Ana səhifə
18 Noyabr 2018

Sahibkarlıq subyektlərinə 200-dən artıq xüsusi razılıq (lisenziya) verilib

Azərbaycan xalqının gələcəyə nikbin baxması üçün kifayət qədər stimul var

İnstitusional tədbirlər görülür, islahatlar aparılır və korrupsiyaya qarşı  mübarizə geniş ictimai dəstəyə malikdir. Təbii ki, dövlətimizin başçısının vurğuladığı kimi, bu dəstək daha da fəal olmalıdır. Sistem xarakterli islahatların davam etdirilməsi, yeni təkliflərin verilməsi və  «ASAN» xidmət”in təcrübəsinin  geniş tətbiq edilməsi vacib amil kimi önə çəkilir. Uğurlarımızın davamlılığında vacib amillərdən biri kimi hər zaman  vətəndaş-məmur münasibətlərinin lazımi səviyyədə formalaşdırılması önə çəkilir. Sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev hər sahədə işlərin düzgün qurulmasının, məmurların, dövlət qurumlarının nümayəndələrinin xalqla bir yerdə olmasının mütləqliyini  diqqətə çatdırır. 
«Elektron hökumət»  layihəsi demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycan brendi olan «ASAN xidmət»in beynəlxalq təşkilatlar  tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizə marağı daha da artırmışdır. Bu layihənin tətbiqi ilə  məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması təmin olunur, korrupsiya və  rüşvətxorluq halları aradan qaldırılır. Hazırda Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.
Dekabrın 16-da İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı 5 saylı "ASAN xidmət" mərkəzində, Sumqayıt və Bərdə "ASAN xidmət" mərkəzlərində bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, baytarlıq preparatlarının satışı, qiymətli metalların və qiymətli daşların dövriyyəsi, tibb və əczaçılıq fəaliyyətləri, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.
Ümumiyyətlə, indiyədək İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 200-dən artıq xüsusi razılıq (lisenziya) verilib.
 Ümumiyyətlə, «Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır» tövsiyəsi ilə vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsini bütünlükdə sosial siyasətin əsas istiqaməti kimi diqqətə çatdıran Prezident İlham Əliyevin son aylardakı tələb və tapşırıqlarının əsasında da insan amili dayanır. Dərman preparatlarının, avia biletlərin, turizmin genişlənməsində, əsas amil olan otellərin qiymətlərinin tənzimlənməsi, sahibkarlara qarşı əsassız tələblərin aradan qaldırılması istiqamətində aparılan islahatlar yalnız ölkə əhalisinin rahatlığının təminatına yönəldilir.  «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən Prezident İlham Əliyev  bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalıdır, borcunu şərəflə yerinə yetirməlidir. Nazir və komitə sədrlərinin bölgələr üzrə planlaşdırılan əhali ilə görüşlərinin əsasında da insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi  dayanır. «Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır» deməklə cəmiyyətdə sağlam həyat tərzinin davamlı olması üçün bütün vətəndaşların öz vəzifəsinə məsuliyyətlə yanaşmasını tələb edir. Bu məsələlərə kompleks yanaşmanı tələb edən  Prezident İlham Əliyev sosial, ciddi xarakterli digər problemlərin həllini də vacib hesab edir. Ölkə ictimaiyyəti ilə  görüşləri zamanı əhalinin təkliflərini bilavasitə özlərindən  öyrənən Prezident İlham Əliyev ilk növbədə yerlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni-məişlət obyektlərinin salınması ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır.
 Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevbildirir ki, ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarzənin gücləndirilməsi, sistem xarakterli  islahatların aparılması Prezident İlham Əliyevin  siyasi iradə və qətiyyətinin təzahürüdür. Görülən işlər bu qənaətə əsas verir ki, Azərbaycan xalqının gələcəyə nikbin baxması üçün kifayət qədər stimul var.
 Qeyd edək ki, Azərbaycan gələcəyə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ilə gedir. Qarşıdakı illər ərzində sürətli iqtisadi inkişafın davam etdiriləcəyi, ümumdaxili məhsulun bir neçə dəfə artacağı və adambaşına düşən milli gəlirin on min dollar həddini keçəcəyi əsas hədəflərdəndir. Bu fikir beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən strateji məqsədlər naminə məharətlə istifadə edərək, bir sıra qlobal layihələrin təşəbbüsçüsü və icraçısı olmuş, Qərblə Şərqi, Şimal ilə Cənubu bir-birinə iqtisadi və siyasi tellərlə bağlayan məkana çevrilmişdir. Azərbaycan ölkədə planlı şəkildə həyata keçirilən iqtisadi islahatlar sayəsində regionun ən güclü və inkişaf etmiş dövləti olmuşdur. Prezident İlham Əliyev düşünülmüş xarici siyasəti nəticəsində müxtəlif dövlətlərin regiondakı maraqlarını Azərbaycanın mənafelərinin təminatına yönəltməyi bacarıb, ölkənin beynəlxalq əlaqələrini, enerji ixracı və nəqliyyat şəbəkəsini inkişaf etdirib,  ölkənin güclü iqtisadi təməli siyasi stabilliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirib. Qeyd etdiyimiz kimi, Cənubi Qafqazda daxili məhsuldan gələn ümumi gəlirin 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə seçilən Azərbaycan regional iqtisadi güc mərkəzidir. Dünyanı bürüyən, ən güclü dövlətləri belə təşvişə salan maliyyə və böhran illərində də  inkişaf dinamikasını saxlayan Azərbaycanda sosial islahatlar davam etməkdədir. Onun sözlərinə görə, sosial sahədə bütün proqramlar icra edilir. «Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik» söyləyən dövlətimizin  başçının vurğuladığı kimi, aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur. Ölkədə güclü sosial infrastruktur layihələri həyata keçirilir. Məktəblər, xəstəxanalar tikilir. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi davam etdirilir.  XXI əsrin Qlobal xəritədə ölkələrin oynadığı rol insanların intellektual potensialından daha çox asılı olacaqdır» çağırışının əsas amil kimi daim diqqətdə saxlanıldığı ölkəmizdə  insan kapitalına  böyük sərmayələr yatırılır. Prezident İlham Əliyevin vurğuladığı kimi güclü  olmaq üçün güclü iqtisadiyyat lazımdır. Qarşıdakı on ildə Azərbaycanı orta gəlirli ölkədən inkişaf etmiş ölkəyə çevirmək başlıca məqsəddir». Bu məqsədə nail olmaq üçün artıq bir çox layihələr gerçəkləşib. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını təsdiqləyərək, həyata keçirilən islahatları sürətləndirməklə Azərbaycan iqtisadiyyatını daha da gücləndirməyi hədəf kimi müəyyənləşdirən Prezident İlham Əliyevin dövlətimizin qüdrətlənməsi, əhalinin həyat tərzinin inkişaf etmiş dövlətlər səviyyəsinə çatması üçün gördüyü işlərin səmərəsi hər birimizin gündəlik həyatında əksini tapır. “Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafdır” söyləyən cənab İlham Əliyevin çıxışlarında  qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının, eyni zamanda hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Son illərdə müşahidə olunan, beynəlxalq ekspertlərin də etiraf etdikləri kimi, Azərbaycanın belə sürətli inkişafı daha möhtəşəm uğurlardan xəbər verir. Beşinci çağırış Milli Məclisin ilk icalsında möhtərəm Prezidentimiz İlham Əliyev böyük inam və qətiyyətlə bildirdiyi kimi, Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Bir sözlə, keçilən yolun ümumiləşdirimiş ifadəsi budur ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. 

Tarix
28 Dekabr 2015 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin