Ana səhifə
18 Sentyabr 2018

Milli ideya cəmiyyətin inkişafının məqsəd və strategiyası olmaqla hərtərəfli inkişafın rəhnidir

Milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə mövcudluğundan danışmaq mümkün deyildir

Bu gün bizim müstəqil dövlətimiz var. Bu çox böyük nəticədir. Azərbaycan Respublikasının tərkibinə daxil olan ərazilər uzun illər iri dövlətlərin təcavüz obyekti olub. Ancaq bu gün biz öz müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən tanınan, sayca bir o qədər də çox olmayan xalqlardan biriyik. Şübhəsiz belə məqamda milli dəyərlərimizi, milli bütünlüyümüzü qorumaq, təmin etmək üçün azərbaycançılıq ideologiyası bizə çox böyük dəstək olur. Bu ideologiyanın sayəsində biz özümüzü qürbətdə, əcnəbi ölkələrdə də layiqincə təmsil edirik. Birləşirik, sözümüzü deyirik, təşkilatlanırıq, həqiqətlərimizi, acılarımızı bərabər bölüşürük. Bu isə bizim gücümüzü müəyyənləşdirir. Azərbaycançılıq ideologiyası xalqımızın gücünü müəyyənləşdirir. Lakin tarix göstərir ki, heç də bütün xalqlar milli dövlətçiliyin qədir-qiymətini obyektiv qavramaq iqtidarında deyillər. Bu da son nəticədə onların yox olmasına və ya ümumdünya proseslərində əhəmiyyətinin itməsinə gətirib çıxarır. Digər tərəfdən, hər bir dövlət öz taleyinin sahibi olmur, odur ki, dünya geosiyasətinin adi obyekti kimi dəyiş-düyüş vasitəsinə çevrilir. Bunun əsas səbəblərindən biri millətin strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmamasıdır.
Milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən əsas qüvvə lider faktorudur. Dünya tarixi də, müstəqillik tariximiz də bunu sübut edir. Xalqın dəstəklədiyi və siyasi liderin fəhmlə duyduğu təməl dəyərlər məsələsində konsensus dövlətin sabitliyi və inkişafının dəyişməz şərtidir. Ölkəmizin ən çətin anında Heydər Əliyev liderliyi öz üzərinə götürdü və Azərbaycan bir dövlət kimi qoruyub saxladı.
Milli ideya hər bir dövlətin, xalqın konkret məkan və zaman şəraitində qarşıya qoyduğu, hədəflədiyi məqsədlərdən soraq verməklə yanaşı, milli inkişaf modelinin konseptual mahiyyəti barədə dolğun təsəvvür formalaşdırır. Əksər hallarda daha uzaq hədəflərə - perspektiv nəticələrə hesablanan milli ideya həm də yaradılmasına cəhd göstərilən cəmiyyət modelinin ideoloji-siyasi, mənəvi əsaslarına çevrilir. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyası olmaqla hərtərəfli inkişafın rəhnidir. Empirik bilik bu reallığı aksiom olaraq təsdiqləmişdir ki, milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə mövcudluğundan danışmaq mümkün deyildir. Təkcə ona görə yox ki, milli ideya dövlətlərin mütərəqqi inkişafı yolunda mayak rolunu oynayır, həm də ona görə ki, bu inkişafı təmin edən milli birlik və həmrəylik konsepsiyasını milli ideyasız reallaşdırmaq çətindir. Başqa sözlə, cəmiyyətdə mütləq çoxluğun qəbul etdiyi, bölüşdüyü müsbət yüklü ideya, məqsəd və dəyərlər məslək, əqidə, fikir və dünyagörüşü yaxınlığı yaratmaqla intibah baxımından son dərəcə vacib olan məqsədlərin həyata keçirilməsinə kömək edir.
Milli ideya dövrün, zamanın ruhuna, cəmiyyətin inkişaf xüsusiyyətlərinə, dünya nizamının gerçəkliklərinə adekvat olaraq dəyişsə də, bütün dövrlər və cəmiyyətlər üçün aktualdır. O, bir sıra mütərəqqi cəhətləri ilə qətiyyən statik xarakter daşımır, əksinə, hər bir dövr üçün sosiumun yeniləşən istək və arzularının məcmusudur. Yəni siyasi-ideoloji quruluşundan asılı olmayaraq, istənilən dövlətin inkişafa can atması, habelə bu niyyəti nə dərəcədə gerçəkləşdirə bilməsi ilk növbədə milli ideya statusu alan ali məram və məqsədlərdən asılıdır. Məhz bu məram və məqsədlər ümumən Azərbaycan xalqının da tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin yabançı təsirlərdən qorunmasına, ümumən cəmiyyətin milli ahənginin saxlanılmasına imkan verir. Yeni yüzillikdə qarşıya qoyduğu nəcib ideallara yüksək sadiqlik nümayiş etdirən xalqımız məhz bunun sayəsində milli identikliyini və özünüdərk hissini qoruyub saxlayır.
Bütün bunlar müasir dövrdə milli ideya probleminin elmi cəhətdən araşdırılmasını, əldə olunan konseptual nəticələrin ümumiləşdirilməsini son dərəcə vacib və əhəmiyyətli məsələyə çevirir. Görünür məhz bu zərurətdən irəli gələrək son illər Azərbaycan humanitariyası da məsələnin elmi-nəzəri və metodoloji aspektdən tədqiqinə diqqət ayırır. Ayrı-ayrı tədqiqatçılar, filosoflar, siyasətşünas alimlər ən müxtəlif dövrlərdə xalqın tapındığı ideyaları açıb göstərməyə, ümumiləşdirməyə çalışır, müasir dövrdə qarşıda duran vəzifələrdən söz açırlar. Lakin reallıq göstərir ki, bu sahədə tədqiqatlar kifayət qədər sistemli, ardıcıl xarakter daşımır və respublikanın hazırkı iqtisadi inkişaf dinamikasına adekvat deyildir.
Son 20 ildə Azərbaycanın keçdiyi mürəkkəb inkişaf mərhələlərini dərin elmi təhlilə cəlb edərək demokratikləşmə, iqtisadi modernləşmə və siyasi liberallaşma məsələləri ilə bağlı sanballı tədqiqatlarını elmi ictimaiyyətə çatdıran, keçilən uğurlu yolun nəzəri-metodoloji, fəlsəfi, politoloji və futuroloji şərhinə geniş diqqət ayıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsəri bu baxımdan təqdirəlayiqdir. Dərin elmi araşdırma və təhlillərin, ümumiləşdirmələrin nəticəsi kimi ərsəyə gələn, mövzu aktuallığı, ideya siqləti, fakt zənginliyi ilə diqqəti çəkən əsər problemin konseptual elmi izahına və dərkinə xidmət edən ilk sanballı tədqiqatlardan biridir. Əsərdə milli ideya problemi nəzəri-metodoloji aspektdə təqdim olunur, eyni zamanda onun Azərbaycan dövlətçiliyinin yaranması, milli şüurun, özünüdərk hissinin inkişafı, habelə milli tərəqqi prosesindəki müstəsna rolu önə çəkilir. Təcrübəli dövlət xadimi və görkəmli alim Ramiz Mehdiyev müasir dövrdə Azərbaycan milli ideyasının nədən ibarət olduğunu elmi və praktik dəlillər, faktlar əsasında açıb göstərir. Müəllif eyni zamanda milli ideyanın reallaşdırılması istiqamətində son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qlobal miqyaslı islahatlardan söz açır, həyata keçirilən tədbirlərin gözlənilən nəticələri ilə bağlı son dərəcə dürüst məntiqi mühakimələr, proqnozlar irəli sürür. Elmi və praktik təcrübənin uğurlu sintezi əsasında qələmə alınan əsərdə eyni zamanda milli ideyanın gerçəkləşdirilməsi mexanizmi olan milli ideologiya problemi analitik rakursda təhlilə cəlb edilir, azərbaycançılığın ayrı-ayrı mühüm komponentlərinə toxunur. Qlobal səciyyə daşıyan istənilən ideyanın milli xarakteri, etnik diferensiasiyası insan şüurunun formalaşdığı ən qədim dövrlərdən mövcud olmuş, bəşəriyyətin uzun tarixi inkişafı ərzində məhz bu tipoloji xarakterik xüsusiyyət əsasında inkişaf etmişdir. Milli ideya sosial-fəlsəfi kateqoriya kimi "millilik" anlayışı ilə sıx şəkildə əlaqəlidir. Daha dəqiqi, "millilik" anlayışının strukturunda son dərəcə əhəmiyyətli bir element olmaqla, etnik şüurun gerçəkliyə münasibətini əks etdirir. Eyni zamanda, milli ideyanın olması üçün milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən sayılır.

Milli ideya özündə həm də milli müştərəkliyin müxtəlif tərəflərini, milli həyatın maddi-mənəvi zənginliyini, özünəməxsusluğunu əks etdirir. Bu anlayışın obyektiv qavranılması fərdi və ümuminin, milli və qeyri-millinin qarşılıqlı əlaqəsinin aydınlaşdırılmasından keçir. Milliliyin, milli ümumiliyin təsdiqi cəmiyyətin əsas inkişaf qanunauyğunluqlarındandır. Əxlaqi kateqoriya olan milli ideya bu mənada etnosun məişətinə, yaşam tərzinə, istəklərinə müxtəlif aspektlərdən aidiyyəti olan mürəkkəb problemdir. Cəmiyyətin indiki həyatında o, xüsusilə aktualdır, çünki milli ideya milli mədəniyyətin etnoqrafik formalaşması, habelə milli düşüncə sistemi ilə sıx şəkildə əlaqəlidir.

(ARDI VAR)

Tarix
2 Fevral 2016 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin