Ana səhifə
15 Noyabr 2018

Lənkəran rayonda ümumi məhsul buraxılışı 280.9 milyon manat təşkil edib

Sənayedə 16.7 milyon  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrünə  nisbətən 7.9  faiz çox məhsul  istehsal  olub

2015-ci  ilin  9 ayında  Lənkəran rayonda ümumi məhsul buraxılışı 280.9 milyon  manat  təşkil  edib. Sənayedə 16.7 milyon  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrünə  nisbətən 7.9  faiz çox məhsul  istehsal  olub. Sənayenin  qeyri-dövlət  sektorunda  istehsalın  həcmi 7.3 faiz  artıb və  ümumi  həcmdə  onun  xüsusi  çəkisi 66.5 faiz  təşkil  edib. Cari  ilin  9 ayında   rayonda  ümumilikdə 2044 yeni  iş  yeri açılıb, onlardan  1601-i  daimi  iş yerləridir.
Rayonun nəqliyyat, telekommunikasiya sahələrində ciddi işlər görülüb. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər müsbət nəticələr verib. 
Qeyd edək ki, 2015-ci il Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı  ili” elan edilib. Bununla əlaqədar sahibkarlar və fermerlərlə söhbətlər aparılıb və onlara ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrasında yaxından iştirak etmək, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrindən səmərəli istifadə etmək və məhsuldarlığın artırılmasına nail olmaqla bağlı  tövsiyə və məsləhətlər verilib. Bununla əlaqədar  rayonda yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır, hazırda 15 hektar ərazidə “Gilan Agro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Gələcəkdə təsərrüfat daha da genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcəkdir. O, cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaqdır. Bu işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı təyinatı üzrə dövriyyəyə qatılacaq və bu da əlavə 2 min daimi iş yerinin yaranmasına imkan verəcəkdir. Eyni zamanda rayonda sahibkarlığın inkişafına təkan verəcəkdir.
Ümumilikdə rayon ərazisində 566 hektar çay sahəsi mövcuddur ki, bunun da 454.4 hektarı  fermerlər və sahibkarlar tərəfindən yeni salınmış çay sahələridir. Lənkəran çayına tələbat isə hər il artır. Bu çay keyyfiyyəti ilə seçilir. Bunu xarici qonaqlar və mütəxəssislər də qeyd edir. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bu yaxınlarda  cənub bölgəsinə səfər edib. İcra rəsmiləri ilə görüşdən sonra səfir bir sıra sənaye müəssisələrinə baş çəkib. Səfərin məqsədi paytaxtla yanaşı bölgələrin hazırkı durumu ilə əyani tanışlıq olub. Avropa standartlarına uyğun qurulmuş süd məhsulları istehsal edən müəssisədə texnoloji proseslərin müasirliyi səfirdə xoş təəsürüt yaradıb. 
İrfan Siddiq zavodda istehsal olunan dondurma məhsullarının dadına da baxıb. "Burda olduğum müddətdə mənim imkanım oldu ki, xüsusi dad tama malik Lənkəran çayını dada bilim. Baxmayaraq ki, Böyük Britaniya əhalisi çox çay içir amma bizim çay becərmə imkanlarımız yoxdur. Yaxşı olar ki, Lənkəran çayının marketinqini və satışını təşkil edək, bu sahədə rayonla əməkdaşlıq edək", səfir deyib.
Lənkəran rayonunda çay sahələrindən başqa,  sahibkarlar meyvə bağlarına da maraq göstərirlər. Artıq 14 hektarda yeni meyvə bağları salınıb, 20 hektarda bərpa işləri aparılıb. Cari ildə rayonda 108 hektar sahədə çəltik əkini keçirilib və 315 ton məhsul toplanıb. Bu məhsullar rayonun kənd təsərrüfatı məhsulları ilə təchizatında  mühüm rol oynayır, sahibkarlığın inkişafına öz töhvəsini verir. Kənd təsərüfatının inkişafı sahibkarlıq subyektlərinin maliyyə dəstəyini də artırır.
Lənkəran rayonun  böyük turizm potensiyalı da var.  Bunu avqustda Lənkəranda olan ABŞ səfiri də qeyd edib. "Əməkdaşlıq üçün ən önəmli sahə turizmdir. Lənkəran, Astara, ümumiyyətlə bu bölgənin təbiəti olduqca gözəldir. Turizm üçün böyük potensialı olan bir ərazidir. Mən də Britaniya səfiri olaraq bu işdə - bölgənin turizm imkanlarının tanıtımında yardımçı olacağam",- səfir deyib. 
Səfir öz ölkəsinin vətəndaşlarına bu bölgənin turizm üçün əvəzsiz olduğunu çatdıracağını deyib. 
Lənkəran rayonun sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və “Lənkəran” müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşib. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülüb və ekoturizm həvəskarlarının böyük marağına səbəb olub. Bu üstünlüklər sahibkarları rayonda yeni turizm obyektlərini istifadəyə verməyə həvəsləndirir. Şübhəsiz ki, Lənkəranda ilin istənilən vaxtı istirahət etmək maraqlıdır. Bu da sahibkarlara  imkandan maksimum yararlanmağa imkan verir. Təmiz hava və gözəl təbiət bol görməli yerlərlə və yerli sakinlərin qonaqpərvərliyi ilə birləşdikdə hər il dünyanın hər yerindən turistləri buraya cəlb edən həmin başlıca amil hesab olunur. Sahibkarlar da bunları nəzərə almalıdırlar.

Qeyd edək ki, son illərdə xarici ölkələrdən və ölkəmizin iri sənaye mərkəzlərindən gələn insanlarda təbii kənd evində yaşayıb istirahət etmək meyli var və onlar kənd həyatını yaşamaqla, öz sağlamlıqlarını qorumaqla yanaşı, bir müddət şəhər mühitindən (şəhərin gündəlik səs – küyündən) uzaqlaşmaq istəyirlər. Azərbaycanın kənd yaşıl turizmində əsas yerləşdirmə vasitəsi kimi fərdi yaşayış evlərindən istifadə edilir. Cənub regionunda kənd təsərrüfatı və yol infrastrukturunun inkişafı, yüksək şəraiti olan kənd evlərinin olması və digər amillər burada kənd yaşıl turizminin inkişafına geniş imkanlar açıb. Lənkəran rayonlarının ayrı – ayrı kəndlərində kənd yaşıl turizmi üçün əlverişli olan xeyli fərdi ev var. Bu evlərdən istifadə etməklə həm ev sahiləri sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə edər. Kənd turizmindən yararlanmaq istəyən qonaqlar isə ucuz qiymətə yaxşı istirahət etmək imkanı qazanarlar. Lənkəran rayonunun Haftoni (yeddi bulaq – deməkdir) qəsəbəsində də, turistləri qəbul edib yerləşdirmək və onlara müəyyən xidmətlərin (yemək, rayonun görməli yerlərinə səyahət, yerli sənətkarların əl işləri ilə tanışlıq və s. göstərilməsi üçün şəraiti olan fərdi evlər çoxdur. Turistlərə xidmət göstərə biləcək fərdi ev sahiblərindən biri Nəriman Hüseynov deyir ki, kənd yaşıl turizmi ilə bağlı fəaliyyət göstərməsi üçün Turizm Nazirliyindən sertifikat alıb. Ev sahibi bildirib ki, evində 12 – 15 turisti qəbul etmək imkanı var və onların istirahəti üçün hər cür şərait yaradılıb: “Evdə turistlərin yaşamaları və istirahəti üçün bütün imkanlar var. Duş, mətbəx, yatacaq və istirahət otaqları işlək vəziyyətdədir. Evin kirayə haqqı adambaşına 10-15 manat aralığındadır. Otaqlardakı adamların sayı çox olduqda qiymət də aşağı düşür. Qiymət 10 manat olduqda səhər yeməyini veririk. Səhər yeməyinə bal, süd, yerli ev yumurtası, çay və çörək daxildir. Əgər turistlər milli mətbəximizin yeməklərindən dadmaq istəyirlərsə, xanımım onların istəyinə uyğun yeməkləri hazırlayır. Hazırlanan xörəklərin qiymətləri müxtəlifdir. Buraya hər xörəyin maya dəyəri və cüzi xidmət haqqı daxildir”. N. Hüseynov deyir ki, bu qiymətlər həmin ərazidəki istirahət mərkəzləri və otellərlə müqayisədə 4 – 5 dəfə ucuzdur.  “Mənim üçün turistin xarici və yaxud, yerli olmasının heç bir əhəmiyyəti yoxdur. Evimdə Amerikadan, Rusiya Federasiyasından və Belorusiyadan olan turistlər də olub. Lakin onlar yerlilərlə müqayisədə çox az olublar. Bunun səbəbi turistlərdə bu yerlər və xidmətlər barədə məlumatın az olması və mənim kimi ev sahiblərində turistləri cəlb etmək üçün müəyyən mexanizmlərə malik olmamağımızdır”. 
Göründüyü kimi Lənkəran rayonunda turizm sektorunun inkişafı və sahibkarların maliyyə yatıracağı önəmli sahə var. Bu rayonun iqtisadi inkişafına töhvə verməklə yanaşı, sakinlərin işlə təminatında və həyat şəraitinin yaxşılaşdırılmasına səbəb ola bilər.

Tarix
16 Dekabr 2015 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin