Ana səhifə
15 Noyabr 2018

İstehlak kreditlərin artım tempi iki dəfə azalıb

Əli Əlirzayev: “Mərkəzi bankın tədbirləri öz müsbət nəticəsini verir”

 

 

Azərbaycan Mərkəzi Bankı istehlak kreditləri ilə bağlı münasibətini açıqlayıb. Bank, bəzi istehlak kreditlərini ailələrin inkişafında mühüm rol oynaması baxımından müsbət qiymətləndirir, amma bunun da məlum bir çərçivədə olmasını istəyir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, bank sistemində artım institusional inkişaf ilə müşahidə olunmaldır: “Banklar risksiz, problemlərini çoxaltmadan, real sektor ilə əlaqələr qurmaqla inkişaf etməlidirlər. Biz belə bir inkişafın tərəfdarıyıq və qanunvericiliyə müvafiq olaraq bank sektorunu bu istiqamətdə yönəldirik”.

 

Bununla bağlı iqtisadçı alim Əli Əlirzayev deyir ki, son dövrlər istehlak kreditlərinin verilməsində müəyyən aktivlik müşahidə olunurdu: “İlin əvvəlində Mərkəzi Bank bir sıra tədbirlər görərək bu kreditlərin artım tempini aşağı saldı.

 

Ən son statistik rəqəmlərə görə, bütövlükdə iqtisadiyyatda biznes kreditləri ilə istehlak kreditlərinin nisbəti təxminən 73 və 27 faizdir. Çox maraqlı haldır ki, son 10 ildə aktivləri və kredit portfeli 20 dəfədən çox artmış bir sistemdə bu göstərici olduqca konservativdir. Demək olar ki, bu nisbət dəyişməyib”.

 

Müsahibimiz qeyd edir ki, Mərkəzi Bankda istehlak kreditlərinə münasibət nəzəri və praktiki baxımdan ikilidir: “İlk növbədə nəzərə almaq lazımdır ki, istehlak kreditlərinə tələbatın artması ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Əgər biz daha varlı ölkələrə baxsaq, onların milli məhsulları ilə müqayisdə istehlak kreditlərinin daha yüksək səviyyəsini görə bilərik. Təbii ki, insanlar nə qədər çox varlanırsa, onlar bir növ istehlaklarını qabaqlayaraq kredit hesabına daha da yaxşı yaşamağa çalışırlar və bunun üçün onların müəyyən iqtisadi bazaları var. Lakin araşdırma göstərir ki, istehlak kreditlərinin strukturunda başlıca yeri ipoteka kreditləri tutur. İstehlak kreditlərinin lokomotivi ipoteka kreditləridir və bu olduqca mühüm bir məsələdir”. İqtisadçı vurğuladı ki, bütövlükdə istehlak kreditləri prosesinin müsbət tərəfi ölkənin maliyyə sistemi ilə təmaslaşmasıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda 4 milyondan çox əmanətçi var: “Çox qısa bir müddətdə kredit alanların sayı 2 dəfə artıbdır. Ümumiyyətlə, inkişaf etmiş hər bir ölkədə yetkinlik yaşına çatmış hər bir vətəndaşın bir və ya bir neçə bank hesabı olmalıdır. Bu inkişafın əsas göstəricilərindən biridir. Biz bu prosesləri mübət qiymətləndiririk. Lakin əhalinin düşünmədən, ailə büdcəsini bilmədən həm kreditlərin sayını, həm də borc yükünü artırması, digər tərəfdən bankların isə özlərinin risk profillərini tam müəyyən etmədən bunu həyata keçirməsi çox ciddi fəsadlara gətirib çıxarda bilər. Bu da aksiomadır”.

 

O vurğuladı ki, Mərkəzi Bankın həyata keçirdiyi qabaqlayıcı tədbirlər məzh istehlak kreditləşməsində olan müsbət tərəfləri saxlamaqla ola biləcək fəsadların qarşısının alınmasına yönəlib.

 

Ekspert bildirir ki, istehlak kreditləşməsində olan müsbət tərəflər ipoteka, təhsil və səhiyyə kreditlərinin verilməsidir: “Biz istehlak kreditlərinin strukturuna baxdıqda görürük ki, çox mütərəqqi kreditlər yaranıbdır. İnsanlar ev sahibi olmaq, təhsil almaq, müalicə olunmaq, ailə qurmaq üçün  kredit götürürlər.  Biz istehlak kreditlərinin strukturunun zənginləşdiyini görürük. Bu, bütövlükdə insanların və ailələrin inkişafında mühüm rol oynayır”.

 

Onun fikrincə, istehlak kreditlərinin insanların və ailələrin inkişafında mühüm rol oynamasına baxmayaraq, bu proseslərin çox məlum bir çərçivədə getməsi arzuolunandır.: “Bu, əhalinin həddindən artıq borc yükünün yüklənməməsində, banklar üçün sosial ədalətlilikdə, faiz dərəcələrində, açıqlılqda, Mərkəzi Bank üçün istehlakçıların hüquqlarının müdafiəsində və bankların risk profillərinin reallaşdırılmasında diqqətli olmasında özünü göstərməlidir. Mərkəzi Bankın yerinə yetirdiyi konsepsiya da bundan ibarətdir. Hesab edirəm ki, bu, çox balanslı bir pozisiyadır. Bununla həm də bankların mənafeyi güdülür. Çünki, banklar təkcə öz vəsaitləri il çalışmırlar. Bu gün banklarda əhalinin 7 milyard manatdan çox əmanətləri, eyni zamanda hüquqi şəxslərin  7 milyarddan çox vəsaitləri var. Xaricdən cəlb olunmuş vəsaitlər  və  özlərinin yüksək kapitalları var. Bu gün bank sektorunun kapitallıq səviyyəsi 18 faizdir. Olduqca yaxşı göstəricidir. Amma bu proseslər məlum bir çərçivədə baş verməlidir. Mərkəzi Bank dövlətin adından bütün tərəflərin - əhalinin, biznesin və bank sektorunun mənafelərini tam balanslı şəkildə reallaşmasını tələb edir”.

 

Qeyd edək ki, Mərkəzi Bankın bu il görülən tədbirləri nəticəsində istehlak kreditlərinin artım tempi iki dəfə aşağı salınıb. Keçən ilin 9 ayının yekunlarına görə istehlak kreditləri 30 faiz artmışdı, bu ilin eyni dövründə isə o 15 faiz artıbdır. Ümumiyyətlə problemli kreditlər bankların cəmi kredit portfelinin təxminən 6 faizindən azdır. Bu da, başqa ölkələr ilə müqayisədə olduqca aşağıdır.

 

Mərkəzi Bankın məlumatına görə, 01 sentyabr 2014-cü il tarixinə  banklar tərəfindən verilmiş 17 milyard 309 milyon manat kreditlərin  938,8 milyon manatının ödəmə vaxtı keçib.

 

 

Əfsun

Tarix
30 Oktyabr 2014 [19:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin