Ana səhifə
17 Noyabr 2018

Azərbaycan dili azərbaycançılığın mənəvi əsası

Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri Azərbaycan idi

İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalıbr və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın.  
Belə deyim var ki, insanlar yaxşıya tez alışır, onları adi kimi qəbul edirlər. Eyni zamanda Azərbaycanı əvvəllər görən, uzun zaman burada olmayan və yenidən gələn insanlar onun nə qədər inkişaf etdiyini görərək heyrətlərini sadəcə gizlədə bilmirlər. Bu həmin qadir siyasətin təntənəsidir.
 
Milli dövlət və milli lider müasir tarixin fenomenləridir.Ümumi qənaətə görə, məhz XX əsrdə "dövlət" və "şəxsiyyət" anlayışları bir simada - "milli lider" simasında cəmlənə bilib və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin lider şəxsiyyətlərdən biridir. Onun Azərbaycan dilinin  inkişafında böyük rolu olub. Ulu Öndər Azərbaycan  dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi; “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki öz dilimizlə- Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır.
Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də, dünyada yaşayan bütün azərbaycanlıların dili olsun”. 
Ulu öndərin sayəsində keçən əsrin 70-ci illərində Azərbaycan dili tədricən rus dilinin kölgəsindən çıxmağa başlayıb, ictimai şüurda və milli dövlətçilik quruculuğunda öz yerini tutub. Bu proses təkamül yolu ilə gedirdi və onu dayandırmaq, yaxud geri döndərmək mümkün deyildi. Həmin dövrə qədər yalnız nominal mənada Azərbaycan Respublikasının dövlət dili sayılan Azərbaycan dili artıq kağız üzərində deyil, real həyatda layiq olduğu yeri tutmağa başlayıb. Bu illərdə respublikada tamdəyərli ikidillilik şəraitinin bərqərar olmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev həm rəsmi, həm də qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində nitq söyləməkdən və danışmaqdan çəkinmirdi. Bu isə mahiyyət etibarilə ana dilinin nüfuzunun artmasını təsdiq edirdi. Yaradıcı təşkilatların, xüsusən Yazıçılar İttifaqının qurultaylarında, genişmiqyaslı yubiley tədbirlərində çıxış edərkən Heydər Əliyev Azərbaycan dilində səlis və gözəl danışmaq bacarığını nümayiş etdirir, bununla da ziyalılarımızın diqqətini ana dilinin inkişaf etdirilməsinə cəlb edirdi. Şübhəsiz, bu da, öz növbəsində, milli mənlik şüurunun sürətlə inkişaf etməsinə şərait yaradırdı.
«Ana dilinə münasibətin ifrat dərəcədə siyasiləşdirildiyi və çox vaxt əsassız siyasi ittihamlar üçün zəmin olduğu illərdə Heydər Əliyev Azərbaycan dilinin məişət və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə çatdırılmasına yönəlmiş fəaliyyətlə kifayətlənməyib, həm də öz şəxsi nümunəsi ilə ana dilimizin nüfuzunu artırır, onun elmi cəhətdən öyrənilməsi, geniş yayılması üçün stimul yaradırdı. Məsələn, onun təşəbbüsü ilə respublikanın bir qrup dilçi alimi Azərbaycan dilinin tədqiqi sahəsində araşdırmalara görə Dövlət mükafatına layiq görülmüş, respublikada ilk dəfə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. Bu da ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər problemlərə dair fundamental tədqiqatlar aparılmasına imkan verirdi»,-akademik Ramiz Mehtiyev yazır.
Əlbəttə, respublikada milli mənlik şüurunun inkişafı prosesi sovet rəhbərliyinin müqaviməti ilə üzləşdiyi, milli mənlik şüurunun artmasına imkan yaradan yeni ab-hava və təşəbbüslərin qarşısı sərt şəkildə alındığı bir şəraitdə yuxarıda sadaladıqlarımızın hamısının həyata keçirilməsi Heydər Əliyevdən böyük cəsarət, qətiyyət, prinsipiallıq və dönməzlik tələb edirdi. Lakin Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycanda başlanmış milli-mədəni dirçəliş heç də həmişə müsbət qarşılanmır və müxtəlif dairələr, xüsusən ermənilər tərəfindən əsassız siyasi ittihamlar, yalan və böhtan kampaniyaları ilə müşayiət olunurdu. Onlar bütün mümkün vasitələrdən istifadə edərək İttifaq rəhbərliyini Azərbaycana qarşı yönəldir, türkdilli azərbaycanlılara etimadsızlıq və şübhə yaratmağa çalışırdılar.
Məhz ana dili məsələsində Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində, onun aktiv fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqda məşhur 73-cü maddə daxil edildi. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə müsəlman respublikası Azərbaycan idi.
Şübhəsiz, bu uzaqgörən tarixi addım Heydər Əliyevin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi. Heydər Əliyev o dövrü belə xatırlayardı: "Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar aparırdım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq".
«Bu gün inamla demək olar ki, 1970-1980-ci illərdə Heydər Əliyevin milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirib və mahiyyət etibarilə Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırlayıb. Müstəqillik bərpa ediləndən sonra isə Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında rəsmi dövlət dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb», Akademik Ramiz Mehtiyev yazıür.
Prezident Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk günlərdən etibarən yeni tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq Azərbaycan dilinə göstərilən diqqət və qayğı həm siyasi, həm də praktiki baxımdan fərqlənirdi. Əvvələn, bir fakt göz qabağında idi ki, Azərbaycan dili ölkənin şəriksiz və qeyd-şərtsiz dövlət dili olmuşdur. Müstəqillik illəri Prezidentin ana dilini nə dərəcədə mükəmməl bilməsini və onun imkanlarından həm öz çıxışlarında, həm də əhali ilə görüşlərində necə bacarıqla istifadə etməsini göstərdi. Digər tərəfdən, Prezident Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə, siyasi dialoq və diplomatik danışıqlarda istifadə edilib, onlarca ölkədə səslənmiş və hər yerdə dövlət başçısının öz ana dilinə məhəbbətini əks etdirib.

 

 

 

 

Tarix
26 Yanvar 2016 [16:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin