Ana səhifə
17 Noyabr 2018

Azərbaycançılıq ideologiyası vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir

Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir

Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Əksər halda “vətənpərvərliyi” kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir. Azərbaycançılıq ideyasının əsasını millətçilik yox, vətəndaşlıq təşkil edir. Bu ideyanın məqsədi Azərbaycanda yaşayan xalqların birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya millətçiliyi inkar etdirməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə hesab edir ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Azərbaycançılıq ideologiyası milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Deputat Rövşən Rzayev bildirir ki, Azərbaycançılıq ideologiyası dövlət quruculuğu prosesində vətəndaşın siyasi loyallıq mövqeyini təbliğ edir. Siyasi loyallıq “dövlətin sabitlik faktoru” kimi də göstərilir. Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə prosesidir. İlk növbədə insan özü özünə loyal yanaşır, sonra isə onun maraqlarını təmin edən dövlətə. Müasir dövlət insanın təhlükəsizliyini və sosial rifahını təmin edirsə, deməli hər bir kəs dövlətə hörmətlə yanaşaraq ona qulluq etməyə hazırdır. Məsələn, ABŞ vətəndaşlarının 70 % özlərini “dünya vətəndaşları” sayırlar. Bilmək olmaz, onların torpaqlarında münaqişə baş verdikdə onlar özlərini necə aparacaqlar. Ancaq ölkənin inkişafı, dövlət quruluşunun və siyasi vəziyyətin sabitliyi, sosial rifahın artması üçün onlar siyasi loyallıq mövqeyini tuturlar.
Onun sözlərinə görə. Azərbaycançılıq ideologiyası çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Rus mütəfəkkiri İ.İlin qeyd edir ki, “güclü hakimiyyət – aşağıların ləyaqətli və düzgün yuxarılara azad loyal münasibəti əsasında qurulur”. Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır.
Loyallıq ingiliscə “loyal” sözündən yaranıb, qanuna riayət edən, qanuna sadiqlik kimi tərcümə edilir. Loyallıq prinsipi J.J.Russo, Ş.Monteskye, T.Hobss və digər Qərb mütəfəkkirlərin əsərlərində təhlil edilib. Loyallıq mövqeyi müəyyən bir sosial qrupun və ya ümumilikdə xalqın hakimiyyətə münasibəti kimi göstərilir. Ancaq müəyyən zamanlarda loyallıq prinsiplərindən çəkinmə vətəndaşlıq mövqeyini heç də inkar etmir, hətta bu mövqeyə sadiqliyi göstərir. Heç bir xalq dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yarandığı halda loyal qala bilməz. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür.

Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Hər bir kəs hüquq münasibətlərin iştirakçısı olduğuna görə, mülki hüquq münasibətlərində mülki məsuliyyət, cinayət hüquq münasibətlərində cinayət məsuliyyəti, inzibati münasibətlərin subyekti kimi isə inzibati məsuliyyət daşıyır. Məsuliyyət hüquqi xarakter daşıdığı halda fərd qarşısında tələblər vəzifə olaraq qoyulur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində göstərilir ki, “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. Konstitusiyanın bu tələbi Vergi Məcəlləsində də öz əksini tapmışdır. Beləliklə, vergi ödəməkdən yayınma inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir.
Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.
 

 

Tarix
11 Yanvar 2016 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin