Ana səhifə
24 Sentyabr 2018

Rüsumların aşağı salınması sahibkarların vəsaitlərinə qənaət etməsinə imkan yaradacaq

Fəaliyyət növlərinə lisenziyaların müddətsiz verilməsi isə sahibkarlığın inkişafı baxımından olduqca vacibdir
"Azərbaycanda fəaliyyət növlərinə lisenziyaların müddətsiz və onlar üçün nəzərdə tutulan rüsumların azaldılması sahibkarlığın inkişafı baxımından olduqca vacib idi". Bunu iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramlı deyib. O, açıqlamasında bildirib ki, ölkə başçısının bu fərmanı sahibkarlığın inkişafında ciddi bir mərhələnin əsasını qoyacaq. Onun sözlərinə görə, manat “üzən məzənnə”yə keçdikdən sonra sahibkarlıq sektorunun liberallaşması olduqca vacibdir: “Prezidentin bu fərmanı imkan verəcək ki, sahibkarlığın inkişafı hesabına ölkəyə daxil olan valyuta kütləsini tənzimləmək mümkün olsun. Son qaydalarla faydalanan sahibkarlar fəaliyyətlərini genişləndirəmək və daha çox gəlir əldə etmək imkanları qazanacaqlar. Bir sözlə sahibkarlara verilən lisenziyaların asanlaşdırılması və lisenziyaların sayının azaldılması olduqca vacib məqamdır”. 
O qeyd edib ki, qısamüddətli lisenziyalar verilən zaman sahibkarlar lisenziyanın alınması üçün yenidən müraciət etməyə məcbur olurdular: "Biz əvvəl də lisenziyaların müddətli deyil, müddətsiz və ya uzun müddətə verilməsinin tərəfdarı idik. Qısa müddətə lisenziyalar verilən zaman sahibkarlar lisenziya üçün yenidən müraciət etməyə məcbur olurdular. Bu da onlar üçün əlavə xərc idi, qeyri-rəsmi ödənişlər də tələb olunurdu, süründürməçilk halları baş verirdi. Ona görə də lisenziyaların müddətsiz verilməsi imkan yaradır ki, sahibkar bir dəfə müraciət etsin və lisenziyanı aldıqdan sonra, sahibkarlıq fəaliyyətini davam etdirdiyi müddətdə ondan istifadə etsin.
Eyni zamanda, lisenziyaların verilməsində rüsumların aşağı salınması da vacib idi. Çünki rüsumlar lisenziyanın alınmasında sahibkar üçün əlavə xərc yaradırdı. Rüsumların aşağı salınması sahibkarların vəsaitlərinə qənaət etməsinə imkan yaradacaq".
Artıq sahibkarların aşağı rüsum ödəməklə lisenziya almaq imkanlarına malik olması onlavr üçün kifayət qədər ciddi imkanlar yaradacaq. Lisenziyaların verilməsi qaydaları da təkmilləşib. Lisenziyaların alınması il bağlı müraciətə baxılması üçün konkret olaraq 7 iş günü müəyyən olunub. Yalnız istisna hallarda bu gün artırıla bilər. Digər tərəfdən isə proses elektronlaşıb. Lisenziyaların verilməsinə müdaxilə olunmayacaq. 

V.Bayramovun fikrincə, nəqliyyat və bu kimi sahələrdə lisenziyaların tamamilə ləğv edilməsi olduqca vacib məqamdır və bu, inkişafa müsbət təsir göstərəcək: “Konkret meyarlardan keçməklə taksi fəaliyyəti göstərmək mümkün olacaq. Bu imkan verəcək ki, taksi xidmətinin keyfiyyətini artırmaq mümkün olsun. Həmçinin taksi xidməti göstərmək istəyənlər süründürməçilik olmadan bu işlə məşğul olacaqlar. Bir sıra lisenziyaların ləğv edilməsi həmin sektorlarda kifayət qədər ciddi liberallaşmanın yaranmasına səbəb olacaq”.
V.Bayramlı bildirib ki, Azərbaycan manatının "üzən valyuta rejimi"nə keçməsindən sonra sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması olduqca vacib idi. Yeni məzənnə siyasəti həm də iqtisadiyyatda monopoliyanın, sahibkarlığın inkişafına mane olan süni baryelərin aradan qaldırılması baxımından olduqca vacibdir: "Artıq ölkəyə valyutanın daxil olması üçün qeyri-neft sektorunda çalışan sahibkarların dəstəklənməsinə ehtiyac var. Onların dəstəklənməsi imkan verə bilər ki, ölkəyə daxil olan valyutanın həcminin artması mümkün olsun və bu da manata təzyiqin azaldılmasına gətirib çıxara bilsin. O baxımdan, bu addım müsbət qiymətləndirilməlidir və sahibkarlığın inkişafına dəstək kimi xarakterizə edilir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Azər Mehtiyev isə  “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu ilin sentyabr ayında lisenziyalarla bağlı qanunlara yenidən baxılması ilə bağlı prezident göstəriş verdi: “Məlum olmuşdu ki, ekspertlərin də zaman-zaman səsləndirdiyi kimi lisenziyalaşdırma sahəsində ölkədə normal siyasət həyata keçirilmir. Lisenziyaların sayı çoxdur və onlara ödənilən rüsumların məbləği yüksəkdir. Lisenziyaların konkret müddətə verilməsi məsələsi başa düşülən deyil. Bütün bunlar əslində dövlət başçısının da qeyd etdiyi kimi insanların incidilməsi və müəyyən haqq qazanılmasına xidmət edir. Bu baxımdan fərmanı ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması baxımından atılan ilkin addımlardan biri kimi dəyərləndirmək olar. Söhbət lisenziyaların sayının azaadılmasından, onların verilməsi qaydalarının sadələşdirilməsindən, lisenziya verilməsi üçün çəkilən xərclərə uyğun olaraq rüsumun təyin edilməsi məsələsindən gedir. İndi verilmiş fərmanların icrası ilə bağlı vəziyyət bizi maraqlandırır. Çünki zaman-zaman ölkədə bu tip fərmanlar verilir, lakin icra ilə bağlı problem olub. İndi ölkədə neft gəlirlərinin azaldığı dövrdür. Ümid edirik ki, artıq bu istiqamətdə daha ciddi uğurlar olacaq. Bu da ölkədə inhisarçılığın aradan qaldırılması və rəqabət mühitinin yaxşılaşdırılmasına gətirib çıxaracaq. Ancaq bu cür qərarların təsirinin tez bir zamanda nəticə verəcəyini gözləməyə dəyməz, çünki bu məsələlər zaman tələb edir”.

Sərnişin və yük daşınması sahəsində lisenziyanın ləğvinə gəlincə isə ekpsert qeyd edib ki, sürücülər müvafiq qaydada qeydiyyatdan keçməklə, gəlir əldə etmək üçün VÖEN almaqla bu sahə üzrə məşğul ola bilərlər: “Əslində taksi fəaliyyəti əvvəllər də lisenziyalaşdırılmırdı. Bunun üçün onlar hansısa idarədə qeydiyyatdan keçirdilər. Bu sahədə bizdə hələ ki, özbaşınalıq hökm sürür. Hər bir şəxs deyir ki, taksi fəaliyyəti göstərirəm. Ancaq bunun normal yanaşması odur k, hüquqi və fiziki şəxs tərəfindən təşkilatlanma həyata keçirilməlidir. Hamı bilməlidir ki, söhbət bu işi həyata keçirən hansısa qurumdan gedir”.

Əlbəttə ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha  da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi,  dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.
Bir sözlə, bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda, dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.
 Qeyd edək ki, dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmana əsasən, ölkədə fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği aşağı endirilib. Əksər rüsumların məbləği iki dəfə azaldılıb. Bir sıra fəaliyyət növlərinə görə isə lisenziya ləğv edilib. Bundan sonra lisenziyalar müddətsiz veriləcək. Bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

 

Tarix
24 Dekabr 2015 [13:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin