Ana səhifə
19 Noyabr 2018

Təhsil şöbəsinin müdirindən özbaşınalıq

Salyan rayonundan olan bir qrup müəllim rayon təhsil şöbəsinin (RTŞ) müdiri Əbülfəz Bədəlovdan şikayətçidir. Onlar şöbə müdirinin özbaşınalıq etdiyini iddia edir.

Ucnoqta.az xəbər verir ki, RTŞ müdirinin istəyi ilə onların maaşından hər ay azı 10 manat tutulur. Bu pulların hara getdiyini bilən yoxdur. Şikayətçilərin sözlərinə görə, yeni dərs ilinin əvvəlində sinif bölgüsü aparılarkən sinif rəhbəri olmaq istəyən müəllimlərdən də rüşvət tələb edilib.

Şikayətçi müəllimlərin sözlərinə görə, dərs bölgüsündə də özbaşınalıq və qanunsuzluğa yol verilib. Belə ki, məktəblərdə dərs bölgüsünü əvvəllər direktorlar aparırdı. Sonradan isə bu səlahiyyət RTŞ müdirlərinə verildi. Bu addımı atmaqda məqsəd rüşvətin və özbaşınalığın qarşısını almaq idi.

Lakin indi vəziyyət daha da qəlizləşib. Məktəb direktorları dərs bölgüsü apararkən müəllimlərdən rüşvət almaqda davam edir. Ancaq əvvəlkindən fərqli olaraq bu məbləğ artırılıb. Narazı müəllimlərin sözlərinə görə, buna səbəb yığılan pulun şöbə müdirinə çatması və direktorların da bu məbləğin üstünə öz “daş-başlarını” əlavə etməsidir.

Narazı müəllimlərin sözlərinə görə, RTŞ müdiri Ə.Bədəlov məktəblərdə siniflərin sayının süni surətdə artırılması üçün də müəyyən cəhdlər göstərir. Məqsəd müəllimlərin dərs saatlarının artırılmasıdır. Şöbə müdiri əlavə dərs saatı “hədiyyə edəcəyi” müəllimlərin hər birindən bunun qarşılığında 50 manat yığılmasını istəyir. Bəzi müəllimlər dərs saatlarının artırılması şərti ilə razılaşaraq bu məbləği ödəyir. Etiraz edən müəllimlərə isə direktorlar tərəfindən xəbərdarlıq edilir ki, bu göstəriş şöbə müdiri tərəfindən verilib, ona qarşı çıxmaq olmaz. Hətta müəllimlər işdən qovulmaqla da hədələnir.

Müəllimlərin sözlərinə görə, Ə.Bədəlovun bu addımı atmasına səbəb bu ilin sonunda indi rəhbərlik etdiyi təhsil şöbəsinin ləğv ediləcəyidir. Narazı müəllimlər deyir ki, Ə.Bədəlov vəzifədə olduğu son günləri daha “məhsuldar” keçirmək üçün bu addımları atır və əvvəlki vaxtlara nisbətən “qiymətləri” də qaldırıb.

Şöbə müdirindən edilən başqa bir şikayət isə köhnə məktəbli geyimlərinin şagirdlərə zorla satılmasıdır.

Qeyd edək ki, bu il dekabrın 15-də rayon və şəhər təhsil şöbələrinin fəaliyyəti dayandırılacaq. Təhsil şöbələrinin bütün işçiləri vəzifələrindən azad ediləcək. Yanvarın 1-dən isə artıq Təhsil Nazirliyinin yerlərdəki 15 Regional İdarəsi fəaliyyətə başlayacaq. Bununla bağlı prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam da imzalanıb.

Təhsil Nazirliyinin strukturuna daxil olan həmin idarələr işə başladıqdan sonra yerlərdə təhsilin idarəolunması ilə məşğul olacaqlar. Yerlərdə təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi də artıq bu qurumların vasitəsilə həyata keçiriləcək. Hazırda isə təhsil sisteminin maliyyələşdirilməsi Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin xətti ilə həyata keçirilir.

Müəllimlərin bu ciddi ittihamları ilə bağlı şöbə müdiri Əbülfəz Bədəlovla əlaqə saxlamağa çalışdıq. Lakin Ə.Bədəlov gün ərzində etdiyimiz zənglərə cavab vermədi. Mövzuya qayıdacaq və RTŞ müdirinin də məsələyə münasibətini öyrənməyə  çalışacağıq.(Virtualaz.org)

 

Tarix
6 Oktyabr 2014 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin