Ana səhifə
20 Sentyabr 2018

Vətəndaşlıq azərbaycançılığın əsas elementlərindən biridir

Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir 

Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan dilində vətəndaşlıq bir neçə məna daşıyır. Məsələn, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür. Bu barədə deputat Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, vətəndaşlıq anlayışının konseptual analizi metodoloji cəhətdən mürəkkəb məsələdir. «Ona görə ki, ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini müəyyən etmək çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil olunur və ictimai münasibətlər kontekstində nisbətən fərqli təqdim olunur. Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur. Məsələn, seçki prosesində iştirak etmə mütləq olmadığından hər bir vətəndaşın bu siyasi prosesdə fəallığına əsasən onun vətəndaşlıq mövqeyi olur»,- o deyir. 
Rövşən Rzayevin sözlərinə görə, cəmiyyətdə vətəndaşlıq fenomeninin zəif inkişaf etməsi ictimai-siyasi cəhətdən təhlükəlidir. «Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər. Seçki hüququ vətəndaşın hüquqi vəzifəsi deyil. Hər bir kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmayaraq seçkilərdə fəal iştirak etməlidir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət insanların sosial rifahı asılıdır»,- deputat deyir.
Onun sözlərinə görə. vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, fərdin öz şəxsiyyətini dərk etməsi, daxili azadlığı, dövlət hakimiyyətinə münasibəti, cəmiyyət və dövlət qarşısında məsuliyyəti və ən əsası öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. «Beləliklə, demək olar ki, vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.  
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır»,-Rövşən Rzayev söyləyir. 
Qeyd edək ki, vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Pedaqoji baxımdan hesab olunur ki, “siyasi mədəniyyət, hüquqi mədəniyyət, vətənpərvərlik və millətlərarası münasibətlər mədəniyyəti dövlətin hər bir üzvünə məxsus olan vətəndaşlıq əhəmiyyətli keyfiyyətdir”. Ona görə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik öz vətənini sevmək, onu qorumaq deməkdir.
Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Ulu öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə etmişdir: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir.
Rövşən Rzayevin sözlərinə görə, vVətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir.
Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Əksər halda “vətənpərvərliyi” kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.              

Tarix
8 Yanvar 2016 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin