Ana səhifə
14 Noyabr 2018

Gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir

Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir

Ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edir. Eyni zamanda, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını öz üzərinə götürür. Deməli, ordu təkcə dövlətin ərazisini, müstəqilliyini, suverenliyini deyil, həm də bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib struktur olduğunu sübuta yetirir. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrindədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa digər peşə sahibi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir.
Ölkə qanunvericiliyinə görə, 18 yaşı tamam olan gənclər orduya hərbi xidmətə çağırılır. Azərbaycanda sıravi hərbi xidmət müddəti 18 aydır. Ali təhsilli gənclər isə 1 il hərbi xidmətdə qulluq edir. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə olan gənc fiziki, mənəvi-psixoloji cəhətdən formalaşır, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənir. Ona görə də çox vaxt el dilində deyirlər ki, hərbi xidmət bir kişilik məktəbidir. Görünən odur ki, gənclərin hərbi xidmətə marağı hər keçən gün artır. Təsadüfi deyil ki, rəsmi statistik məlumatlara görə, son illər Azərbaycan ordusunda fərarilik halları əhəmiyyətli şəkildə azalıb. Demək olar ki, yox səviyyəsinə enib. Halbuki, 15 il əvvəl bu kimi problemlər daha qabarıq formada özünü göstərirdi. Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsi ilə bağlıdır. Gənc əsgərlərlə tez-tez fərdi söhbətlər aparılır, onların problemləri dərindən öyrənilir. Arzuolunmaz halların baş verməməsi üçün təlim-tədris müddətində gənc əsgərlərlə təlim prosesini başa vurmuş əsgərlərin görüşünə icazə verilmir. Gənc əsgərlərin səhhəti hər gün yoxlanır. Problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda gənclərin hərbi xidmət keçməyə olan marağı artacaq. Hərbidə xidmətdən yayınma hallarının azalmasının əsasında dayanan başlıca mənəvi faktorlardan biri gənclərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasıdır. Məsələ ondadır ki, xidmətə çağırılan gənclər müxtəlif ailələrdə böyüyüb və onların psixoloji durumları fərqlidir. Ailə şəraitilə bağlı olaraq əsgərlərin hər biri düşdüyü hərbi mühiti fərqli şəkildə qəbul edir. Ancaq vətənpərvərlik hisslərinin gənclərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Eyni zamanda, onlarda vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına kömək edir. Məsələ ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist və praqmatik prizmadan yanaşır. Gənclik anlayır ki, hansısa bir dövlətin vətəndaşı gəlib onların yerində Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik hallarının heçə enməsinə gətirib çıxarır. Onu da nəzərə almalıyıq ki, dövlətimiz 20 il əvvəlki respublika deyil. Bəzi çatışmazlıqlara rəğmən, ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Görünən odur ki, hər keçən gün gənclər üçün hərbi xidmətin önəmi artır. Ali təhsil alan gənclər hərbi xidmətə getməyi özləri üçün mənəvi bir borc hesab edir. Bütövlükdə hərbi xidmətin gənclərdə vətənpərvərlik hisslərinin, milli mənlik şüurunun formalaşmağında özünəməxsus rolu və əhəmiyyəti var. O baxımdan, hərbi xidmətin rolunu heç vaxt kiçiltmək olmaz.
Hərbi xidmətin gənclərin həyatında oynadığı rol çox şaxəlidir: Bu təkcə vətənpərvərlik hisslərinin formalaşmağı ilə məhdudlaşmır. Ümumilikdə hərbi xidmət hər bir vətəndaşın borcudur. Xüsusən də söhbət kişi cinsinə aid olan vətəndaşlardan gedir. O da var ki, bir sıra ölkələrdə qadınlar da hərbi xidmət keçir. Məsələn, İsraildə qadınlar hərbi xidmət keçir. Azərbaycanda, məlum olduğu kimi, hərbi xidmətə çağırış ildə 4 dəfə həyata keçirilir. Müqayisə üçün qeyd edim ki, sovet dönəmində orduya çağırış ildə 2 dəfə olurdu və maksimum yaş həddi 27 idi. Hazırda bizdə gənclər 18 yaşdan 35 yaşadək hərbi xidmətə çağırılır. Vətənpərvərlik hisslərinin işartıları uşaqlıqdan gənclərə təbliğ olunmalıdır. Həmçinin, təbliğat vasitələrində, tədris müəssisələrində, hərbi vətənpərvərlik və hərbi xidmətə çağırış xüsusi diqqət mərkəzində olmalıdır. Təəssüflər olsun ki, şəhərin bir sıra yerlərində yerləşən reklam lövhələrində bu kimi şüarları görmürük. Əsasən kommersiya xarakterli reklamlara önəm verilir. Halbuki, hərbi xidmətin gənclərin həyatında oynadığı rola daha çox diqqət yetirməyə ehtiyac var. Çünki hərbi xidmət keçən gənc əvvəla müstəqil həyata qədəm qoyur və bir sıra sınaqlardan çox uğurla çıxır. O üzdən, hərbi xidmət elədir ki, orada insanların zəif, güclü cəhətləri, digər keyfiyyətləri məlum olur. Başqa bir tərəfdən, hərbi xidmətdə gənclərin bir-biri ilə kollektiv münasibəti formalaşır. Hərbi xidmət gənclərə vətənpərvərlik hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalaşdırır. Onlarda vətənə bağlılıq kontekstində daha geniş təsəvvürlər formalaşdırır. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində olduğu üçün, hərbi xidmət gənclərdə düşmənə qarşı nifrət hissinin formalaşmağına təkan verir. Bundan başqa, hərbi silahlardan, texnikadan istifadə qaydalarına yiyələnmək baxımından xidmətin gənclər üçün özünəməxsus rolu var. Bu da istər millətin, istərsə də həmin insanın özünün təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. Ona görə də hesab edirəm ki, kimliyindən asılı olmayaraq, bütün gənclər hərbi xidmət keçməlidir. Çünki hərbi xidmət həm də bir kişilik məktəbidir. Hərbi xidmətin gənclərin formalaşmağında oynadığı rolu orta ümumtəhsil müəssisələrində şagirdlərin diqqətinə çatdırmaq lazımdır. 
Yəni azərbaycanlılar olaraq, bizdə hərbə münasibət digər xalqlardan fərqlənib. Bu da bizim etnik, milli psixologiyamızdan irəli gələn bir şeydir. Çünki türklər hər zaman bir hərb milləti olublar. Ona görə də gənclərimizdə hərbə münasibət, bir millət olaraq vətənpərvərlik, dövlətçilik hisslərinin gücləndirilməsi baxımından önəmli rol oynayıb. Tarixə ekskursiya etsək çox əyani şəkildə bunun şahidi ola bilərik. Qədim idarəçilik sistemində də hərbçilərin, hərbi strukturların rolu çox böyük olub. Bu da bizim millətin hərbi xidmətə olan rəğbətindən irəli gələn bir şeydir. Necə deyərlər, bu bizim milli özəlliyimizdir. Bunun nəticəsidir ki, türklər əsrlərlə qitələri idarə edən millət olaraq özlərini tarixdə təsdiq edib. Bu baxımdan müasir dövrdə hərbi xidmət gənclərin, həm gənc, həm də vətəndaş kimi formalaşmasında önəmli amilidir. Bütün bu deyilənlərdən çıxış edərək hesab edirəm ki, gəncləri hərbi xidmət keçməyə təşviq etmək üçün bütün imkanlardan rasional şəkildə istifadə etmək lazımdır. Çünki hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Nə qədər çox sayda gənc hərbi xidmət keçsə, bu bir o qədər onların gələcəyi üçün faydalıdır. Elə etmək lazımdır ki, hərbi xidmətə yararlı olan gənclərin heç biri ordudan yayınmaq barədə düşünməsin. Hətta nəinki düşünməsin, heç təsəvvür belə etməsin.

Tarix
18 Yanvar 2016 [15:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin