Ana səhifə
18 Noyabr 2018

Azərbaycançılıq ideyası qloballaşma şəraitində dəyərlərin qorunmasını önəmli hesab edir

Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycanın gerçəkliyidir

Azərbaycançılıq ideyası qloballaşma şəraitində dəyərlərin qorunmasını önəmli hesab edir. Azərbaycançılıq ideyası insan hüquqlarının qorunması, ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri müasir dünyanın təbii inkişaf prosesi hesab edir.
Azərbaycançılıq ideologiyası çərçivəsində baş verənlər cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər dövlətin sabit inkişafına xidmət edir. Nəticədə, yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Təsadüfi deyil ki, mütəfəkkirlər güclü hakimiyyətin aşağıların yuxarılara olan inamı sayəsində qurulduğunu deyirlər. Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır. Bu gün Azərbaycanda toleranlığın  mövcudluğu bu ideyaya xidmət edir  və ölkəmizdə sabitliyin əsaslarından biridir.
Qeyd edək ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu çox həssas məkanda yerləşir. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması, milli azlıqların dil və mədəniyyətinin inkişaf etdirilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Bu siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsinlər. Azərbaycan Konstitusiyasında da aydın şəkildə dini azadlığa zəmanət verilir və qeyd olunur ki, Azərbaycan dövləti tamamilə hər bir dindən ayrı dünyəvi respublikadır. Bu da azərbaycançılıq ideyasının təməl daşlarından biridir. Azərbaycan Respublikasının Millətlərarası, Muktukukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib: “Azərbaycan tarixən bir çox hücumlara, qırğınlara, soyqırımlara, dini basqılara məruz qalsa da, hər zaman öz tolerantlığını qoruyub saxlamağa müvəffəq olub. Azərbaycan hökuməti və cəmiyyəti humanistliyə, dini tolerantlığa önəm verir və bütün hallarda təzyiqlərə baxmayaraq, onu qorumağa çalışır. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilib. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq ücün bir mərkəzə çevrilib”.   “Ölkəmiz humanizm dəyərlərinə böyük önəm verir”.
Millət vəkili Bahar Muradova isə Azərbaycanda milli, dini, etnik ənənələrə hörmət edən cəmiyyətin mövcud olduğunu deyir. B. Muradovanın sözlərinə görə, ölkə qanunlarına hörmət edərək, milli adət-ənənələri qoruyub saxlamaq hər birimizin borcudur: “Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olub. Burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür”. Bahar Muradova eyni zamanda bu sahədə Azərbaycanın əldə etdiyi uğurları da iştirakçıların diqqətinə çatdırıb: “Azərbaycan digər ölkələrlə bu və ya digər sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq”. Bahar Muradov bildirib ki, bu amillər ölkədə yaşayan xalqları. Etnik qrupları azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsində önəmli rol oynayır. Bunun nəticəsidir ki, Azərbaycanda heç vaxt dini qarşıdurma olmayıb”   
Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılması tarixi hadisədir. M. Qurbanlı qeyd edib ki, Azərbaycan üzərinə düşən mənəvi borcu layiqincə yerinə yetirməyə çalışır: "Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilir.Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə də, buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir. Çünki, Azərbaycan haqqında yanlış məlumatlar yayılır. Lakin Azərbaycana gələn əcnəbilər təqdim olunan məlumatların nə qədər yanlış olduğunu görürlər. Hazırda 42 ölkədə qanlı müharibələr gedir. Hər il ən az 200 min insan bu savaşlarda ölür. Son 14 ildə 2,5 milyon insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar”. Mübariz Qurbanlı müxtəlif dini etiqadlara və milli kimliklərə sahib olan insanların Azərbaycanda sülh içərisində yaşadıqlarını deyib. Komitə sədri tarixi əzrində Azərbaycanda bir dəfə də olsun, dini qarşıdurmanın olmadığına diqqət çəkib.   Bunlar göstərir ki, Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır.   
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirib ki, Azərbaycanda milli və dini tolerantlıq insanların ölkəmizin inkişaf etməsində, uğurlar qazanmasında, beynəlxalq mövqeyinin möhkəmlənməsində sıx birləşməsinə xidmət edir. Bu, azərbaycançılıq ideyasının bəhrəsidir. Şura sədirinin sözlərinə görə, Azərbaycan dövlətinin hüquqi əsasları dünyəvi xarakter daşıyır: “Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlığın tərkib hissəsi kimi həyata keçirilir”. Azay Quliyevin sözlərinə görə, bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir.
Azərbaycanda tolerantlığın əsasında İslam dininin sülh, əmin-amanlıq dini olması, zorakılıq yolu ilə yayılmaması dayanır. Məşhur ərəb tarixçisi Yaqut əl-Həməvi yazıb ki, ərəblər Qafqazda yerli əhali ilə bağladıqları müqavilələrdə öhdəlik götürürdülər ki, “əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, əhaliyə bayramlarda öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə mane olmayacaqlar». İslam dininin Azərbaycanda yayılması prosesində zorakılığın olmaması və bu prosesin siyasi müqavilələr yolu ilə həyata keçməsidir ki, müxtəlif millətlərə, fərqli dinlərə və dini təriqətlərə mənsub insanlar arasında bu gün də heç bir dini ayrı-seçkiliyə yol verilmir. Məscidlərlə yanaşı kilsələr, sinaqoqlar, hətta bizə düşmən kəsilmiş ermənilərin kilsəsi də qorunub saxlanılır. Və heç kəsin ağlına belə gəlmir ki, bunlar sökülməlidir, dağıdılmalıdır. Əksinə dövlət tərəfindən dini abidələrin bərpa edilməsi və yenilərinin tikilməsi həyata keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilmir. Bu, milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür. «Zənnimcə, bu da ölkəmizin qiymətli sərvətlərindən biridir. Bu onu göstərir ki, bu gün Azərbaycan ayrı-ayrı din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmət və etimadın hökm sürdüyü nadir ölkələrdəndir »,-Prezident İlham Əliyev deyib.  

Tarix
29 Yanvar 2016 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin