Ana səhifə
24 Sentyabr 2018

Azərbaycançılıq ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır

O xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir

Prezident Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet hissəsini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Dövlət siyasətinin strategiyası olan azərbaycançılıq dolğun ideologiyanın bütün keyfiyyətlərini qazanır, Azərbaycan xalqının bu günü və gələcəyinin qavranılması və qiymətləndirilməsini müəyyən edir.
Akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazır ki, xalqın həyatının təşkilinin ali forması, fundamental antropoloji təsisat dövlətdir. «Məhz buna görə də dövlətçilikdən məhrum olmuş xalqlar dünya tarixinin səhnəsindən silinmişlər. Xalqın öz dövlətçiliyinə münasibəti barədə rəylərin dairəsi kifayət qədər genişdir və öz dövlətçiliyinə görə qürur hissindən və dövlət atributlarına çox böyük hörmətdən tutmuş, "xalqın öz hökumətlərini tənqid etməsindən xoşu gəlir" kimi bizim günlərədək mənasını itirməyən qədim Roma deyiminədək ən müxtəlif variantlarda özünü göstərir». Onun sözlərinə görə, bəzi tədqiqatçılar milli dövlət ideyasını beynəlxalq münasibətlərin hakim konsepsiyasına qurban verərək bu ideyanı tarixin arxivinə göndərməyə nə qədər tələssələr də, əslində, biz milli dövlət modelinin müəyyən modifikasiyası ilə qarşılaşırıq. «Hər bir dövlətin hər bir vətəndaşına aydın olmalıdır ki, beynəlxalq münasibətlərin təşəkkül tapmış müasir sisteminin əsasını suveren dövlətlər təşkil edir. Milli dövlət öz suverenliyini qorumağa, milli rifahın maksimum səviyyəyə çatmasına nail olmağa çalışır və s. Məhz belə qavrama prizmasından yanaşaraq vurğulamaq lazımdır ki, müasir Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə və onların sosial rifahına təminat verməyə qadirdir.
Dünyanı öz gözləri ilə görməyə çalışan hər bir insan təkcə milli ənənəyə deyil, həm də dünya sivilizasiyasına mənsub olduğunu dərk etməlidir. Ailə, soy, icma, etnos, dil birliyi həyatımıza təbii surətdə daxil olmuş kateqoriyalardır. Lakin daha yüksək, mücərrəd səpkili, yəni millətin fövqündə duran və onun dünyagörüşünün formalaşmasında fəal iştirak edən dəyərlər var.
Bu, milli ideya, milli ideologiyadır ki, onların təsiri nəticəsində dünya tarixi və siyasətinin müəyyənləşdirdiyi məkanda millətlər və dövlətlər yaranır, inkişaf edir, yaşayır, öz nadirliyini qoruyub saxlayırlar. Bu məkanın özünü sivilizasiya telləri birləşdirir və bunlar bir regionun xalqları və dövlətlərinin milli xüsusiyyətlərini inkar etməyərək və kiçiltməyərək onların yanaşı yaşamasını və əməkdaşlığını mümkün edir»,- Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazır.
Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkədir. Bizim sivilizasiyamız əsasən iki güclü qüvvənin təsiri altında formalaşmışdır: Şərq təməli və Qərb təsiri. Məlumdur ki, xalqın ictimai-tarixi inkişafının başlıca istiqamətlərini, onun xarakterini, dünya siyasi meydanında davranışını ən çox coğrafi determinizm amili müəyyən edir. Mütəfəkkirlərin bir çoxu coğrafi mühiti siyasi həyat, dövlət quruluşu formalarının və milli varlığın digər formalarının determinantı kimi qiymətləndirir. «Biz bu tədqiqatımız çərçivəsində milli ideologiya kimi azərbaycançılığın mahiyyətini təhlil etməyi qarşımıza məqsəd qoymuruq. İndi bu ideologiya dövlətçiliyimizin bir hissəsidir. Hegelin belə bir dahiyanə kəlamını xatırlamaq kifayətdir: "Xalqın dövlət quruluşu onun dini, onun incəsənəti və fəlsəfəsi ilə, yaxud heç olmasa onun təsəvvürləri və fikirləri ilə, ümumiyyətlə, onun mədəniyyəti ilə birlikdə vahid substansiyanı, vahid ruhu əmələ gətirir. Dövlət fərdiləşmiş bütöv deməkdir, bu bütövdən onun ən yüksək dərəcəli əhəmiyyətli bir tərəfini də ayırmaq olmaz".
Dərk etmək lazımdır ki, biz keçid iqtisadi sistemi olan, vətəndaş cəmiyyəti təsisatlarının formalaşdığı tranzitar cəmiyyətdə yaşayırıq və Ermənistanla müharibə vəziyyətindəyik. Belə bir şəraitdə azərbaycançılıq inteqrativ ideoloji sistem kimi, "milli ideya" forması kimi təsəvvür edilir. Bu ideyanın əsasında sivilizasiyalı Avrasiya birliyinin bir hissəsi - özünəməxsus milli özgünlüyə, ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır.
Ramiz Mehtiyev yazır: «Tarixi inkişafın gedişində inteqrasiya olunan və formasını dəyişən "milli ideya" dövlət quruculuğu prosesində həmişə mühüm yaradıcı rol oynamışdır. Hələ qədim romalıların imperiya istilaları prosesində formalaşmış öz "milli-dövlət" ideyası vardı: "Qoy başqaları metalı yumşaq və mərməri canlı etsinlər və mahir əllərindəki tişələrlə heykəllər yonsunlar: ey romalı, onlar bunu səndən yaxşı bacarırlar! Sən isə bir şeyi - dövlətinlə xalqları idarə etməyi, təkəbbürləri bağışlamağı və devirməyi yadında saxla". Tarixin dönüş məqamlarında milli ideya çox vaxt millətin və dövlətin inkişafının yeni istiqamətini müəyyən etmişdir.
Biz "yenidən ideologiyalaşdırmaya və ideologiyasızlaşdırmaya" çağırışlar dövrünü yaşayaraq ideologiya barəsində elə bir konstruktiv baxışa gəlib çıxmışıq ki, indi ideologiyanı obyektiv surətdə zəruri və müsbət hal kimi, siyasi vəzifələrin həlli üçün lazımi vasitə kimi, ölkəni modernləşdirmək üçün çox mühüm milli resurs kimi qavrayırıq. Bununla yanaşı, azərbaycançılıq bizim üçün, ilk növbədə, cəmiyyətimizdəki dəyərlərin elə bir sistemidir ki, o, ayrıca bir vətəndaşın həyatını ali ümummilli və ümumbəşəri dəyərlər dünyasına qovuşdurmaq üçün çox böyük əhəmiyyətə malikdir.
Azərbaycançılığın məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mifologiyasını, mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan yeni ideyaları əsaslandırmaq və milli dövlətin inkişafının yeni vektorunu müəyyənləşdirmək üçün istifadə edir. İndi o, cəmiyyətimizdə ən qurucu və dinamik qüvvədir.
Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir. Təbii ki, milli birliyə mənsubluq hissi həyatın özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik hissini aradan qaldırmağa kömək göstərir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət, vahid xalq formalaşdırır.
Deyilənləri nəzərə alaraq Qərb tədqiqatçılarının belə bir fikrini müəyyən dərəcədə başa düşmək olar ki, insan "dərin köksalma və demək olar ki, tayfa mənsubiyyəti duyğuları doğuran tarixi ənənələrin mövcudluğu şəraitində özünü müdafiə olunmuş hiss edə bilər".
Onu da nəzərə almaq lazımdır ki, cəmiyyətin modernləşməsi, kosmopolitləşməsi, simasızlaşması və buna müvafiq olaraq öz kökündən qopmaq meyilləri gücləndikcə bu tələbat nəinki azalmır, hətta müəyyən şəraitdə qat-qat artır. Belə vəziyyətdə məhz dövlət - insan birliyinin bu özünütəşkil forması bir çox sosial fenomenlərin formalaşması və institusionallaşmasının amilinə çevrilir.
"Mən - sivilizasiya" anlayışının inikası kimi azərbaycançılıq hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətinə, inkişaf strategiyasına, formasına etno-siyasi baxış kimi çıxış edir. Azərbaycançılıq cəmiyyətin normativ dəyərlərinin vəhdətinə - dövlət hüquq düşüncəsinin, əmək və işgüzar etika tərbiyəsinə, mənəvi dəyərlərə qovuşmağa səmtlənir və beləliklə də növbəti dəfə neokonservatizmlə çuğlaşır.
Azərbaycançılıq güclü dövlət hakimiyyətinin və möhkəm milli intizamın, milli maraqların və milli özünüdərkin olmasını istəyir. O, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, millətin və dövlətin real imkanlarından irəli gələn reformizmi təbliğ edir.
Azərbaycançılıq ideyasının dərk olunmasının əsasında Azərbaycan millətinin tarixi, mənəvi-əxlaqi və mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik və milli eyniyyət həmin nəsillər üçün layiqli həyatının və şəxsi azadlığının ayrılmaz atributlarına çevriləcəkdir.
Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Xalqın məhz çox böyük potensial ehtiyatlarının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində milli ideologiyanın əsası olaraq qalacaqdır».

Tarix
22 Yanvar 2016 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin