Ana səhifə
16 Noyabr 2018

Azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır

Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir

SSRİ-nin süqutundan sonra dünyanın siyasi xəritəsində mühüm dəyişikliklər baş verdi, yeni müstəqil dövlətlər yarandı. Müstəqil Azərbaycan dövlətinin qurulması o qədər də asan olmadı. Çünki müstəqilliyin ilk illərində Azərbaycan ərazisinin 20 faizi erəməni işğalçıları tərəfindən işğal olunmuş, iqtisadiyatı tənəzzülə uğramışdı. Bundan başqa, ölkəmiz əleyhinə erməni təbliğatının aparılması Azərbaycan tərəfindən adekvat addımlarla müşayiət olunmurdu, Azərbaycan bu mənfur təbliğatın qarşısında çox aciz siyasət aparırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi. Məhz bütün bunların nəticəsi kimi o illərdə Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyə bilmir, müxtəlif ölkələrdə Azərbaycana qarşı ədalətsiz, qərəzli qərarlar qəbul olunurdu. Belə bir vaxtda Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. O, milli birliyimizin əsrlərin sınağından çıxmış «dövlətçilik» və «vətənpərvərliyi» özündə birləşdirən azərbaycançılıq ideyası ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyini təmin etdi. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan kimi etnik tərkib baxımından zəngin, çoxmillətli bir dövlətdə millətçilik ziyanlı fəsadlara yol aça bilər. Bu səbəbdən ümummilli liderin rəhbərliyi ilə azərbaycançılıq məfkurəsinin, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının, hisslərinin güclənməsi və onların real siyasi amilə çevrilməsi həyata keçirildi. Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində mürəkkəb geosiyasi dövrdə hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, Azərbaycanın milli mənafelərini qorumağa qadir, döyüş qabiliyyətli ordunun yaradılması istiqamətində bütün Azərbaycan cəmiyyəti sıx birləşdirildi. Bu birliyin əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi, həmrəyliyi və bütövlük ideyası dayandı. «Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib»,- Heydər Əliyev deyirdi. 
 Bu birliyin nəticəsidir ki, ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələr zərərsizləşdirildi. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, düşmən ordusunun hücumlarının və ölkənin parçalanmasının qarşısı alındı.  


Dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm diasporanın gücü ilə ölçülür

Tolerantlığı, polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideologiyası həm də Azərbaycanın şovinist siyasətli, monoetnik Ermənistanla apardığı informasiya mübarizəsində güclü siyasi və təbliğat silahına çevrildi. Çünki, ifrat ksenofobiya, davakar millətçilik üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq sağlam vətənpərvərlik ideologiyasıdır, onun mayasında başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır. 
Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasıdır. Azərbaycan dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək,  bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının borcu idi. Deməli, azərbaycançılıq ideyası Azərbaycan Respublikasının mövcud əraziləri, sərhədlərilə məhdudlaşmır. Bu ideologiya daha geniş anlayışdır. Təsadüfi deyil ki, Azərbaycan prezidenti cənab İlham Əliyev də bu ideya haqda danışanda, bunun 50 milyon nəfərdən çox insanı əhatə etdiyini bildirib. Prezidentin bununla bağlı verdiyi açıqlama tamamilə həqiqəti əks etdirən bir yanaşma tərzidir. Dünyada 50 milyondan çox azərbaycanlı yaşaması fakt öz-özlüyündə çox şey deyir, böyük bir qüvvəni təcəssüm etdirir. Bu səbəbdən də  soydaşlarımız arasında əlaqələrin genişlənməsi və intensivləşməsi, Avropa ölkələrində Azərbaycan diasporunun və lobbisinin fəaliyyətinin gücləndirilməsi  xüsusilə vacibdir. Milli Məclisin deputatı Rafael Cəbrayılov bu barədə deyir: “Müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritdi. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildi”.
 Heydər Əliyevin təşəbbüsü ilə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların 2001-ci il noyabrın 9-10-da Bakıda I qurultayını keçirildi. Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. I qurultaydakı çıxışı zamanı Heydər Əliyev azərbaycançılığın nə qədər önəmli olduğunu, bu ideyanı daşıyanların daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının nə qədər lazım olduğunu bir daha vurğuladı. Ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin, birliyinin təməl daşına, vətənpərvərlik devizinə çevrildi. Heydər Əliyev böyük siyasi məharət, səbr, eyni zamanda, qətiyyət və əzmlə dünya azərbaycanlılarını Dağlıq Qarabağ problemi ətrafında birləşdirə bildi. Onlarda Vətən eşqi, milli təəssübkeşlik yaratdı. Bu gün onlar Azərbaycanın dünya miqyasında, digər ölkələrin xalqları arasında tanıdılmasında, ölkəmizin xaricdə maraqlarının qorunmasında güclü və monolit bir qüvvəyə çevrilib.
Başqa bir tərəfdən, hər bir dövlətin ümdə vəzifələrindən biri də özünü dünya miqyasında, digər ölkələrin xalqları arasında tanıtmaqdan ibarətdir. Bütün dövlətlər çalışır ki, öz həqiqətlərini dünya ictimaiyyətinə doğru-düzgün çatdıra bilsin. Bunun üçün isə təbliğat aparılan ölkələrdə geniş işlər görülməsinə ehtiyac var. Azərbaycan da, öz növbəsində, öz həqiqətlərini, mədəniyyət, incəsənət, iqtisadiyyat, potensial imkanları, milli ideologiyasını və s. sahələri doğru-düzgün dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməlidir. Buna çatmaq çətin vəzifə olmaqla yanaşı, həm də şərəf işidir. Özünü bəşər ictimaiyyətinə elə göstərmək lazımdır ki, onlar da ölkəmizin hərtərəfli potensialından bəhrələnməkdə maraqlı olsun. Onu da xüsusi olaraq nəzərə almaq lazımdır ki, ölkəmiz hələ gəncdir. O üzdən, ölkəmizin dünyada təbliğ olunmasına ehtiyacı daha böyükdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya ölkələrinə sərbəst çıxış əldə edib. Bu isə ölkəmizə dünya birliyilə daha geniş əlaqələr qurmağa imkan verir. Belədə ölkəmiz, həm öz nailiyyətlərini dünyaya yayır, həm də başqa ölkələrdən yaxşı nə varsa əxz edir. 

Tarix
5 Yanvar 2016 [13:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin