Ana səhifə
15 Noyabr 2018

Azərbaycançılıq ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır

O milli mənəvi dəyərlərin saxlanması, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir

1993-cü ilin ortalarından başlayaraq Azərbaycan strateji seçimini müəyyənləşdirdi. O, müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etməyə başladı. Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan verdi. Bu da yığılıb qalan sosial problemlərin tədricən həll olunmasına gətirib çıxardı. Hakimiyyət özü üçün müəyyən etdi ki, səylərini inkişafın yeni alətlərinin axtarışına yönəltməlidir. Çünki bilirdi ki, milli təhlükəsizliyin möhkəmləndirilməsində uğur bir çox hallarda inkişaf etmiş iqtisadiyyat, sosiumun mənəvi və intellektual səviyyəsi ilə şərtlənir. Aydın idi ki, məhz milli hisslər, milli ənənələrə (milli identikliyin, özünəməxsusluğun dirçəlməsinə, qorunmasına can atmaq, Qərb və Şərqin tarixi nailiyyətləri ilə zənginləşmək zəminində cəmiyyətin modernləşdirilməsi, güclü və müstəqil Azərbaycan qura bilən milli çoxluğun formalaşdırılması) dərindən bağlılıq sarsılmaz və uğurlu dövlət quruculuğunun rəhnidir.
Eyni zamanda, Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvəllərinin xaos və özbaşınalığını arxada qoyaraq özündə yeni inkişaf ideologiyası ilə ifadə oluna biləcək dəyərlərə can atmaq həvəsi hiss etdi. Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı. Cəmiyyət milli identikliyin inkişafı ilə bərabər, ənənəvi dəyərləri saxlamaqla ölkənin rəqabət qabiliyyətini təmin edən yeni inkişaf mənbələrinə müraciət etməyə başladı.
Milli və dövlət müstəqilliyinin qorunması, milli identikliyin inkişafı, dünya birliyinə inteqrasiya bundan belə azərbaycanlıların milli özünüdərkinin struktur hissəsinə çevrildi. Məhz müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi, Azərbaycan millətinin dünya tarixinə töhfə verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".
Bu kontekstdə "azərbaycançılıq" dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. "Azərbaycançılıq" milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi surətdə birliyini təcəssüm edir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinə və yüksək milli intizama, formalaşan milli özünüdərkə əsaslanır, ən müxtəlif sosial təbəqələrdə anlaşma axtarır, millətin və dövlətin öz potensialından irəli gələn daimi, lakin qeyri-radikal islahatçılığı təbliğ edir. Beləliklə, "azərbaycançılıq" ideologiyası etnik yox, siyasi və vətəndaşlıq xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın müstəqil dövlətçilik ideyasını əziz tutanlara münasibətdə də öz birləşdirici funksiyasını yerinə yetirir.
Nəticədə Heydər Əliyevin dünya azərbaycanlılarının birinci qurultayında dediyi kimi, millətin və dövlətin vəhdəti və bölünməzliyi ideyası əsas götürülür. Heydər Əliyev demişdir: "Azərbaycançılıq - öz milli mənsubiyyətinin saxlanılması, milli mənəvi dəyərlərin saxlanması, eyni zamanda onların ümumbəşəri dəyərlərin sintezi, inteqrasiyası ilə zənginləşməsi, hər bir insanın inkişafının təmin edilməsi deməkdir".
Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu, yaxın perspektiv üçün mustəqil dövlətimizin qarşısında duran ən başlıca məqsədlərdən biridir. Yeni Azərbaycan Partiyasının V qurultayında İlham Əliyev bununla bağlı demişdir: “Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq – həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə. Buna nail olmaq üçün həmişəki kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır”.
Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyasının “MGİMO Journal” nəşrinə müsahibəsində bir daha vurğulamışdır ki, Azərbaycan xalqının mili ideyası məhz müstəqillikdir. Əminliklə demək olar ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir, milli ideyaya çevrilir. Bəli, bu gün hər bir azərbaycanlı müstəqil Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.
Dövlət rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Prezidentin “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın, sadəcə, bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyev sözügedən sərəncamla ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənilib hazırlanmasını təmin etmişdir. Həyata keçirilən islahatlar nəticəsində 2020-ci ilin Azərbaycanı tək Cənubi Qafqazın və MDB-nin deyil, bütövlükdə Avropa və Asiyanın ən qüdrətli, güclü və nüfuzlu ölkələrindən biri kimi tanınacaq, inkişaf etmiş ölkəyə çevriləcəkdir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 2018-ci ilədək Azərbaycanın modernləşməsi prosesi əsasən başa çatdırılacaq, ölkədə bütün sosial-iqtisadi problemlər həllini tapacaqdır. Kürdəmir rayonuna son səfəri zamanı dövlət başçısı bu baxımdan sistem islahatlarının davam etdirilməsi zərurətini də önə çəkmişdir. Söhbət bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən demokratik Azərbaycanın istiqrarlı gələcəyinin zəruri sistem elementlərin məcmu halında təmin edilməsindən gedir. Başqa sözlə, sistem islahatı dedikdə, təkcə sosial-iqtisadi deyil, həm də ümumi rifaha xidmət edən hüquqi-siyasi, demokratik islahatlar nəzərdə tutulur. Qarşıdakı illərdə iqtisadi islahatların davamlı səciyyə daşıması üçün siyasi-hüquqi sistemin liberallaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılacaqdır. Söhbət həm də vətəndaş cəmiyyəti strukturlarının Qərb standartları səviyyəsində inkişafına nail olmaqdan gedir.
Bu kontekstdə akademik Ramiz Mehdiyevin “Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur” əsərinin əsas qayəsi diqqəti cəlb edir. Görkəmli dövlət xadiminin konseptual fikirləri zənnimizcə, perspektiv islahatlar prosesinin mahiyyətini səciyyələndirir: “Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur. Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir”.
(ardı var)

Tarix
5 Fevral 2016 [20:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin