi şəkildə yayılması. Akademik Ramiz Mehdiyev haqlı olaraq belə hesab edir ki, "Prezident İlham Əliyev ölkəyə uğurla rəhbərlik edir və dövləti yeni üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəsinə keçməyə doğru aparır. Ölkə tarazlı və ardıcıl siyasət sayəsində həm mədəni, həm də siyasi kontekstdə dünyada getdikcə daha çox uğurlar qazanır". Bu fakt Prezident İlham Əliyevin siyasi kursunun ölçülüb-biçilmiş və səmərəli olmasına dəlalət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli ideya milli siyasi məkanın demokratikləşməsini, hərtərəfli iqtisadi tərəqqi və inkişafı, dünya birliyinə inteqrasiyanı, habelə Azərbaycan millətinin milli ruhunu və bənzərsiz xüsusiyyətlərini qoruyub saxlamağı əks etdirir. Aydındır ki, bunlar mövqeyimizi möhkəmləndirir, ölokəmizdə yaşayan insanları birləşdirir. Belə olan halda isə məkrli niyyətli olanların istəkləri nəticəsiz qalır və Azərbaycan inkişaf edir, birliyimiz möhkəmlənir. 

 

Tarix
4 Mart 2016 [19:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin