Ana səhifə
19 Sentyabr 2018

Azərbaycan xalqı öz taleyinin sahibidir

Ölkədə yaşayan bütün xalqları birləşdirən vətən sevgisidir
«Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, bizim sözümüzə inanırlar. Bizimlə əməkdaşlıq və dostluq etmək istəyən ölkələrin sayı artmaqdadır. Müstəqillik ən böyük sərvətdir, ən böyük uğurumuzdur. Azərbaycan 20 ildir ki, müstəqil yaşayır, Azərbaycan xalqı azad yaşayır. Azərbaycan xalqı öz taleyinin sahibidir, Azərbaycan xalqının iradəsi bizim üçün ən vacib amildir. Ölkə qarşısında duran sosial –iqtisadi məsələlərin həlli əminəm ki, bundan sonra da uğurla icra ediləcəkdir. Çünki bunu deməyə əsas verən bizim təcrübəmiz, artıq əldə edilmiş maliyyə potensialımız və iqtisadi imkanlarımızdır», -Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
Onun sözlərinə görə, ölkə qarşısında duran ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, uzun illər danışıqların aparılmasına baxmayaraq, bu məsələ həllini tapmır. Torpaqlarımız işğal altındadır, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, digər təşkilatlar müvafiq qərar və qətnamələr qəbul edib ki, Azərbaycanın ərazi bütövlüyü orada müdafiə edilir və işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan çıxarılması da orada nəzərdə tutulur. «Ancaq əfsuslar olsun ki, məsələ həllini tapmır. Bunun yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə hazır olmamasıdır. Ancaq biz yaxşı bilirik ki, gec-tez Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir». 
Azərbaycançılıq ideologiyası ətrafında birləşmiş azərbaycanlılar bunu reallaşdıracaq. Yaxşı bilirik ki, 5 il, 10 il sonra Azərbaycanın potensialı nədən ibarət olacaqdır. Bunu proqnozlaşdırmaq üçün əsas verən görülən işlərdir və icra edilən layihələrdir. Ölkədə yaşayan bütün xalqların sıx birliyi, vətən sevgisidir. « Ona görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Beynəlxalq birlik də bunu istəyir, Beynəlxalq birlik də istəyir ki, bu münaqişəyə son qoyulsun. Son aylar ərzində bizi ruhlandıran vacib amillərdən biri də odur ki, bu məsələ ilə bağlı vasitəçilər və onların dövlət başçıları birmənalı şəkildə bildirirlər ki, status–kvo qəbuledilməzdir. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, torpaqlarımızın işğal altından çıxmasını tələb edir». 

Hər halda Azərbaycan danışıqlarda bütün dövr ərzində konstruktivlik nümayiş etdirib. Bütün imkanlardan istifadə edib tezliklə öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. «Siz, dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə yaşamışdır, yaratmışdır. Ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik. Vaxtilə 1978-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda onların Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə ucaldılmışdır. Müharibənin ilk illərində ermənilər o abidəni dağıtmışlar. Ancaq tarixi dəyişdirmək mümkün deyildir. 

Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatda da Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında açıq-aydın göstərilir ki, ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Beləliklə, hüquqi cəhətdən də mövqeyimiz güclüdür». 

İqtisadi cəhətdən indi Ermənistan ilə Azərbaycan müqayisə edilə bilməz. Bu tam başqa, necə deyərlər, çəki dərəcələridir. Siyasi proseslərə təsir imkanları baxımından da Azərbaycan daha əlverişli mövqedədir. Çünki həm coğrafi baxımdan, həm gördüyümüz işlər, infrastruktur, enerji siyasəti, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Azərbaycanın rolu əlbəttə ki, siyasi cəhətdən də çəkimizi daha da artırır. Bütün bu amillər, üstəgəl Azərbaycan Ordusunun güclənməsi nəticəsində biz Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bərpa ediləcəkdir. Azərbaycançılıq ideologiyasının əsasında da Azərbaycanın ərazi bütövlüyü dayanır.

Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində  fəaliyyət göstərən Azərbaycan diasporları ardıcıl fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlər ölkəmizin haqlı, Ermənistanın isə işğalçı bir dövlət olduğunu  bütün dünya ictimaiyyətinə inandırır. Bu da onu göstərir ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir. Bu gün dünyada fəaliyyət göstərən diaspor təşkilatları yeni səviyyəyə qalxıbdır. Bu təşkilatlar arasında koordinasiya işlərinin aparılması əlbəttə ki, onların fəaliyyətini daha da gücləndirir. «Mən hesab edirəm ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində iştirak etsin, öz dəstəyini versin, öz köməyini göstərsin və eyni zamanda, diaspor təşkilatları tərəfindən də lazım olanda kömək görsün. Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik»,

Tarix
11 Fevral 2016 [19:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin