Ana səhifə
21 Noyabr 2018

Azərbaycançılıq ideologiyasında Azərbaycan dili çox mühüm yer tutur

Bu, Azərbaycanda milli mənlik şüurunun  gücləndirib

XX   yüzillik   isə   Azərbaycan   ədəbi   dilinin   ən   sürətli   tərəqqisi   və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olub. Bu dövrdə milli dilə, sonralar isə milli dövlət dilinə çevrilən Azərbaycan dili zənginləşmiş ideoloji mübarizənin mərkəzində durub. Bu ideologiyanın formalaşmasında Ulu Öndər Heydər əliyevin böyük rolu olub. Onun sayəsində Azərbaycançılıq ideologiyası Azərbaycan mədəniyyəti və sivilizasiyasının təməlini təşkil edən güclü mənəvi qüvvəyə çevrilib. Şərq, dünya, Avropa mədəniyyətlərinin sintezini özündə birləşdirən çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün ən mühüm ideologiya olan azərbaycançılıq tarixi zərurətdən yaranıb.  
Qüdrətli şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırıb. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramaları - böyük strategiyanın təməl faktları idi.
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Akademik R.Mehdiyev “Heydər Əliyevin  siyasi portretinin cizgiləri” məqaləsində yazır: “Hamıya  məlumdur ki, xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev tərəfindən yaradılması konsepsiyasında Azərbaycan dili çox mühüm yer tutur. Heydər Əliyev özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, çıxışları, müsahibələri yeni siyasi üslubu formalaşdırmış və Azərbaycan dilini o qədər əhəmiyyətli dərəcədə zənginləşdirib ki, tədqiqatçıların hələ neçə-neçə nəsli natiqlik sənətinin bu nümunələrinə müraciət edəcəkdir.”
Akademik R.Mehdiyev bütövlükdə Heydər Əliyev epoxasını yüksəliş epoxası adlandırır. O yazır: « İqtisadiyyatdan başlamış mədəniyyətə qədər müxtəlif sahələrdə yüksəliş. Məsələn, hazırda hamının obyektiv olaraq Azərbaycanda müasir renessans dövrü kimi qiymətləndirdiyi 1970-1980-ci illər o vaxta qədər xalqın qəlbində və ən ülvi niyyətlərində illərlə gizli qalan milli ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan dövləti ideyasının dirçəldilməsi, onun ideya-mənəvi özək və gələcək milli azadlıq hərəkatının hərəkətverici qüvvəsi səviyyəsinə yüksəlməsi üçün əlverişli zəmin yaradıb.
Bu illərdə Azərbaycanda milli mənlik şüuru xüsusilə güclənib. Heydər Əliyev bu prosesi çox böyük həssaslıq və uzaqgörənliklə idarə edir və tənzimləyirdi. Sovet sisteminin güclü təzyiqinə baxmayaraq, Azərbaycanın gələcək milli dövlətçiliyi naminə mühüm addımlar atılırdı. Bu fəaliyyətin ən mühüm istiqamətlərindən biri Heydər Əliyev tərəfindən yaradılmış milli dövlətçilik, xalqımızın ümummilli mənəvi birliyi konsepsiyasında mühüm yer tutan Azərbaycan dilinin hərtərəfli dəstəklənməsi olub.
Mübaliğəsiz deyə bilərik ki, XX əsrin son 30 ilində Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və onun hörmət qazanması - bütün bunlar Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, daimi diqqət və qayğısının nəticəsi olub. O, Azərbaycan dilinin inkişaf etməsi, onun insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsasına çevrilməsi, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazım olduğunu çox gözəl bilir və hiss edirdi.
Bu halda onu da unutmamalıyıq ki, Azərbaycan dili çox əlverişsiz inkişaf şəraitində olduğu bir vaxtda ilk dəfə bu problemə Heydər Əliyev müraciət edib. Məlumdur ki, dil ona qarşı zorakılığa dözmür, bu və ya digər dilin istifadəsi və inkişafı sahəsini məhdudlaşdırmaq arzusuna əsaslanan hər hansı siyasi kataklizmlərə son dərəcə həssas reaksiya verir.
Bir sıra geosiyasi səbəblər üzündən mürəkkəb tarixi proseslərin yol ayrıcında olmuş Azərbaycan xalqı müxtəlif etnosların, mədəniyyətlərin və konfessiyaların qarşılıqlı nüfuzu və bir-birini qarşılıqlı zənginləşdirməsi şəraitində bütün çoxəsrlik tarixi boyunca dilə son dərəcə qayğıkeş münasibət bəslyib. Çox vaxt bu dil bilinqvizm şəraitində mövcud olub, lakin xalq həmişə xüsusi məsuliyyət hissi ilə yanaşıb ki, ən çətin və qarışıq dövrlərdə Azərbaycan dili qorunsun və inkişaf etsin. Heydər Əliyev əsrlərin və minilliklərin kəsişməsində bu tarixi prosesləri qiymətləndirərək deyirdi ki, biz hamımız əvvəlki nəsillərin fədakarlığına görə minnətdar olmalı və fəxr etməliyik, ən əvvəl ona görə ki, tarixi kataklizmlər dövrlərində Azərbaycan dili məhv olmamış, inkişaf və zənginləşməkdə davam edib.
Sovet ideologiyasının ən qızğın məddahları bu ideologiya çərçivəsində milli dillərin hər birini yeni tarixi birliyin - vahid dili rus dili olan sovet xalqının formalaşması və təşəkkülü yolunda yalnız maneə hesab edirdilər. Biz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi ilə əlaqədar fədakar fəaliyyətini məhz mürəkkəb tarixi şərait prizmasından qiymətləndirməliyik».
1960-cı illərin axırlarından respublikaya başçılıq edən Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi, mənəvi meyarlarımızı dərindən bilməsi sayəsində milli dilin inkişafına və tətbiqinə şərait yaratmış uzunmüddətli siyasət işləyib hazırlayıb və bütün əngəllərə baxmayaraq, durmadan həyata keçirib.
O, mərkəzdən asılı olan, qapalı sistemdə yaşayan və üstəlik, müsəlman-türk olan respublikamızda milli dil siyasətini olduqca dərindən ölçülüb-biçilmiş şəkildə həyata keçirib. Heydər Əliyev heç vaxt ötəri imic yaradan tələsik addımlar atmırdı. Onun bu keyfiyyəti milli dilə münasibətdə daha parlaq şəkildə ifadə olunub. Hər bir vətəndaş və ilk növbədə yaradıcı ziyalıların nümayəndələri dilə çox ağrılı, həssas münasibət göstərirdilər. O, hər kəsin diqqətini bu problemə cəlb etməklə onu gündəmə çıxarıb və təkcə rəhbərlik səviyyəsində deyil, həm də zəngin tarixə və mədəniyyətə malik olan bütün xalq səviyyəsində həll edib.
Beləliklə, Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi, həmçinin Azərbaycan cəmiyyətində onilliklər boyu yığılıb qalmış iqtisadi, siyasi və sosial problemlər yalnız keçən əsrin 60-cı illərinin sonunda Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra bütün kəskinliyi və aktuallığı ilə gündəmə çıxarılıb.
Yaşlı nəslin yaxşı yadındadır ki, onilliklərlə həm Azərbaycanda, həm də digər sovet respublikalarında bilinqvizm məişətdə məcburi şəkildə tətbiq edilirdi. Dövlət müəssisələrində isə rus dilinin geniş istifadəsi hər vasitə ilə təşviq edilir, bu isə milli dilin dövlət dili kimi inkişafı yolunda ciddi əngəllər yaradırdı.
(ardı var)

Tarix
25 Yanvar 2016 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin