Ana səhifə
21 Oktyabr 2018

Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var

«Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir»

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.
Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənpərvərlik azərbaycançılığın təməl daşlarından biridir. Ailədə uşaqların vətənpərvərlik ruhunda tərbiyyə edilməsi bu səbəbdən çox önəm daşıyır. Tərbiyənin arxasında duran adamın özü gərək yuxarıda sadalanan meyarları özündə daşımalıdır. Ailə tərbiyəsi vətəndaşın formalaşmağına o zaman müsbət təsir göstərir ki, ailə üzvlərinin dünyagörüşü, mənəviyyatı, əxlaqı yüksək olur. Digər tərəfdən, belələri təkcə milli yox, həm də bəşəri təfəkkür sahibi olmalıdırlar. Ümumən ailədə tərbiyə məsələsi ailənin üzvlərindən başlayır. Bir şeyi nəzərə almaq lazımdır ki, ölkəmiz Şərq və İslam dünyası ilə vəhdətdə götürüləndə azərbaycanlıların ailədə çox fərqli tərbiyə metodları ortaya çıxır. Xüsusən də övlada, uşağa münasibətdə fərqlər yetərincə çoxdur. Bu yöndə yaxşı cəhətlər də var, kəsirli cəhətlər də. Tərbiyəmizdə kəsirli cəhət ondan ibarətdir ki, uşaqlarımızı bir sıra hallarda sərbəst böyüməyə qoymuruq. Hesab edirəm ki, bu cür stereotiplərdən uzaqlaşmaq lazımdır. Ona görə ki, bu, uşaqların sərbəst düşünməsinə və mütərəqqi təşəbbüslərlə çıxış etməsinə mane olur. Bəzən bu o həddə gəlib çatır ki, müəyyən mənfi fəsadlara gətirib çıxarır. Ancaq bununla bərabər, danmaq olmaz ki, Azərbaycan ailəsində həqiqətən də yüksək tərbiyə normaları var. Halbuki, bir çox xalqlarda bu deyilənlər yoxdur. Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim ənənələrdən gəlir. Bu ənənələrin kökündə də xalqımızın mütərəqqi ailə tərbiyəsi vərdişləri dayanır. Bütün bunlar gənclərimizin sağlam vətəndaş olaraq formalaşmağına çox müsbət təsir göstərir. Hesab edirəm ki, bu Azərbaycan ailə tərbiyəsinin vacib elementlərindən biridir. Bizdə humanizm, insanpərvərlik ailədə uşaqlara çox yaxşı aşılanır. Bu da, öz növbəsində, uşaqların tərbiyəsinə müsbət mənada çox yaxşı təsir göstərir. Valideynlər çalışır ki, övladları xeyirxah, istedadlı, cəmiyyətə faydalı olsun. Bu minvalla bizim millətin, xalqın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı səviyyədə durduğunu, hansı cəhətdən mütərəqqi, qabaqcıl olduğunu dünyaya çatdıra bilərik. Digər tərəfdən, mütərəqqi övlad tərbiyəsi ənənələrinin təhsil sahələrində geniş təbliğ olunmasına ehtiyac var. Çünki ailədə uşağa verilən tərbiyəni məktəbdəki təlim-tərbiyədən ayrı təsəvvür etmək olmaz. Bunlar bir-biri ilə sıx bağlıdır.
Avam, savadsız, dünyagörüşü məhdud olan ailə üzvlərindən yüksək səviyyədə nəsə gözləmək olmaz. Yəni uşağın formalaşmağını bugünkü dövrün tələbləri çərçivəsində qura bilməz. İstər-istəməz bu kimi amillər ailə tərbiyəsində uşağın formalaşmağına sirayət edir. Bu mənada ailə tərbiyəsi, cavanların vətənpərvər ruhda, insan, şəxsiyyət kimi böyüməsi valideynlərdən asılıdır. Körpə vaxtından tərbiyənin özülü necə qoyulubsa, o cür də olacaq. Ona görə də ailə tərbiyəsinin oynadığı rolu dəyərləndirərkən, ilk növbədə valideynlərin özünün səviyyəsinə, tərbiyəsinə fikir verməliyik. Baxaq görək onlar nə vəziyyətdədir. Başqa bir tərəfdən, ailə tərbiyəsinin kökündə milli şüur və təfəkkür tərzi durmalıdır.
Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu «kiçik dövlət»lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. 
Cəmiyyətin vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə də böyük məsuliyyət və iş düşür.  Amma bu məsələdə ailə tərbiyəsinin xüsusi rolu var. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxara bilməsinlər.
 Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür.  
Qeyd edək ki. bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda 20 ildir ki, irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var".
Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Dövlət Bayrağı Meydanının açılışında iştirak edən prezident müstəqil Azərbaycanın vətəndaşı olduğu üçün hər bir kəsin fəxr etməli olduğunu bildirərək ölkə vətəndaşlarının, o cümlədən, gənclərin üzərinə düşən vəzifələri bir daha xatırladıb: "Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik".
(ardı var)

Tarix
13 Yanvar 2016 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin