Ana səhifə
26 Sentyabr 2018

Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətini möhkəmləndirməyə xidmət edir

Azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir

Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir. Deputat Rövşən Rzayev bildirir kki, azərbaycançılıq nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini cəmləşdirir. «Konstitusionalizmin əsas elementlərinə bunları aid etmək olar: demokratik və hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, yerli özünüidarə və s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət strukturunda, vətəndaş cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlıdır»,- o deyir.
Konstitusionalizmin çox lakonik və əhatəli tərifini macar professoru A.Şayo vermişdir: “konstitusionalizm - ictimai sabitlik məqsədi ilə hakimiyyətin məhdudlaşdırılması prosesidir”.
Bu ideologiyanın əsas məqsədi hakimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində idarəçiliyini təmin etməkdir. Ona görə hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür olunmalıdır. Rövşən Rzayev yazır: « Cəmiyyətin hər bir üzvü, xüsusilə dövlət qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini dərk edərək onları gündəlik fəaliyyətində rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət sistemi, dövlət idarəçiliyi institutları Konstitusiya əsasında sabit fəaliyyət göstərir və cəmiyyətdə ali dəyər olan insan hüquqlarının təminatına real imkan yaradırla».
Azrərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu münasibətlər və dəyərlər sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azrərbaycançılıqla konstitusionalizmin oxşarlığını aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir.
Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyaların fərqli xüsusiyyətləri də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycanşılıq isə konkret bir xalqı birləşdirən lokal xarakter daşıyır.
Azərbaycançılığı neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır və Qərbin sivil dəyərlərini təbliğ edir. Neokonservativizmin banisi Leo Ştraus olsa da bu nəzəriyyənin müasir əsasları ətraflı şəkildə Vilyam Kristal və Robert Kaqan tərəfindən 1996-cı ildə şərh edilmişdir.
Neokonservativizmin tərəfdarları hesab edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və söz azadlığını cəmiyyətə imperativ şəkildə çatdırmaq lazımdır. Azərbaycançılıq sivil cəmiyyət quruluşunu inkar etmir, əksinə, bunun üçün dəyərlər sistemini yaradır. Beləliklə, azərbaycançılığın müəyyən hallarda neokonservativizm xarakterli imperativ olması, digər hallarda isə qloballaşma baxımından konstitusionalizmin vahid dəyərlər sisteminə inteqrasiyası vacibdir.
Hər bir xalq inkişafa doğru gedir. «Bu inkişaf vahid prinsiplərə əsaslanır. Düzdür, sivilizasiya baxımından xalqların inkişaf yolları bir qədər fərqlidir. Məsələn, Şərq sivilizasiyasının adət-ənənələri Qərb sivilizasiyasının dəyərlərindən fərqlidir. Lakin insanlar universal dəyərlərin daşıyıcılarıdırlar. Hər bir kəs arzulayır ki, o yaşadığı cəmiyyətdə hüquqi bərabərlik, hakimiyyətin ədalətliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, ədalət mühakiməsi və s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb. Onların təminatı üçün demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur»,-Rövşən Rzayev deyir.
Hərçənd müəyyən tarixi zaman və şəraitdə hətta Avropada demokratiyanın tənqidçiləri, bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə edənlər olub. Məsələn, Uinston Çörçill II Dünya müharibəsindən sonra çıxışların birində qeyd etmişdir ki, “Demokratiya - idarəetmə formasının ən pisidir, ancaq digər formalar ondan da pisdir” 
Zaman göstərdi ki, demokratik rejim və hüquqi dövlət xalqların rifahının artmasına, qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət quruluşuna aparan inkişaf yoludur. Ona görə Azərbaycanda dövlət quruculuğu prosesində konstitusionalizm, azərbaycançılıq ideologiyalarının dəyərləri üstün tutulur.
Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur (bu barədə bir qədər sonra). Müəyyən hallarda isə sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma prosesləri etno-milli mənsubiyyətə təsir edərək münaqişələrə də səbəb olur. Bunu nəzərə alan bır sıra təhlilçilər qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər sistemi kimi xarakterizə edirlər.
Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.
İstənilən cəmiyyət dünya iqtisadi məkanın bir hissəsi olmadığı halda ümumi rəqabətə dözümsüz olur. İqtisadi uğursuzluq isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının həyata keçirilməsini çətinləşdirir. Müasir dünyada ölkələr iqtisadi inkişafa, milli təhlükəsizlik və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük verərək öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər.
Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”. 
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin bir-birini əvəzləməsinə, dövlət quruluşunda dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da universal dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir.

Tarix
7 Yanvar 2016 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin