Ana səhifə
15 Noyabr 2018

Milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir

Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir
Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoyub. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. 
Bunun fonunda Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli mənəvi dəyərlərini, ana dilini – Azərbaycan dilini qoruya bilib. Bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilibdir. Bizim azərbaycançılıq ideologiyasına, milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir. Bununla bərabər, dünyada mövcud olan və bizim üçün məqbul sayılan ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq olunur. Azərbaycanda geniş modernləşmə siyasəti aparılır. Həyatımızın bütün istiqamətlərində modernləşmə əlamətlərini görə bilirik. Biz bundan sonrakı dövrdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycançılıq ideyası ölkəmizdə yaşayan bütün insanları birləşdirəcək, daha böyük uğurlara imza atacağıq.

Azərbaycanda, eyni zamanda, güclü iqtisadi potensial yaradılıb. Son illər ərzində aparılan iqtisadi islahatlar nəticəsində ölkə tam şəkildə özünü təmin edə bilir və hətta dünya üçün çox böyük problemlər yaratmış maliyyə və iqtisadi böhran Azərbaycana çox az təsir edir.. Ən böhranlı illərdə - 2008-ci, 2009-cu, 2010-cu illərdə Azərbaycan iqtisadiyyatı inkişaf edib. İndiki neftin qiymətinin düşməsi nəticəsində yaranmış çətinliyə baxcmayaraq Azərbaycan iqtisadiyyatında artım qeydə alınıb. Ümumiyyətlə, müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilib. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. Çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulub. Düzgün istiqamət seçilib: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır.
 İqtisadi müstəqillik, əlbəttə, imkan verir ki, biz beynəlxalq məsələlərlə də bağlı fikrimizi açıq-aydın ifadə edək. Bölgədə gedən proseslərə Azərbaycanın təsir imkanları artır. Bu da təbiidir. Çünki Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Onu da qeyd etməliyik ki, ümumi daxili məhsulun 80 faizi özəl sektorda formalaşır. O da öz növbəsində göstərir ki, Azərbaycanda liberal islahatlar uğurla aparılır. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.
Azərbaycanda siyasi və iqtisadi islahatlar bir-birini tamamlayır. Bu gün də hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. «Məqsədimiz ondan ibarətdir ki, bu islahatların dərinləşməsi nəticəsində güclü, müasir dövlət yaradılsın. Biz artıq bu istiqamətdə çox böyük nailiyyətlərə çata bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq aparırıq. Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər»,- dövlət başçısı İlham Əliyev deyib. Onun sözlərinə görə. regional əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi nəticəsində regionda çox gözəl əməkdaşlıq iqlimi yaranıb. Ulu öndər Heydər Əliyevin neft strategiyası çərçivəsində irəli sürdüyümüz təşəbbüslər gözəl nəticələrini verməkdədir. Azərbaycan çox uğurlu enerji siyasəti aparır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, son aylar daha çox Azərbaycanın adı çəkilir və bu da təbiidir. Çünki Azərbaycanda görülən işlər və infrastruktura qoyulan vəsait bu gün yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Biz bundan sonra da bu siyasətə sadiq qalacağıq. Azərbaycanın inkişafı təkcə iqtisadi addımlarla məhdudlaşmamalıdır. «Yenə də deyirəm, biz istəyirik ki, bütün istiqamətlərdə ən qabaqcıl texnologiyalar, ən qabaqcıl təcrübə Azərbaycanda tətbiq olunsun və insanların yaşayış səviyyəsi ildən-ilə artsın. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizim düşünülmüş strategiyamız vardır və taktiki addımlarımız da çox uğurludur. Azərbaycan nə xarici, nə daxili siyasətdə, nə də icra etdiyi proqramlarda bir dəfə də olsun səhv etməmişdir. Hesab edirəm ki, bunun nəticəsində bu gün ölkəmizin dünyadakı hörməti böyük dərəcədə artmışdır»,- İlham Əliyev deyib. 
Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti isə ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Böyük əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu və daha böyük nailiyyətlərlə dolu olacaqdır. Azərbaycan etibarlı tərəfdaş kimi tanınacaq. Bizimlə əməkdaşlıq və dostluq etmək istəyən ölkələrin sayı artacaq. Unutmayaq ki, müstəqillik ən böyük sərvətdir, ən böyük uğurumuzdur. 
 

Tarix
10 Fevral 2016 [19:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin