Ana səhifə
20 Sentyabr 2018

Prezident Admnistrasiyasından SOS...

Musa Quliyev: “Ramiz müəllimin həmin çıxışı da həyacan təbili kimi qarşılanmalı və ölkənin humanitar siyasətində çox ciddi dəyişikliklər olmalıdır”


Bu günlərdə Prezident Admnistrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin ölkə ictimaiyyətini narahat edən və onun sosial-ictimai, maddi-mənəvi eləcə də ruhi zənginliyinə təsir edə biləcək vacib məqamlara toxunub. Belə bir rəsmi səviyyədə verilən “SOS” siqnalını yaradan əsas problem cənub bölgələrində yaşayan gənc qızların erkən ailə quraraq təhsildən yayınması, şimal bölgəsində yaşayan gənc oğlanların isə müxtəlif radikal qruplara qoşulmaları ilə bağlıdır. Qeyd edək ki, məsələ Milli Məclis deputatları tərəfindən də müzakirə olunub və problemin köklərinin araşdırılması ilə bağlı təkliflər verilib.
Milli Məclisin Sosial siyasət komissiyasının üzvü Musa QuliyevUcnoqta.az-a müsahibəsində PA rəsmisinin etdiyi bu “çağırışı” müxtəlif aspektlərdə təhlil etdi.

- Musa müəllim, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin qaldırmış olduğu məlum məsələ təsadüfi deyil. Sizcə, bu çağırış hansı səbəblərdən dolayı yarandı və ortaya qoyulan problemin kökündə nə dayanır?

- Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındakı çıxışı konseptual baxımdan çox əhəmiyyətlidir. Bu çağırış hamını mövcud boşluqları aradan qaldırmağa səfərbər edir. Bu ilk növbədə ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan bir məsələdir və və bir vətəndaş olaraq hər birimizi narahat etməlidir. Ramiz Mehdiyevin öz çıxışında söylədiyi kimi, bu gün həqiqətən də cənub bölgəsində yaşayan qızların təhsildən erkən aralanması, ali təhsilə o qədər də maraq göstərməməsi və orta məktəbi qurtarmamış nigaha daxil olmaları onların sosiallaşmasının qarşısını alır, ictimai fəallığını məhdudlaşdırır, qadının cəmiyyətdəki rolunu azaldır. Bu Azərbaycanın uzun müddətdən bəri həll etməyə çalışdığı gender problemidir.
Şimal bölgəsində isə oğlanların radikal seksiyalara və hətta hərbləşmiş, ölkədən kənarada fəaliyyət göstərən radikal qruplara qoşulması faktoru da mövcuddur. Bu çıxışda şübhəsiz ki, radikal dini qurumların ölkədə ayaq tutub yeriməsi və bizim cəmiyyətə nüfuz etməsi narahatçılığı var. Məsələn, biz bu gün cənub bölgəsində İranın şiə təriqədinin təsirini hiss ediriksə, Şimalda sünni təriqətlərinə məxsus vətəndaşlarımızın onun radikal qolları olan müəyyən fanatik cərəyanlara cəlb olunmasının təzahürü görünür. Bütün bunların kökünü araşdırsaq, haradasa bir mənəvi, ideya boşluğun olmasını ortaya çıxacaq. Çünki gənc insan öz mənəvi təlabatlarını nə iləsə ödəməli, nə iləsə onun yerini doldurmalıdır. Bu mənada həm Təhsil Nazirliyi, həm Gənclər İdman Nazirliyi və onun yerlərdəki şöbləri, həm Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı ciddi tədbirlər görülməlidir.

- Görüləcək tədbirlər nədən ibarət olmalıdır və qeyd etdiyiniz “boşıluqlar” və hazırda bu istiqamətdə müşahidə olunanlar nədir?


- Yadınızdadırsa, ümummilli lider 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində “Azərbaycançılıq konsepsiyası”nı ortya qoydu. Burada hər bir xalqın öz milli ideologiyasının olması və hər bir dövlətin bu ideologiyanın əsasında özünün humanitar siyasətini qurmalı olduğu öz əksini tapır. Azərbaycançılıq ideyası isə vətəndaşlarımızı dövlətin, ölkənin ətrafında birləşdirən bir ideya olmalı idi. Dinindən, irqindən, dilindən, sosial – ictimai mövqeyindən asılı olmayaraq hər bir vətəndaşı öz ətrafında birlərşdirməyi tələb edirdi. Amma təəssüf ki, hələ də bu ideyanın həyata keçirilmə mexanizmləri tapılmayıb. Məsələn, sovet dönəmində, xüsusən gənclərin mənəvi tərbiyəsi, formalaşması, ictimailəşməsi ilə məşğul olan bir sıra - “Komsomol”, “Pioner” və sair gəncləri bir araya gətirən, problemləri birgə dərk edib, onu birgə aradan qaldırmağa imkan yaradan dövlət üçün mühüm olan ideologiyaları təbliğ edən institutlar var idi. Amma sovet sistemi dağılandan sonra belə institutlar yaradılmadı. Məncə boşluğun əsas səbəbi burdadır. Digər tərəfdən, təəssüf ki, gənclərimiz kitab oxumaq vərdişlərindən uzaqlaşırlar və alacaqlaarı informasiyaları daha çox internetdən götürməyə maraq göstəririlər. Təbii ki, bu dövrün təlabatıdır. Azərbaycan dünyaya açıq bir ölkədir. Əgər qloballaşa Avropaya, Qərb dünyasına inteqrasiyanı nəzərdə tutursa, Azərbaycan kimi ərazisi kiçik, əhalisinin sayı az olan bir ölkənin öz milli-mənəvi dəyərlərini qoruması üçün də “istehkamlar” nəzərdə tutulmalıdır. Çünki qloballaşma şəraitində gücü, nüfuzu olan, özünə daha çox maraq cəlb edən tərəf, ona nüfuz etmək istəyən kənar təsirlərin nəticəsində “əriyir”. Mənəvi dəyərlərimizin əks təsirlər nəticəsində əriməməsi üçün müəyyən ciddi işlər görülməlidir. Ölkənin Gənclər siyasətinə əsasən “gənclər evləri”nin yaradılması nəzərdə tutulur. Gənclərin mənəvi istirahəti, intellektual inkişafı ilə bağlı mərkəzlər açılmalı və gənclər orada daim iştirak etməlidir. Amma bu sahədə də boşluqlar var. Bu gün ölkənin hər bir rayonunda İdman kompleksləri yaradılıb fəaliyyət göztərsələr də, onların bir çoxunun fəaliyyəti o qədər qənətbəxş deyil. Bu sahədə də çox ciddi boşluq var. Ona görə də Ramiz müəllimin həmin çıxışı həyacan təbili kimi qarşılanmalı və ölkənin humanitar siyasətində çox ciddi dəyişikliklər olmalıdır.

- Musa müəllim, deputatlarımız on illərdi cənub bölgəsində orta məktəbi bitirən Azərbaycan qızlarının 80 faizə qədərinin özünü ali təhsildən kənar qoyması, yaxud, şimal bölgəsindən 50 faizdən artıq oğlanın təhsildən uzaqlaşaraq müxtəlif dini təsirlərin hədəfinə çevrilməsi ilə bağlı dərin təhlilllərin aparılması zərurətindən danışıb. Sizcə problemin yaranma səbəblərini ilkin olaraq həmin bölgələrin cənub və şimal ölkələri ilə sərhəddiə olması ilə əlaqələndirmək nə dərəcədə real yanaşma olardı?

- Hər hansı bir ideologiyanın yayılması ortada hər hansı sərhəddin olub-omaması ilə bağlı deyil. Bununla yanaşı, bu gün Azərbaycan dünyaya açıq olan bir dövlətdir və onun digər ölkələrə çıxışı üçün çox asan viza şərtləri də var. Azərbaycana gələn insan isə əvvəlcədən demir ki, gəlib burda dini missionerliklə məşğul olacaq, yaxud başqa niyyətləri var. Onlardan bəziləri ölkəmizə turuzm məqsədi ilə, digəriləri isə biznes qurmaq, yaxud təhsil almaq məqsədləri ilə gəlirlər. Ən təhlükəsi də odur ki, bəziləri bizim gəncləri aparıb özlərinin mədrəsələrində oxudrlar, təlim düşərgələrində təlim keçirirlər və sonradan həmin yad idelogiyaları həmin gənclərimiz vasitəsi ilə “qanımıza yeridirlər”. Amma bu yeni bir hal deyil. 1990-cı illərdən başlayaraq, xüsusən də Azərbaycanın sosial-iqtisadi inkişaf etməmiş dövründə belə cərəyanlar özünü göstərdi. İlk növbədə onlar elə yerlərə nüfuz edirdilər ki, orda dinin müəyyən fanatik hissəsinin yayılması üçün münbit mühit olur. Digər tərəfdən, bəllidir ki, şimal bölgəsində Dağıstanda, o cümlədən Qafqazın digər respublikalarında da bu daha dəhşətli şəkildə yayıllıb. Yəni problem təkcə Azərbaycanla bağlı deyil. Bununla yanaşı biz həmin cərəyanların apardığı təbliğatın qarşıısnda öz sağlam maarifləndirici işlərimizi aparmalıyıq. Hüqqu-mühafizə orqanları da bu sahədə özlərinin fəallıqlarını artırmalıdırlar. Çünki təbliğatın qarşısısna yalnız təbliğatla, sözün qarşısına sözlə çıxamaq lazımdır.

- Erkən nigahlarla bağlı məsələ Azərbaycan cəmiyyətində tez-tez qaldırılır. Amma nəticə görünmür. Sizcə bu istiqamətdə aparılan təbliğat niyə yetərli deyil?
 

- Erkən nigahlarla bağlı müəyyən fikirlər var və buna qarşı çıxışlar olur. Amma görünür ki, bu qanedici deyil. Erkən nigahlarla bağlı maarifləndirmə işi ilk növbədə valideynlərlə aparılmalıdır. Biz çox vaxt “atı arabaya qoşuruq”. Axı orta məktəbdən yayınan gənci erkən nigaha getməyə sövq edən onun valideyni olur. Amma alternativ variant da ortaya qoyula bilər. Məsələn, cənub bölgəsində erkən nigahlara gedilməni stimullaşdıran sosial faktlar var. Bəzən görürsən ki, ailədə uşaq çox olur, əksəriyyəti də qız uşaqlarıdir. Görürsən ki, onların müəyyən işlərlə bağlı təminatı çətin olur. Valideyn də fikirləşir ki, evdə heç bir fəaliyyətsiz oturmaqdansa, gedib özünə bir ev qursun, ailə qursun. Biz uşaqların təhsildən, ali məktəbdən kənar düşməsinin qarşısısnı almaq istəyiriksə, həmin bölgələrdə texniki-peşə məktəbləri, xüsusən də qızların oxuya biləcəyi və sonradan işləyə biləcəyi məktəblərin sayını artırmalıyıq. Ona görə də hesab edirəm ki, istər Təhsil Nazirliyi, istər Mədəniyyət və Turizm Nazirliyi və digəriləri bu stiqamətdə özlərinin fəaliyyətlərini artırmalıdırlar. Hansı bölgədə yaşamasından, hansı sosial vəziyyətdə olmasından asılı olmayaraq gənclərin iş qabiliyyətlərinin üzə çıxarmaları üçün onlara imkanlar yaradılmalıdır.

Tahirə

Tarix
31 Oktyabr 2014 [20:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin