Ana səhifə
15 Dekabr 2018

Vətənpərvərlik azərbaycançılıq ideologiyasının əsaslarından biridir

Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır

 Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Ulu öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə edilib: "Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan, Azərbaycanın ən vacib problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda, dünya azərbaycanlılarının ortaq hədəfi kimi milli ideologiyamızın təməl müddəalarından birini təşkil edir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir və bu, milli birliyimizin göstəricisidir.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı deyil və vətəndaşlıq mövqeyindən yüksək olan məfhumdur. Belə ki, vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisidir. Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Azərbaycan xalqı həmişə gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.    Vətənpərvərlik dedikdə ilk öncə Vətən üçün canından keçmək başa düşülür. Amma vətənpərvərlik yalnız vətən üçün canından keçmək  deyil. Bir əsərdə belə deyilmişdir: “Komandir əsgərdən soruşur ki, sən vətən üçün nə edə bilərsən, əsgər cavabında mən Vətən üçün canımdan keçməyə hazıram deyir. Komandir isə əsgər Vətənə sənin ölümün yox, düşmənin ölümü lazımdır, əgər sən ölsən Vətəni kim qoruyar” deyir.
  Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.
  Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir  və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməklə, alim maraqlı elmi kəşfləri ilə izah edirsə, müasir gənclərimiz doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görürlər. Milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etrmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir.
Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. bağlı sosial keyfiyyətlər daxildir. Milli mənliyə gedən yol isə milli özünüdərkdən keçir. Sadalanan keyfiyyətləri insan dünyagörüşünün formalaşdığı vaxtda əldə edir bu da vətəndaşın gənclik dövrünə təsadüf edir. Danılmaz faktdır ki, insan ilk tərbiyəsini ailədə alır. Bu tərbiyəyə yalnız etika, estetikanı aid etmək olmaz. Bəzən ailəni dövlətin kiçik modeli də adlandırırlar. Aparılan doğru bənzətməni əsas götürsək onda dövlətin vətəndaşı ailədə həm də dövlətin tələb etdiyi tələblərə uyğun tərbiyə almalıdır. Belə tərbiyə məsələsində hər bir valideynin üzərinə böyük yük və məsuliyyət düşür. Sözsüz ki, söhbət hüquqi məsuliyyətdən deyil, mənəvi məsuliyyətdən gedir. Hesab edirik ki, gənclərin ən mühüm tərbiyəsi sırasında onların vətənpərvər ruhda tərbiyə olunması əsas olmalıdır.
Bizim həm də müharibə şəraitində olmağımız, torpaqlarımızın bir hissəsinin qəsb edilməsi isə gənclərin məhz vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini bir qədər də vacib edir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalıdır. Verilən rəsmi statistik məlumatlara görə, Azərbaycan əhalisinin 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Ölkə əhalisinin mühüm bir hissəsini əhatə edən bu sosial təbəqənin ailədə vətənpərvərlik tərbiyəsi yüksək  səviyyədə aparılmalıdır. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır.  Ailədə uşaqların vətənpərvərlik tərbiyəsi ilə məşğul olması üçün valideynin özü hazır olmalıdır. Bütövlükdə cəmiyyətdə sağlam vətəndaşların formalaşmağında ailə tərbiyəsi ilə yanaşı, uşaq bağçasından tutmuş məktəblər də özünəməxsus rol oynayır. Bir növ bu təsisatların vəhdəti sayəsində tərbiyə işi aparılır. Dünyada dini, etnik kimlik nöqteyi-nəzərindən müxtəlif tərbiyə üsulları var. Bütövlükdə ailə tərbiyəsinin cəmiyyətdə oynadığı rol, ata-ananın tərbiyəsi, onun dünyagörüşü və əxlaq tərzi ilə ölçülür. Yəni onların əxlaq tərzi, düşüncəsi, cəmiyyətə, insanlığa, dövlətə, xalqa və vətənə münasibətinin hansı səviyyədə olması ilə bağlıdır. 
(ardı var)

Tarix
12 Yanvar 2016 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin