Ana səhifə
20 Noyabr 2018

Azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir

Dini tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var

Milli ideya istənilən xalqın milli xüsusiyyətlərinin və xarakterinin, ən başlıcası, məqsədə doğru can atmaq əzminin ifadəsidir. O, sadəcə, insanların müəyyən mühakimə, fikir, ideya üzərində köklənməsi deyil, eyni zamanda obyektiv gerçəkliyin düzgün dəyərləndirilməsi, milli potensiyanın qlobal məqsədlər naminə səfərbər edilməsidir. Əlverişli siyasi şəraitdə formalaşan milli ideya cəmiyyəti təşkil edən birliklərin sosial-mədəni konsolidasiyası baxımından da vacib amildir.
Akademik Ramiz Mehdiyev yazır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir.
Hər hansı millətin indi və gələcəkdə rifahı, salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx şəkildə birləşdirir, vahid tam kimi fəaliyyətinə şərait yaradır, cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "mən"inin qorunub saxlanmasına imkan yaradır. Azərbaycançılıq ideyasının formalaşmasında təməl rolunu oynayır, ölkəmizdə yaşayan bütün xalqları birləşdirir. Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Bu ideya isə azərbaycançılıqdır. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Dini tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, düşüncə arxetiplərimizi özündə ehtiva edən folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.
"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq qeyd edilir ki, bəzən hətta elmi ədəbiyyatlarda milli ideya və ideologiya anlayışları qarışdırılır və bu, düzgün yanaşma deyildir. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir. Yunan sözü olan ideologiya isə fikir haqqında təlim mənasını verir. İdeologiya tarixin gedişi ilə meydana çıxaraq bu prosesdə xalqın rolunu təyin edən ən parlaq və obyektiv ideyalar sistemi, məcmusudur. Və vahid vətən hissi ilə birləşmiş toplumların tarixi birgəyaşayışından, ictimai fəaliyyətindən törənən idealların vəhdəti zəminində formalaşır. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir - xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.
Akademik Ramiz Mehdiyev ideologiyanı milli ideyanın həyata keçirilməsi vasitəsi kimi dəyərləndirərək yazır: "Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir. Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır".
Çoxəsrlik tarixi mücadilənin yekunu kimi ötən əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada tətbiq etmişdir.
Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.
"Azərbaycançılıq" xalqımızın iztirabları ilə yoğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır. Bu gün "azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millət və etnik qrupların qardaşlığının, qarşılıqlı əlaqə və qarşılıqlı təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizələrinin tarixi təcrübəsidir.
(ardı var)

Tarix
3 Fevral 2016 [15:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin