Ana səhifə
22 Sentyabr 2018

Dağlıq Qarabağa internat uşaqları yerləşdirilir

Akif Nağı: «Ermənistan nə qədər məskunlaşma aparsa da, istəyinə çatmayıb»

 

XİN: «Bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir»

 

Ermənistan artıq uzun illərdir işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma aparır. Müxtəlif münaqişə bölgələrindən qaçan ermənilər, eyni zamanda Ermənistanın öz ərazilərindən olan müəyyən imkansız insanlar Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda yerləşdirilir. Müvafiq beynəlxalq təşkilatların adekvat münasibəti olmadığından işğalçı tərəf bu əməllərini daha da genişləndirir. İş o yerə çatıb ki, Zəngilan rayonunun işğal günündə orada yeni uşaq bağçasının təntənəli açılışı edilib. Bu arada yayılan digər məlumata görə, Erimənistan uşaq evlərindən çıxan yeniyetmələri zorla işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırır.

Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı bu məsələ ilə bağlı deyir ki, Ermənistan bu işğalçı və beynəlxalq hüquq normalarına zidd hərəkətlərini davam etdirmək niyyətindədir: «Bunun qarşısının alınması üçün torpaqlarımız işğaldan azad edilməlidir. Əks halda Ermənistan internat uşaqlarının, münaqişə bölgələrindən qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi kimi ən müxtəlif oyunlardan çıxacaqlar. Ermənistan çox istəyir ki, həmin ərazilərdə sıx məskunlaşma aparsınlar. Hələ 1990-cı illərin ortalarında Robert Koçaryan belə bir platforma ilə çıxış etmişdi ki, 10 il ərzində Dağlıq Qarabağın əhalisi 300 min nəfərə çatdırılacaq. Amma bu günədək aparılan bütün səylərə baxmayaraq əhalinin sayı 1988-ci il səviyyəsinə çatmayıb. Ermənistanın açıqladığı rəsmi statistikaya görə, hazırda orada 137 min insan yaşayır. Amma beynəlxalq təşkitlatların araşdırmalarına görə, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayanların sayı 50-60 min nəfərdən artıq deyil. Ermənistan tərəfindən imkansız bütün insanlar müəyyən şirin vədlərlə bu ərazilərə gətirilir. Amma orada iş və şərait olmadığına, üstəlik də Azərbaycan tərəfinin hərbi əməliyyatların başlayacağı ilə bağlı mütəmadi bəyanatlarına görə, Dağlıq Qarabağ və ətraf rayonlarda insanlar yaşamaq istəmir. Ermənistan nə qədər məskunlaşma aparsa da, istəyinə çatmayıb».

A.Nağı deyir ki, bu halların qarşısının alınması üçün dövlət səviyyəsində geniş iş aparılmalıdır: «Beynəlxalq təşkilatlar qarşısında ciddi məsələ qaldırılmalıdır. Cəhd edilməlidir ki, beynəlxalq təşkilatlar həmin ərazilərdə monitorinq apararaq qanunsuz məskunlaşan şəxslərin sayı dəqiqləşdirilsin. Həmçinin, bunun mexanizmləri tapılmalıdır. Dünyanın tanınmış vəkillik institutlarını bu proseslərə qoşmaq lazımdır. Təəssüf ki, hələ bunu tam görmürük». 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev isə deyir ki, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir: “BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Digər tərəfdən ermənilərin indi uşaq bağçası açdığı Zəngilanda 1993-cü ildə erməni yaşamırdı.  Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasəti yürüdür».

Qeyd edək ki, Dağlıq Qarabağ və işğal altında olan digər rayonlarımızda qanunsuz məskunlaşdırma 90-cı illərin ortalarında kütləvi xarakter alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb. Habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb. 2004-cü ildən etibarən isə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihələri bir neçə dəfə BMT Baş Assambleyasının illik sessiyalarının gündəliyinə daxil edilib. 2004-cü ildə Azərbaycanın ilk dəfə BMT Baş Assambleyasında işğal altındakı ərazilərdəki qanunsuz məskunlaşdırma, qeyri-qanuni iqtisadi fəaliyyət, tarix-mədəniyyət abidələrinin dağıdılması və digər fəaliyyətlər barədə məsələni müzakirəyə çıxarmasından sonra münaqişənin nizamlanmasına dair vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu bu məsələləri araşdırmaq üçün xüsusi missiya yaradıb. Missiyanın təşkili BMT Baş Assambleyasının həmin il keçirilən 59-cu sessiyasının gündəliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilib. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Başqa sözlə Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişmək səyləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini daha da mürəkkəbləşdirir. Qanunsuz məskunlaşdırmanın təkcə Dağlıq Qarabağın inzibati hüdudları ilə məhdudlaşmayıb  işğal altındakı ətraf rayonları da əhatə etməsi Ermənistanın bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini bir daha göstərir.

 

Xalid

 

Tarix
30 Oktyabr 2014 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin