Ana səhifə
20 Noyabr 2018

Azərbaycanla Türkiyə arasında ticarət dövriyəsi 15-20 milyard dollara çatdırılacaq

Səfir: “Qarşılıqlı investisiyaların həyata keçirilməsi kimi hədəflər hazırlanır”

 

 

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən (proqram təminatı, avadanlıq, elektronika, kilid, təhlükəsizlik sistemləri, kabel, ölçü cihazları, TV reklam və sair) Türkiyə şirkətləri, o cümlədən hər iki tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 120-dən çox sahibkar iştirak edib.

Türkiyə Elektrik Texnologiyaları İdarə Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu, bu forumun iki ölkənin iş adamları arasında mövcud əlaqələrin inkişafına öz tövhəsini verəcəyini bildirib: "Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır".

İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov bildirib ki, iş adamları arasında keçirilən ikitərəfli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, işgüzar əlaqələrin yeni sahələr üzrə genişlənməsinə təkan verəcək.

Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşkun biznes forumda çıxışı zamanı səsləndirib ki, Azərbaycan-Türkiyə Biznes Forumu iki ölkə arasında inkişaf edən dostluğun və əməkdaşlığın daha bir nümunəsidir.

A.Coşkun bildirib ki, regionun inkişafında Azərbaycanın rolu çox böyükdür: "Buna görə də bu rolu yüksək qiymətləndirirəm. Mən həm də ölkənizdə sürətlə gedən iqtisadi inkişafı böyük maraqla izləyirəm".

Səfir məlumat verib ki, Azərbaycan-Türkiyə arasında qarşılıqlı investisiyaların həyata keçirilməsi kimi hədəflər hazırlanır: “Bundan başqa, ticarət əlaqələrinin hazırkı 4-5 milyard dollarlıq səviyyədən daha yüksək səviyyəyə, yəni illik 15-20 milyard dollara çatdırılması da nəzərdə tutulur”.

Onun sözlərinə görə, forumda Türkiyədən gələn iş adamları bəlli sektorlar üzərindən azərbaycanlı tərəfdaşları ilə bir çox sahələrdə ikili danışıqlar aparacaqlar: “Onlar həm də birlikdə üçüncü dövlətlər üçün hansı sahələrdə əməkdaşlıq edə biləcəklərini müəyyənləşdirəcəklər. Bunlar çox mühüm təşəbbüslərdir. Çünki, iş adamlarının ehtiyac duyduqları bəzi mühüm amillər var. Bunlar siyasi sabitlik, iqtisadi inkişaf üçün mühitin yaradılması və dövlət nümayəndələri üçün siyasi iradə göstərmək bacarıqlarıdır. Həm Türkiyədə, həm də Azərbaycanda iş adamlarını bu məsələdə dəstəkləmək üçün münbit şərait yaranıb”. Səfir qeyd edib ki, dünyada gedən iqtisadi tənəzzülə və yaxın bölgələrdə baş verən proseslərə baxmayaraq, Azərbaycan güclü inkişaf yolunda yeni hədəflər müəyyənləşdirərək uğurla addımlayır.

Səfir iki ölkə arasındakı siyasi münasibətlərin də yüksək səviyyədə inkişaf etdiyini söyləyib: “İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, o cümlədən Rəcəb Tayyib Ərdoğanın da seçkilərdən dərhal sonra Azərbaycana gəlməsi münaisibətlərin hansı səviyyədə olduğunu göstərir. Bu qarşılıqlı səfərlər, siyasi müstəvidə münasibətləri daha yüksək səviyyədə inkişaf etdirmək üçün dövlət başçılarının güclü iradəyə sahib olduqlarını sübut etdi".

Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini deyib: "Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir. Hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur".

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

 

Əfsun

 

Tarix
30 Oktyabr 2014 [23:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin