Ana səhifə
15 Noyabr 2018

Azərbaycançılıq müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşmasından keçir

Tarix boyu ölkəmizdə bütün xalqları və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib

 Azərbaycançılıq müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. "Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.  Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinə və millətlərə məxsus insanlar anlaşma, bir-birinə hörmət şəraitində yaşayır. Bu  həm də dünya ölkələrinə bir nümunədir. Bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət KomitəSinin sədri M.Qurbanlı qeyd edib ki, prioritetlər beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək və ədaləti qorumaqdır. 
Komitə sədrinin sözlərinə görə, mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizm və dini radikalizm nəticəsində meydana çıxmış münaqişələrin həll edilməsi, eləcə də regionda və dünyada sülh və əmin-amanlığın tam bərqərar olmasıdır: "Bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız Avropa Şurasının üzvü olan bir dövlətin digərinə təcavüzü kimi deyil, eyni zamanda, böyük regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir".
O, həmçinin əlavə edib ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə yaşayırlar. Tarix boyu ölkəmizdə bütün xalqları və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb: "Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu dəyərlər sistemi daha da güclənməkdədir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan və etiqad azadlığı da konstitusion təminat altındadır".
M.Qurbanlı bildirib ki, bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri - məscid, kilsə, sinaqoq və s. azad və dözümlülük şəraitində fəaliyyət göstərir: "Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların təmir və bərpasına dəstək verməklə yanaşı, xristian və yəhudi abidələrinin restavrasiyasına da xüsusi diqqət göstərir".
O, qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq üçün böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri heç şübhəsiz Avropa Şurasıdır. İqtisadi və siyasi sahədə həyata keçirilmiş uğurlu islahatlar Azərbaycanın regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsini təmin etməklə yanaşı, ölkəmizi böyük Avropa ailəsinin də layiqli üzvünə çevirib: "Unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi biz mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşır, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində bir çox təşəbbüslər vasitəsilə Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizə istiqamətində fəaliyyətimizi davam etdiririk. Bügünkü Avropada müxtəlif tərkibli cəmiyyətlərin sayı getdikcə artır. Buna görə də bizim hökumətlərimizin diqqət ayırmalı olduğu əsas məsələ mədəni müxtəlifliyin ən yaxşı şəkildə idarə olunması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsidir. Bu məsələ Avropanın iqtisadi böhranla üzləşdiyi və bəzi insanların bu sıxıntıların səbəbkarını axtardığı bir zamanda daha da aktualdır".
Azərbaycanda müxtəlif dinlər, millətlər dinc, yanaşı yaşayır. Azərbaycanla Ermənistan arasında münaqişə də dini məsələ deyil. Bu, Ermənistanın təcavüzüdür. Ermənistan bunu din pərdəsi altında malalamaq istəyir. 
DQİDK sədri qeyd edib ki, Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların Bakının mərkəzindəki dini məbədi də yüksək səviyyədə qorunub saxlanır.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına sədrliyi dövründə bir neçə tədbirlərə ev sahibliyi edib və edəcək. AŞ-də mədəniyyətlərarası dialoqla bağlı müxtəlif tədbirlər keçirilib: "Azərbaycanda konfessiyaların azad şəraiti hamı tərəfindən etiraf olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, icmalar azad şəkildə fəaliyyət göstərir. AŞ-dən gələn nümayəndələr Azərbaycanda dinlər, dini icmalarla bağlı vəziyyət barədə müsbət fikirdədirlər".
"Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi"nin Prezidenti Fiorello Provera da Azərbaycanın müxtəlif dinlərin birgə mövcudluğu sahəsində böyük təcrübəyə və bu təcrübənin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bəli, bu gün Azərbaycanda dini azadlıqlara yüksək zəmanət verilir. Burada bütün dinlərin nümayəndələri üçün bərabər, yaxşı şərait yaradılıb. Dünya ölkələrinin bizdən öyrənməsi, bizim təcrübəmizdən istifadə etməsinə ehtiyacı var.

Qeyd edək ki, tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir.  Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır, çünki tolerantlığın olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. .

Tarix
22 Fevral 2016 [19:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin