Ana səhifə
16 Oktyabr 2018

Əflatun Amaşov: "Mətbuat üzərindəki ƏDV-nin ləğv edilməsi labüddür"

 Milli Məclisin iclasında bir sıra ölkələrlə imzalanan sənədlər ratifikasiya olunub. APA-nın məlumatına görə, bunlar “Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsi”, "Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında" Birgə Bəyannaməsi, "Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında mülki hava nəqliyyatına dair" saziş, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında" müqavilə, "Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası" və "Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişdir.
 Sənədlərin səsə qoyulması zamanı deputatlar tərəfindən müxtəlif fikirlər səsləndirilib. Musa Quliyev ölkəyə idxal olunan dərman vasitələrinin ƏDV-dən azad olunmasını təklif edib: “Bu yaxınlarda prezident un məmulatlarını ƏDV-dən azad etdi. Nəzərə alaq ki, un məhsulları qədər, dərmanlara da əhalinin böyük ehtiyacı var”.
 Əflatun Amaşov “Diffamasiya haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyacdan danışıb. O qeyd edib ki, layihədə jurnalistin yazdığı yazıya görə həbs edilməmə məsələsi yer alıb: “Narahatlıq başadüşüləndir, çünki mediada müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq, ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə, yəni təhqir və böhtana görə məsuliyyətə cəlb olunmayıb”.
 Ə. Amaşov qeyd edib ki, Mətbuat Şurası bunu əsas tutaraq konkret təkliflər hazırlayıb: "Layihə hətta ATƏT-in keçmiş Bakı ofisinin ekspertizasından keçib. İlkin variant kimi şuranın Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər”.
 
Deputat manatın devalvasiyasından sonra mətbuatın üzləşdiyi problemlərdən də söz açıb: "Ölkəyə gətirilən qəzet kağızına, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv edilməsi labüddür. Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar".
 
Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Tarix
1 Fevral 2016 [15:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin