Ana səhifə
15 Noyabr 2018

Ağ Evlə Yelisey sarayının “Yeni Qarabağ planları”

Rasim Ağayev: “Böyük güclərin regiondakı maraqlarının gerçəkləşdirilməsi üçün Dağlıq Qarabağ “primanka” rolunda ortaya atılır”

 

Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üçün tərəfləri konstruktiv addımlar atmağa çağırıb.  Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, tərəflər bu yaxınlarda Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Paris görüşü zamanı əldə edilmiş impulsa əsaslanaraq, “etibarın möhkəmləndirilməsi üzrə addımlar ata bilər və əlbəttə, bu, dialoqun möhkəmlənməsi yolu ilə baş verə bilər”. Psaki həm də ABŞ dövlət katibi Con Kerrinin Uelsdə münaqişə tərəfləri ilə keçirdiyi görüşləri də xatırladıb. Psaki vurğulayıb ki, Vaşinqton münaqişənin nizamlanması üçün möhkəm sülhün əldə edilməsi yolunda danışıqların irəliləməsi üçün tərəfləri dialoqa çağırır.

Qeyd edək ki, Paris görüşündə iştirak edən fransız diplomatlardan birinin verdiyi məlumata görə, onlar ilk başdanmüəyyən bir nəticənin olacağını düşünüblər. Diplomatın sözlərinə görə, prezident Fransua Olland hətta müzakirə mövzusunu genişləndirmək istəyib ki, Əliyev və Sarqsyan tək Dağlıq Qarabağ mövzusu ətrafında qapanıb qalmasınlar.Qəzetin yazdığına görə, nəticə cüzidir. Əsas məsələ - Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb. Tərəflər yalnız dialoqun 2015-ci ilin sentyabr ayında Nyu-Yorkda davam etdirilməsi barədə anlaşıblar. Amma "Le Mond" yazır ki, Ollandın ətrafı görüşün nəticəsindən razıdır. Paris hesab edir ki, bu ölkələrdə, xüsusilə də Rusiyanın təsiri altında olan Ermənistanda öz mövqelərini ciddi şəkildə möhkəmləndirə bilib. Özü də, Avrasiya İttifaqına girməsinə baxmayaraq, İrəvan Avropa ilə yaxınlaşmaq üçün yaman “əl-ayaqdan” gedir.

Qəzet yazır ki, Fransa, əlbəttə, çeviklik göstərməli və İrəvanı Avropa Birliyi ilə Rusiya arasında seçim etməyə məcbur etməməlidir. "Biz tələyə düşmək və Vladimir Putini əsəbiləşdirmək istəmirik",- deyə diplomatlardan biri qəzetə bildirib. Həm də qəzet yazır ki, Paris bu yaxınlarda seçim edərək ya "Mistral" hərbi gəmisini Moskvaya verməlidir, ya da böyük cərimə sanksiyaları ödəməlidir.

 

Politoloq Rasim Ağayev dedi ki, Paris görüşü və Ağ evdən gələn təkliflərdən heç bir yenilik gözləməyə dəyməz. Onun sözlərinə görə, belə yanaşmalar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi danışıqların əsas elementi olsa da, verilən açıqlamalarda böyük dövlətlərin geosiyasi maraqları xüsusilə üzə çıxır. Politoloq hesab edir ki, burada ABŞ-ın “etimadın möhkəmləndirilməsi” niyyəti, yaxud Fransanın Ermənistanda öz mövqelərini möhkəmləndirmək istəyi beynəlxalq aləmdə münaqişənin həlli ilə bağlı səmimi görünməyən antaqonist münasibətləri də ortaya qoyur. Onun sözlərinə görə, burada daha çox ABŞ və Fransanın digər həmcəd dövləti olan Rusiyanı bölgədən sıxışdırmaq siyasəti daha qabarıq görünür. Burada böyük güclərin regiondakı maraqlarını gerçəkləşdirməsi üçün Dağlıq Qarabağın “primanka” rolunda ortaya atılması halları daha çox görünür.

Politoloq dedi ki, son vaxtlar prezidentlərin görüşdürülməsi və tərəflər arasında dialoqun yaradılması məsələsini üzərində dayanan həmsədr dövlətlərini heç də münaqişənin ədalətli həlli düşündürmür. Onun sözlərinə görə, bu güclər regionla bağlı nəzərdə tutduqları layihələri öz istədikləri şəkildə həyata keçirib region dövlətlərindən heç birini özündən narazı salmaq istəmirlər. “Çox təəssüf doğurucu məqamdır ki, ABŞ və digər həmsədr dövlətlər bir yandan münaqişə tərəflərini dialoqa dəvət etsələr də, etimad mühitinin yaradılmasından danışsalar da, əsas məsələni unudurlar. Unudurlar ki, regionun ən zəif dövləti olsa da, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq başqa bir ölkənin ərazilərini işğal edib. İşğalçı ilə işğala məruz qalan dövlətlər və xalqlar arasında hər hansı bir formada etimad mühitinin yaradılması üçün birinci növbədə işğal faktına son qoyulmalıdır. Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılandan sonra iki xalq arasında etimad və dialoq mühitini formalaşdırmaq olar. Amma bu dövlətləri Qarabağ münaqişəsinin həlli maraqlandırmadığı üçün onlar ardıcıl şəkildə bu cür fikirlər səsləndirməklə baş qatırlar”

 

T.Qafarlı

 

Tarix
30 Oktyabr 2014 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin