Ana səhifə
22 Sentyabr 2018

“Ana, məni bu gün teatra apar”...

“20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  “Tamaşaların paradı” olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumun iclasında müzakirə edilən əsas məsələ “20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” olub. 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, giriş sözü ilə çıxış edən Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ –Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar Artist Mübariz Həmidov  həmin gün haqqında ətraflı məlumat verib: “Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. 2011-ci ildən sözügedən quruma üzv olan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günün xüsusi qeyd edilməsini artıq adət halına gətirib. “Ana, məni bu gün teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir. Biz də uşaq və yeniyetmələrin teatrı olaraq nümayiş etdirdiyimiz səhnə əsərləri ilə bütün tamaşaçılarımızın mənəvi cəhətdən zənginləşməsi, dünyagörüşlərinin formalaşmasına çalışırıq. Elə buna görə də 20 mart xalqımızın Milli Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə  - mart ayının 18-dən – 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək tamaşalar “Tamaşaların paradı” adı altında təqdim ediləcək”. 
 M.Həmidovun sözlərinə görə dünyanın 104-dən artıq ölkəsinin qoşulduğu Beynəlxalq ASSİTEJ-in hər bir Milli Mərkəzində bu günlə bağlı xüsusi hazırlıqlar görülür:  “Yeni hazırlanan uşaq tamaşaları, sərgilər, master-klass və treninqlər bu xüsusi günün ayrılmaz hissəsinə çevrilir. Biz də bayram ərəfəsində nümayiş etdirəcəyimiz tamaşalarımızla həmin günün Azərbaycanlı tamaşaçıları üçün əsl bayram əhval-ruhiyyəsi yaradacağına ümid edirik”. 
Məlumat üçün bildirək ki, bayram ərəfəsində yeni “Möcüzəli turp” (Rus Xalq nağılı), eləcə də cari repertuarda olan “Tıq-tıq xanım” (A.Şaiq), Qoğalın nağılı” (Xalq nağılı) və “Dəcəl keçi” (P.Nurəliyeva) tamaşaları nümayiş etdiriləcək. 

Tarix
12 Fevral 2016 [15:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin