Ana səhifə
15 Noyabr 2018

Azərbaycanda müxtəlifliyin vəhdəti hakimdir

Azərbaycanın gələcək inkişafı azərbaycançılıq və Azərbaycan mədəniyyətinin birləşdirdiyi bütün xalqların və dünya azərbaycanlılarının birgə fəaliyyətindən asılıdır. Dünyanın ən nadir mədəni sivilizasiyalarından və milli-etnik tərkibilə özünəməxsus bir demokratik, hüquqi dövlət olan Azərbaycanda müxtəlifliyin vəhdəti hakimdir. Azərbaycanda reallaşan mədəniyyət və milli ideologiya “Azərbaycan xalqının ortaq dəyərlər və davranış münasibətləri adlı məkanın formalaşmasına, etnik şüurda hər bir qatın statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni varlığının subyekti olmasına şərait yaradır.
Azərbaycanda mədəniyyətlər və dinlərarası durum, etnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baxımından dünyaya örnək ola bilər”.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını və azərbaycanlıların ortaq mənəvi-mədəni dəyərlərini “ən başlıca sərvət” hesab edirdi.
Azərbaycanda bütün etnik birliklərin nümayəndələri bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi tolerantlıq, humanizm, xeyirxahlıq şəraitində azərbaycançılıq ideologiyasını və ölkəmizdə formalaşan mədəniyyəti özünün mənəvi-mədəni sərvəti sayır. Azərbaycanın gələcək inkişafı azərbaycançılıq və Azərbaycan mədəniyyətinin birləşdirdiyi bütün xalqların və dünya azərbaycanlılarının birgə fəaliyyətindən asılıdır. Bu gün Azərbaycanda yaşayan xalqları, etnik qrupları birləşdirən önəmli faktorlardan biri də Azərbaycan dilidir. Bu dil  yalnız Azərbaycan ərazisində deyil, beynəlxalq arenada da istifadə edilir. Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə, siyasi dialoq və diplomatik danışıqlarda istifadə edilib, onlarca ölkədə səslənmiş və hər yerdə dövlət başçısının öz ana dilinə məhəbbətini əks etdirib.

Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair" fərmanları sayəsində ədəbi dilimizin fəaliyyət sahəsi daha da genişlənib, onun müxtəlif üslublarının potensialı bir daha aşkar edilib, bütövlükdə bizim dil mədəniyyətinin qarşısında yeni üfüqlər açılıb.
Müstəqillik illərində Heydər Əliyev ana dilinə münasibətini televiziya və informasiya texnologiyaları da daxil olmaqla, həyatımızın bütün sahələrində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsinə dair xüsusi fərmanlarda və qərarlarda son dərəcə aydın ifadə edərək, eyni zamanda öz çıxışlarında da bu mövzuya müraciət edib. Onun bu mövzuda çoxsaylı fikirlərindən birini xatırlatmaq istərdik: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır".
Müasir mərhələdə siyasi mübarizədə və dövlətin idarə edilməsində dil amilindən Heydər Əliyev kimi ustalıqla istifadə edə bilən başqa bir dövlət başçısı, başqa bir siyasi lider göstərmək çətindir. «Bu, ilk növbədə onun ana dilini, öz xalqının arzu və istəklərini dərindən bilməsi ilə izah edilir. Bir dəfə o demişdir: "Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə - Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır",- akademik Ramiz Mehtiyev yazır..
İnamla demək olar ki, Heydər Əliyev özünün çoxillik yorulmaz, titanik fəaliyyəti ilə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzunu yüksəltmişdir. Məhz onun müdrik rəhbərliyi ilə Azərbaycan dili dünyanın siyasi xəritəsində öz yerini tutub dövlətimizin rəsmi dilinə çevrilib.
«Burada xatırlatmaq yerinə düşər ki, 1992-ci ildə Azərbaycanda bir sıra konstitusiya və hüquq normaları pozulmaqla Azərbaycan dilinin adının dəyişdirilməsi haqqında qərar qəbul edildi. Bu, həmin təşəbbüsün müəlliflərinin təfəkkürünün məhdudluğuna, onların məsuliyyətsizliyinə və bu addımın siyasi nəticələrini anlamamasına dəlalət edirdi. Lakin o vaxt da, xalq öz seçimi ilə Heydər Əliyevə Azərbaycan dövlətində ən yüksək hüquqlar verəndə də o, səhvin düzəldilməsi üçün birbaşa inzibatçılıq yolu ilə getmədi. Elmi-tədqiqat müəssisələrində, ali məktəblərdə, Elmlər Akademiyasında çoxlu müzakirələr keçirildi.
Bu diskussiyanın gedişində sırf elmi arqumentlər prioritet əhəmiyyət kəsb edirdi. Bununla belə, son söz yenə xalqa verildi. Dilin adının özü yeni konstitusiya layihəsində əks etdirildi və referenduma çıxarıldı. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək dövlət dilimizin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirib.
Sonralar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.
Beləliklə, dünyada geniş yayılmış "Azərbaycan dili" anlayışının qanuni yaşamaq hüququ ona qaytarıldı. Bu halda dövlətimizin başçısı haqlı olaraq qeyd etmişdir ki, belə bir qərar qəbul edilməsi "həm bizim keçmişimizə böyük hörmət, həm də gələcək nəsillər üçün böyük dəyərdir. Hesab edirəm ki, biz çox düzgün və əsaslandırılmış qərar qəbul etmişik..
1991-ci ildə müstəqilliyimizin bərpası nəticəsində Azərbaycan dilinin adı haqqında yaranmış diskussiya Azərbaycan cəmiyyətində "biz kimik" sualı ətrafında gedən debatların təzahürü idi. 1990-cı illərin lap əvvəlində kollektiv identifikasiya formalarından biri - etnik identifikasiya Ümumazərbaycan identikliyinin bu komponentinin yetmiş il ərzində rədd edilməsinə cavab kimi prioritet əhəmiyyət kəsb etdi.
Lakin respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi və buna görə də identifikasiyanın bu formasının qəti seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dil identifikasiyası barədə debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini laxladır, onu etnik əlamətə görə parçalanmaya sövq edirdi. Yalnız azərbaycançılığı vətəndaşlığın dövlət forması kimi etniklikdən üstün tutmuş Heydər Əliyevin bu prosesə vaxtında müdaxilə etməsi problemin kəskinliyini aradan qaldırdı. Bu halda millətin dövlətin adı ilə eyniləşdirilmiş adı saxlandı.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasında millətin özünütəsdiqi üçün çox vacib olan, onun hələ keçən əsrin 70-ci illərindən başladığı siyasət uğurla davam etdirildi - dilimizə tamdəyərli dövlət dili statusu verilməsi və ondan dövlət idarəçiliyinin və ictimai həyatın bütün sahələrində fəal istifadə olunmasının təmin edilməsi vəzifəsi həyata keçirildi. Bu, yalnız ardıcıl, çoxillik və ən başlıcası, hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti sayəsində mümkün oldu.
Qeyd edək ki, Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm də Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliyinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb. 

Tarix
27 Yanvar 2016 [15:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin