Ana səhifə
20 Noyabr 2018

Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb

Bu ideya müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir. Azərbaycançılıq həm də müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. "Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Din xadimi olaraq şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Şükürlər olsun, Azərbaycan dövlət başçımızın siyasəti sayəsində Qafqazın lider dövlətinə çevrilib".
QMİ sədri bildirib ki, dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçəkliyidir: "Bu amala həm dövlətimiz ali qarantdır, həm də milli mentalitetimiz rəvac verir. Əlbəttə, ölkəmizin bu sahədə dünyaya örnək ola biləcək uğurlarını Azərbaycanda din-dövlət münasibələrinin düzgün qurulması şərtləndirir. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Müxtəlif dinlərin təmsilçiləri hər zaman bir arada olur, sevinclərini, kədərlərini bölüşür, müxtəlif məzhəblərin ardıcılları eyni məsciddə ibadət edirlər. Azərbaycanda din xadimlərinə, dini ibadət yerlərinə dövlətimizin başçısı tərəfindən yüksək diqqət və qayğı göstərilir". Bunun nəticəsidir ki. Azərbaycanda müxtəlif dinin nümayəndələri mehribanlıqla yaşayırlar.
Qeyd edək ki, Azərbaycanda ən geniş yayılmış din islamdır. Əhalinin 96 faizi müsəlmandır (85 faizi şiə, 15 faizi sünni ). Ölkədə bundan başqa xristianlıq və iudaizm dinləri də mövcuddur. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. 
Məlumat üçün bildirək ki, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilib, son 10 il ərzində 80 məscid əsaslı təmir edilib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb.
Tarixçilə bildirir ki, yəhudilərin Azərbaycanda yaşamasının təxminən iki min il yaşı olduğunu qeyd edirlər. Azərbaycanda məskunlaşmış yəhudilərə qarşı nə tarixən, nə də müasir dövrdə heç bir düşmən münasibəti faktı aşkarlanmayıb. Bu da yerli əhalinin tarixi ənənəyə əsaslanan etnik konfessiyalara dözümlülüyündən irəli gəlir. Buna sübut kimi Quba rayonunda yerləşən məşhur "Qırmızı qəsəbə"də 1920-ci ildə 11 sinaqoqun olması faktıdır. Burada indiyədək təxminən 4000 dağ yəhudisi yaşayır. Bu qəsəbə bütün postsovet məkanında yəhudilərin kompakt şəkildə yaşadığı yeganə yerdir.
Rəsmi mənbələrdə və mətbuatda qeyd edilir ki, bu gün Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi (avropalı) yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Dini icmaların verdiyi məlumata görə, bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-ni dağ yəhudiləridir ki, təxminən 6.000-ni Bakıda, 4.000-ni Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudilərinin sayı isə təxminən 700 nəfərdir. Hazırda Azərbaycanda 5 sinaqoq fəaliyyət göstərir (o cümlədən Bakıda 3, Quba və Oğuzda hər birində 1).
Xristianlığa gəldikdə isə, demək olar ki, Azərbaycanda xristianlıq təxminən 1700 il bundan əvvəl yaranıb. 313-cü ildə Urnayr çarın başçılığı ilə alban xalqının xristianlığı qəbul etməsi nəticəsində bu din Qafqaz Albaniyasında dövlət dini olub. Sonralar ölkə əhalisinin əksəriyyətinin islam dinini qəbul etməsinə baxmayaraq, Azərbaycanda müxtəlif konfessiyaların sülh içində yaşamaq ənənəsi davamlı xarakter alıb. Bu bu günün faktıdır.
A.Paşazadə qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan dünya miqyasında uğurlu dinlərarası əməkdaşlıq ənənəsinə hər zaman sadiqdir: "Müxtəlif mədəniyyətlərin bir arada olmasını o bir olan Yaradanımız özü istəyib. Bu, təqdiri-ilahidir və biz - din xadimləri bu həqiqəti sizlərə çatdırmağa məsuluq. Allah-təala müqəddəs kitabımız Qurani-Kərimdə buyurub: "Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara böldük".
Şeyxülislamın fikrincə, Azərbaycanın uğurlarının açarı kimliyindən asılı olmayaraq, burada insanların sülh və anlaşma şəraitində yaşamasıdır: " Azərbaycanın tərəqqisi, həyatın bütün sahələrində uğurlarımızın təməlində müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Bu, bizim bugünkü və gələcək uğurlarımızın açarıdır".
Bütün bunlar isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.
Bunun nəticəsidir ki, ölkəmizdəki dövlət-din münasibətlərinin mövcud səviyyəsi bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Milli Məclisin deputatı Sahib Alıyev söyləyib ki, Avropada islamafobiya meyllərinin baş qaldırdığı, ABŞ-da qaradərililərə qarşı ayrı-seçkiliyin çoxaldığı və Yaxın Şərqdə məzhəblərarası qarşıdurmaların davam etdiyi bir vaxtda Azərbaycanda dini və milli tolerantlığın yüksək inkişaf etməsi sevindirici haldır. S.Alıyev deyib ki, Qərbin dini liderləri də Azərbaycanın dini tolerantlıq baxımından bir çox ölkələrə örnək sayıldığını etiraf ediblər. Hələ 2002-ci ilin 22-24 may tarixində Bakıda rəsmi səfərdə olmuş dünya katoliklərinin keçmiş dini rəhbəri olan Roma papası II İohann Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqəti yüksək qiymətləndirib: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun!".

 

Tarix
19 Fevral 2016 [19:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin