Ana səhifə
20 Noyabr 2018

Azərbaycançılıq ideologiyası mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür

Azərbaycançılığın gücü, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür

Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.

Akademik Ramiz Mehdiyev azərbaycançılıq ideologiyasının milli inkişaf prosesindəki müstəsna rolunu belə dəyərləndirir: "Son 20 ildəki siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır. Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, "azərbaycançılıq" ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcəkdir".
Azərbaycanın dövlət müstəqilliyinin bərpası uzun illər ərzində xalqımızın milli ideya səviyyəsinə yüksəlmiş əsas arzusu, istəyi olubdur. Lakin müstəqilliyin bərpasından sonra onun qorunub saxlanılması, respublikamızın ərazi bütövlüyünün, suverenliyinin bərpası, habelə inkişaf etmiş, modern dövlətə çevrilməsi, demokratik, hüquqi cəmiyyətin formalaşdırılması, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması məsələləri məcmu halda xalqın yeni dövr üçün milli ideyasına çevrilibdir. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın qarşısında duran başlıca vəzifə qısa zamanda inkişaf etmiş dövlətlər sırasına yüksəlməkdir.
"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində müasir dövrdə milli ideyanın əsas komponenti kimi dəyərləndirilə biləcək dəyərlərə də xüsusi toxunulur. Akademik Ramiz Mehdiyev hesab edir ki, XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn bir sıra digər məsələlər.
XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Amerikalı nəzəriyyəçi-filosof T.Fridmanın fikrincə, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" ölkələri "həzm edəcəklər". Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq iqtisadi münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir.
"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində həmçinin Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf yolunu qısa müddətdə adlayan Azərbaycanın həlledici uğurlarının son 8 ilə təsadüf etdiyi vurğulanır, cənab İlham Əliyevin fenomenal liderlik xüsusiyyətləri göstərilir. Eyni zamanda bu tarixi seçimin Azərbaycanın demokratik inkişafında rolu, ölkənin siyasi sisteminin müasirləşməsində əhəmiyyəti, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik çalarları gətirməsi barədə fikirlər konkret arqumentlərlə əsaslandırılır.
Akademik Ramiz Mehdiyev göstərir ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev respublikanı davamlı inkişaf yoluna çıxarmışdır. Dövlət başçısının dərin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Bir çox Qərb dövlətinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın 2008-2010-cu illərdə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.
Akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində bununla bağlı yazır: "Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə, 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı".
Azərbaycan bu gün sözün həqiqi mənasında tam müstəqil, çevik və düşünülmüş siyasət yürüdən, milli maraq və mənafeyini lazımi səviyyədə müdafiə edən dövlətdir. Eyni zamanda, respublikamızın beynəlxalq imicinin yüksəlməsi təkcə sosial-iqtisadi uğurlarla deyil, eyni zamanda insan hüquqlarının qorunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində qazanılmış nailiyyətlərlə şərtlənir. Başqa sözlə, siyasi, iqtisadi və hüquqi islahatların eyni platformada reallaşdırılması "Azərbaycanın modern dövlətə çevrilməsi" ideyasının gerçəkləşdirilməsinə xidmət edir.
Əsərdə qeyd olunduğu kimi, cənab İlham Əliyevin prezidentliyinin mühüm istiqamətlərindən biri də güclü iqtisadi sistemin yaradılmasından ibarət olmuşdur. İqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə imkanlar açmış, irimiqyaslı iqtisadi tədbirlər kompleksinin həyata keçirilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, vətəndaşların maliyyə imkanlarının artmasına şərait yaratmışdır. Ölkənin iqtisadi cəhətdən güclənməsi, insanların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən, keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. Sürətli sosial-iqtisadi inkişaf prosesi öz növbəsində insan və şəxsiyyət azadlığına, demokratik dəyişikliklərin mahiyyətinin dərk olunmasına, səmərəli təşəbbüslərin artmasına zəmin yaradır.
Azərbaycan iqtidarının keyfiyyətcə yeni mərhələdə qarşıya qoyduğu əsas məqsədlərdən biri də yeni təfəkkürlü gənc elitanın formalaşdırılması yolu ilə demokratiyaya transformasiya prosesini sürətləndirmək, vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır. Xüsusi vurğulamaq istərdim ki, AMEA-nın humanitar yönümlü elm ocağı olan İnsan Hüquqları İnstitutu da sözügedən istiqamətdə, eləcə də cəmiyyət həyatı üçün aktual olan digər sahələrdə araşdırmalar aparır., Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan perspektiv üçün qarşıda müəyyənləşdirdiyi milli ideyaya qovuşacaq, inkişaf etmiş demokratik ölkələr sırasına yüksələcəkdir.

 

Tarix
4 Fevral 2016 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin