Ana səhifə
26 Sentyabr 2018

Strategiya gözləntilərindən bi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidi

Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri prioritet təşkil edir

Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Prezident fərmanları bu istiqamətdə görülən mühüm tədbirlərdəndir. 
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı da bu qəbildəndir. 
Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutudur. 
2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasında isə qeyd olunur:  “Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir”.  Strategiya gözləntilərindən biri də məhz gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsidir. Sadalanan bu işlər həqiqətən də təqdirəlayiqdir, amma bu sahədə aparılan iş daha da gücləndirilməlidir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır. Bir çox dünya dövlətlərində dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə, milli bayramlara hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılır.  Bizdə Dövlət Bayrağı meydanının açılması, ayrı-ayrı dövlət orqanları qarşısında bayraqların dalğalanması çox mühüm hadisədir. 
Bütün bunlar gənclərin bayrağa, eyni zamanda dövlətin digər atributlarına bağlılıq hissini artırır ki, bu da, öz növbəsində, gənclərin formalaşmasına yaxşı mənada təsir göstərir. Çünki məsələyə vətəndaş məsələsi kontekstindən yanaşanda bir məmurun, hərbi səlahiyyətli şəxsin bayrağa münasibəti, Dövlət Himni oxumasının özü də digərləri üçün bir nümunə, örnəkdir. 

Hərbi vətənpərvərlik, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, təhsildə vətənpərvərliyin gücləndirilməsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi və sair azərbaycançılığın  təməlini təşkil etməlidir. Ölkəmizdə gənclərin Qarabağı unutmaması, vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün onların Qarabağa, cəbhə xəttinə, səngərlərə mütəmadi səfərləri təşkil edilməlidir. Müharibə vəziyyətini, torpaqların yağı düşmənin tapdağı altında olduğunu əyani şəkildə öz gözləri ilə görmək, səngərdən düşməni müşahidə etmək bu gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayacaqdır.
Unutmaq olmaz ki, bütövlükdə milli dövlətçilik, müstəqillik, hüquqi-demokratik, dünyəvi dövlət quruculuğunun müvəffəqiyyətlə başa çatdırılması onun ölkə vətəndaşları tərəfindən dərk olunması nəticəsində mümkündür. Bu, Azərbaycan gənclərinin dövlətimizin müstəqillik rəmzlərinə hörmət və məhəbbət hissinə tam yiyələnməsi, milli mənlik şüuruna malik olan vətənpərvər kimi yetişməsi sayəsində mümkündür. Dövlət müstəqilliyinin qorunub saxlanması, dünya birliyinə inteqrasiya indi azərbaycanlıların milli mənlik şüurunun tərkib hissəsinə çevrilib. Məhz müstəqil Azərbaycan dövlətinə, onun hadisələrlə zəngin tarixinə görə ölkə gənci qürur hissi keçirməli və bunların qorunmasında öz vətəndaşlıq borcunu dərk etməlidir. Çünki aparılan sistemli işlər nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir.
Bu gün Azərbaycan dövlətinin yeritdiyi siyasət açıq və aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri prioritet təşkil edir. Ölkədə gedən proseslərin düzgün, konkret, canlı və inandırıcı şəkildə gənclərə çatdırılması vətəndaşlıq hisslərinin inkişafına öz töhfəsini verir. Bununla belə, ölkə gəncləri xalqlar və millətlər arasında mədəni əlaqələrin necə yaranıb inkişaf etdiyini bilməli, ictimai yaşayış qaydalarının pozulması hallarına qarşı barışmaz olmalıdır. Bunun üçün də Azərbaycanda dərc olunan qəzet və jurnallar mənəvi tərbiyənin mühüm tərkib hissəsi olan milli mənlik şüurunun tərbiyəsi sahəsində təbliğatı gücləndirməlidir. Onun fikirlərindən belə qənaətə gəlmək olar ki, sadə şəxs bunları edərkən bəlkə də elə də təsirli olmur, amma bunu səlahiyyətli, tanınmış şəxs yerinə yetirəndə daha təsirli olur. Bu baxımdan dövlət tərəfindən sözügedən istiqamətdə görülən bir sıra işlər təqdirəlayiqdir. Bunun effekti ölçüyəgəlməzdir.

Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin 31 faizi gənclərdir. Sosial həyatın bütün sahələrinə nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərilərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Tarix
19 Yanvar 2016 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin