Ana səhifə
20 Sentyabr 2018

Kiçik müəssisələr istehsala əlavə ictimai əməyi cəlb edir

Bu da milli gəlirin artmasına və yeni dəyərin yaranmasına gətirib çıxarır

"Azərbaycanda malların rüsumsuz idxal məbləğinin artırılmasının iki məqsədi var: kiçik və orta sahibkarlığın inkişafı və inflyasiya səviyyəsinin azaldılması". Bu sözləri iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev deyib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmanın  məqsədi gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsidir. Sənəddə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməsinə icazə verilir. "Qərar birbaşa ölkədə sahibkarlığın inkişafına yönəlib. Başqa sözlə, bu gün sahibkarların öz fəaliyyətlərini aktivləşdirmək imkanı yaranıb", - O.Haqverdiyev bildirib. Bundan əlavə, o bu cür addımın qiymət artımına məhdudiyyət yarada biləcəyini deyib. O.Haqverdiyevin sözlərinə görə, məhsullar nə qədər çox olsa, qiymətlər də bir o qədər aşağı olar: " Belə ki, həm sahibkarlığın inkişafının stimullaşdırılması baş verib, həm də inflyasiyanın artım tempinə bir növ məhdudiyyət qoyulub".
O.Haqverdiyevin fikrincə, inkişaf etmiş ölkələrdə büdcənin gəlir hissəsinin əsas mənbəyini məhz kiçik və orta sahibkarlıq tutur: "Məsələn, ABŞ-da ÜDM 17 trilyon ABŞ dolları təşkil edir. Bunun da 60 faizini kiçik və orta sahibkarlıq yaradır. Bizdə isə bu rəqəm heç 20 faizə çatmır".
Sabiq nazir müavini qeyd edib ki, hətta "General Motors" kimi nəhəng şirkətlər də müxtəlif avtomobil hissələrinin hazırlanması üçün kiçik müəssisələrin xidmətindən yararlanır. O.Haqverdiyev bərpa prosesinin kifayət qədər uzunmüddətli olacağını da bildirib: "Atılan bütün bu addımlar dərhal nəticə verməyəcək. Bu, uzunmüddətli prosesdir". 
Qeyd edək ki, Azərbaycanda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına önəm verilir və onun ümumi daxili məhsulda həcminin artırılması qarşıya məqsəd qoylub.  Kiçik müəssisələr həm respublikanın daxili bazarlarının əmtəə və xidmətlərlə dolması, inhisarçılığın ləğv edilməsi və rəqabətin bütün sahələrdə genişlənməsində, həm də təşəbbüskar insanların yaradıcılığının üzə çıxması, mövcud əmək və aterial ehtiyatlarının istehsala cəlb olunması və əhalinin tələbatının hərtərəfli təmin olunmasında mühüm rol oynayır. Kiçik müəssisələrin nümayəndələri həm də yerli bazarı çox yaxşı tanıyırlar və hətta ayrı-ayrı müştərilərin sifarişlərinə əsasən xırda partiyalarla məhsullar da istehsal edirlər. Kiçik və orta ölçülü müəssisələr bir çox ölkələrdə iri şirkətlərə nisbətən həm saylarına, həm də göstərilən xidmət və istehsal edilən məhsullara görə dominant mövqe tuturlar. Kiçik müəssisələr istehsala əlavə ictimai əməyi cəlb edirlər ki, bu da milli gəlirin artmasına və yeni dəyərin yaranmasına gətirib çıxarır. Dövlətin güzəştləri, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və s. sahibkarlığın inkişafına müsbət təsir edən əsas amillər sırasındadır.
Bununla belə, burada bir məqam da sahibkarların məsuliyyəti ilə bağlıdır. Yəni sahibkarların qanuni şəkildə vergi ödəməsini vaxtında yerinə yetirmələridir: "Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər", Prezident İlham Əliyev deyib. Prezidentin fikrincə, Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər: "Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır".
 Heç kəsə sirr deyil ki, ölkədə qeyri-neft sektorunun inkişafına mane olan əsas məqamlardan biri sahibkarların müxtəlif dövlət qurumları tərəfindən əsassız olaraq incidilməsidir.   Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanı iş adamları tərəfindən də razılıqla qarşılanıb. Atılan addımların ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcəyini söyləyən Balakənin ən böyük emal müəssisəsi olan “Balacans” MMC-nin keyfiyyət üzrə meneceri Saleh İbrahimova deyib: “Prezidentimizin sahibkarlara dəstəyi iş adamlarının ürəyincədir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması kiçik və orta sahibkarlığın inkişafına böyük töhfədir. Dövlətimizin başçısı onsuz da həmişə sahibkarlığın inkişafına dəstək verir, iş adamları üçün münbit şəraitin yaradılmasına çalışır. Biz də yaradılan bu şəraitdən istifadə edərək, bundan sonra da ölkəmizin inkişafına dəstək olacağıq”.
İqtisadçı Aydın Hüseynov isə bildirib ki, Prezidentin  sahibkarlarla bağlı səsləndirdiyi fikirlər ölkədə kiçik və orta sahibkarlığın inkişafına yeni impuls verəcək: "Əvvəla Prezidentin həyata keçirdiyi iqtisadi strategiyanın ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının rifah halının yüksəldilməsidir. Bunun üçün də ölkə iqtisadiyyatının davamlı inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Ümumdaxili məhsul istehsalında sahibkarların payını artırmaq üçün davamlı tədbirlər görülür. Sahibkarlara çox böyük dəstək göstərilir. Bununla İlham Əliyev sahibkarlara həm də siyasi dəstək verdiyini bir daha sübut etdi. Eyni zamanda, sahibkarların işinə yersiz müdaxilələrin qarşısını almaq üçün bir daha mövqeyini ortaya qoyması ümumən ölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək. Ona görə də sahibkarlar ölkə başçısının verdiyi bu dəstəkdən bəhrələnərək büdcə qarşısında öhdəliklərini tam yerinə yetirməlidir. Nəzərə almaq lazımdır ki, sahibkarlığın inkişafı üçün güzəştli kreditlər mövcuddur, qanunvericilikdə bir sıra dəyişikliklər aparılıb və s. Bütün bunlar bir daha onu göstərir ki, ölkədə sahibkarlığa kifayət qədər dəstək göstərilir. 

Tarix
14 Dekabr 2015 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin