Ana səhifə
14 Noyabr 2018

Azərbaycançılıq Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir

Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir

Azərbaycançılıq həm də Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliği deməkdir. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bu işin mühüm tərkib hissəsidir. Əlamətdar haldır ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir. Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün "Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir". Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər". 
Azərbaycanın milli xüsusiyyətinin dünyada təbliğində onun maddi sərvəti olan xalçaçılıq əvəzsiz rol oynayır. Qeyd edək ki, hər xalqın mədəniyyət tarixində elə sənət sahələri var ki, orada onun zəngin mənəvi aləmi əks olunub, xarakteri, intellekti, dünyagörüşü, estetikası və həyat fəlsəfəsinə xas olan köklü xüsusiyyətlər öz təcəssümünü tapıb. Azərbaycan xalqı üçün belə sənət növü xalçaçılıqdır. Ölkəmizin zəngin təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, xalqın xüsusi bədii düşüncə tərzi, nəhayət, həyat və məişət şəraiti burada xalçaçılığı hələ uzaq keçmişlərdə insan fəaliyyətinin vacib sahələrindən biri kimi üzə çıxarıb. Onu, nəsillər uzun əsrlər boyu dinamik şəkildə inkişaf etdirib, nəticədə xalça Azərbaycan mədəniyyətinin təbii və estetik ifadəsinə, mənəvi həyatın isə bədii meyarına çevrilib. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növmüxtəlifliyi deyil, onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlı olub. O, Azərbaycan incəsənətinin zəngin xəzinəsi, böyük bir sənət əsəri, bir xalqın yazılı tarixi, milli dəyəri, şifahi ədəbiyyatı və klassik dünyagörüşünün əsas mənbəyidir. Kulturoloq alim Ələkbər Məmmədovun təbirincə desək o xalqımızın milli sərvəti, estetik dəyər kəsb edən, xalq fəlsəfəsinin, milli xarakterin mahiyyətini hərtərəfli təcəssüm  etdirən həqiqi sənətdir. O, lap qədim zamanlardan harmoniyanın, ritmin və rəngin estetikasını özündə təcəssüm edirib. 
Qeyd edək ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir.  Azərbaycan Şərqdə xovlu xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub və xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilib. Orta əsrlərdə dünya bazarında naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə fərqlənən Bakı, yaxud Abşeron, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz ( 7 xalçaçılıq məktəbi) xalçacılıq məktəblərinə aid xalçalar əhəmiyyətli mövqeyə malik olub. İstər xovsuz, istərsə də xovlu xalçalar boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlıqı ilə fərqlənib, əsl sənət əsərləri kimi Azərbaycan xalçasının dünyada tanınmasına rəvac verib. Onun təsviri orta əsr Şərq miniatürlərində, İntihab dövrününün italyan, holland, flamand rəssamlarının rəngkarlıq əsərlərində əks olunub. Bu, rəssamların sənət əsərlərində özünəməxsus üslub və kolorit yaratmasına səbəb olub. Bir sözlə intibah dövrünün rəssamları Azərbaycan xalçasının incə ornamentləri, zərif və nəfis naxışları, dərin, təkrarolunmaz məzmunu, yüksək forma rəngarəngliyinə heyran qalıb. Bu gün Toskaniyanın rəsm əsərlərinə, Venesiya parçalarına bu xalçaların təsiri danılmazdır. XV əsr Niderland rəssamları Hans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda “Şirvan” xalçası, Van Eykin “Müqəddəs Məryəm” əsərində “Zeyvə xalçası”, alman rəssamı Hans Holbeynin (XV əsr) “Səfirlər” əsərində “Qazax” xalçasının təsvirləri verilib. Bunlar onu göstərir ki, Azərbaycan xalçası dünya mədəniyyətinə öz təsirini göstərib, insanlarınn estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb. 
Aydındır ki, xalçalarımızın dünya mədəniyyətində və insan sağlamlığında oynadığı rol bəzi mənşəyi məlum olmayan xalqları həmişə narahat edib. Ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması bir adətə çevrilib. Azərbaycanın vizit kartına çevrilən dəyərləri öz adlarına çıxaraq dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədi ilə ermənilərə məxsus olduqlarını göstərməyə çalışıblar və çalışırlar. Onlar xalçalarımıza sahib olmaqla özlərinin də qədim mədəniyyətə malik olduğunu sübut etməyə çalışırlar. Bunun üçün isə hər cür fıraldaqlara, alçaqlıqlara əl atırlar. Məsələn, açıq on-line ensiklopediyası olan vikipediyada mənşəyi məlum olmayan  qonşumuz erməni xalça tarixinin qədim köklərə malik olduğunu göstərib. Burada erməni xalçalarının füsunkar ornament və naxışlarından danışılır. Şəkillərdə isə Qarabağ, Qazax, Naxçıvan, hətta Təbriz xalçaları erməni xalçaları kimi göstərilir. Yazıda həmçinin erməni xalçalarının dünyanın hər bir tərəfində necə "məşhur" olmasından ağız dolusu danışılır. Bu xalçalar və naxış növləri ayrı-ayrılıqda izah edilir. Halbuki  onlar Azərbaycan xalçaçılıq məktəbinə aiddirlər. Milli naxışlarımızın ermənilərə məxsus olması iddiası isə Azərbaycana qarşı daha bir təxribatdır. Bu cür təxribatlara dünyanın müxtəlif  özəl muzeylərində də rast gəlmək olar. Tez-tez xarici səfərdə olan sənətşünaslıq üzrə fəlsəfə doktoru Eldar İdrisov bunun şahidi olub. «Varşavada xalça muzeyinə getmişdim. Erməni əsilli isveçrəlinin (onun həyat yoldaşı polyak olub) kolleksiyası əsasında yaradılmış muzeydə Azərbaycana məxsus xalçalar nümayiş olunurdu. Xalçaların incəliyindən adam heyrətə gəlirdi. Maraqlıdır ki, forma zənginliyinə və rənglərin əlvanlığına görə fərqlənən Qarabağ xalçası erməni xalçası kimi təqdim olunurdu. Halbuki ermənilərdə xalçaçılıq sənəti olmayıb. Onların əsas hissəsi Qarabağa 1813-cü ildə Türkmənçay müqavilələrindən sonra gəliblər. İlk dövrdə ermənilər azərbaycanlılara xalça üçün sifarişlər veriblər. Bəzən isə xalçada erməni hərflərinin toxunmasını xahiş ediblər. Tədricən onlar azərbaycanlılardan xalça toxumağı da öyrəniblər. Bu gün erməni qadınlarının toxuduğu xalçalardakı ilmələr türk ilmələridir. Yaşları da o qədər çox deyil».
Qarabağlı xalça toxucusu Zeynəb Əliyevanın sözlərinə görə, ermənilər xalçalara xaç əlavə etməklə onlrı özünküləşdirmək istəyirlər. Eyni vəziyyətə Portuqaliyada da rast gəlinib. Ölkəmizə aid bir çox tarixi-milli əsər erməni milyonçusu Kalust Gülbenktyanın Portuqaliyadakı müzeyində saxlanılır. Azərbaycanın Səfəvilər dövlətinə məxsus 16-cı əsrə aid medalyon xalça burada Azərbaycan xalçası kimi deyil, təhrif olunaraq fars xalçası kimi təqdim olunur.
(ardı var)

 

Tarix
24 Fevral 2016 [19:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin