Ana səhifə
25 Sentyabr 2018

Sahibkarlar turizm sektoruna marpaq göstərməlidir

«Turizm yeganə sahədir ki, burada ixrac yox, idxal yönümlü siyasət aparılmalıdır»

Turizm tükənməyən gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrin dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Turizm mövsümünün ilboyu davam etməsi ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Türkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla hesablanan əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Azərbaycanda da bu sahənin inkişafına önəm verilir. Çünki turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan dövləti milli turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib. Son illər turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Dövlət və regional səviyyələrdə həyata keçirilən sosial siyasətdə turizm strateji əhəmiyyətli məsələ kimi çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyev də sahibkarlara ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün öz dəyərli tövsiyələrini verməyə çağırıb. Bu istiqamətdə bir sıra addımlar atılıb.  Sahibkarlığın inkişafı ilə əlaqədar olaraq prezident İlham Əliyevin göstərişindən sonra otellərlə bağlı da qaydalar dəyişib. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyimehmanxana və turizm fəaliyyətlərinə lisenziya verməyi dayandırıb. Mehmanxanalara lisenziyanı artıq “ASAN xidmət” verir.
Məsələ ilə bağlı  Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, “ASAN xidmət” və müvafiq içtimai təşkilatlar təkliflər paketi hazırlayıb. Azərbaycan turizm assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bu sahədə bəzi islahatlara ehtiyac olduğunu söyləyib. O, turizmin spesifik bir fəaliyyət növü hesab edildiyindən mütləq şəkildə peşəkarlar tərəfindən idarə olunmasını zəruri sayır. Əks halda köklü dəyişikliklərdən söhbət belə gedə bilməz: «Asan Xidmət»də turizm sahəsində və otel biznesində lisenziya verən şəxslər peşəkar olmalıdır. Onlar bilsinlər ki, bu lisenziya verdiyi şirkət ölkəyə turizm cəlb edə biləcəkmi? Təbii ki, bacarsa bu iş yeri və biznesin inkişafı deməkdi”.
Hazırda ölkədə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi lisenziya ilə fəaliyyət göstərən 284 turizm şirkəti, 355 mehmanxana var. Və onların xidmətlərinə verilən qiymət hələ də Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətindədir.  “Mehmanxanalara verilən dərəcə, sertifikatlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Və burada beynəlxalq təşkilat və mütəxəssislərin tövsiyyələri nəzərə alınararaq beynəlxalq standartlara uyğun həyata keçirilir”, - deyə mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bildirib. Lisenziyaların «Asan Xidmət» tərəfindən verilməsi isə sahibkarların bu sahəyə marağını artıracaq.
«R&R Travel» şirkətinin rəhbəri Rüstəm Əhmədov deyir ki, turizm yeganə sahədir ki, iqtidadiyyatda fəqli yeri vardır və məhz fərqli yanaşma tələb edir. Misal üçün, bu gün Azərbaycanın iqtisadiiyyatının demək olar ki bütün sahələri üzrə məhz ixrac yönümlü siyasət aparmaq lazım olduğu halda, turizm sənayesi idxal yönümlü siyasət tələb edir. Çünki başqa sahələrlə müqayisədə aydın görmək olar ki, xarici valyutanın ölkəyə axınını təmin etmək üçün mütləq turizmin idxal hissəsi sayıla biləcək, daxili turizm bazarını daha yüksək sürətlə inkişaf etdirilməli və xarici turistlərin Azərbayacana axını sürətləndirilməlidir. «Dünənə qədər ölkəmiz daha çox neft məhsullarının ixracından gəlir əldə edirdi. Bu gün isə prioritet qeyri-neft sahələrinə, ən əsası isə turizm sektoruna verilməlidir. Çünki məhz bu sahədə imkanlar var işsizlik minimum kapitalla aradan qaldırılsın. Təsəvvür edin: ölkəmizə gələn 1 turistə 10-a yaxın adam xidmət göstərir. Bunlar nəqliyyat sektorunda taksi, gəmi, yaxtalardan istifadə, içtimai iaşə yerlərində aşbaz, ofisiant və s xidmətçilər, otellərdə müxtəlif işçilər, eyni zamanda bələdçilər, kongres turizmində təşkilatçı şirkətlərin nümayəndələri, adi kənd evlərindəki sadə vətəndaşlar, dükan və mağaza işçiləri, bərbərlər, əczaçılar və s-dir. Gördüyünüz kimi, ölkəmizə gələn hər 1 turist minimum bir əlavə iş yeri deməkdir»,- o deyir. Onun sözlərinə görə, sahibkarlar çalışmalıdır ki,  xarici ölkələrdən turist cəlb etməklə yanaşı, ölkə əhalisi istirahət üçün xaricə getməkdənsə, öz istirahət mərkəzlərimizdə dincəlsinlər. « Rəsmi dövlət qurumlarının statistikasına əsasən təqribən 3 milyon 500 min azərbaycanlı turist qismində xarici ölkələrə səfərlər edib. Hər bir turistin oteli, aviabiletləri, digər nəqliyyat xərcləri, habelə, restoran və şoppinq xərclərini ortalama hesabla 1000 dollardan nəzərə alsaq, - baxmayaraq ki, bir çox hallarda bu rəqəm daha artıqdır - o zaman bu 3,5 milyard dollar Azərbaycanın daxili kapitalının xarici ölkələrə axması deməkdir. İndi isə neftin bu günkü qiymətini yada salaq - 1 barreli  təqribən 41 dollardı. Başqa sözlə hər il biz 45-50 milyon barrel nefti qarşılıqlı vəsaiti əvəzlənmə olmadan xarici ölkələrə veririk. Və bu rəqəm hər il artmaqda davam edir. Çünki turizm elə bir sahədir ki, insan istirahətsiz yaşayıb yarada bilməz. Gec ya tez insane xaricdə və ya öz ölkəsi daxilində istirahət etməlidir».
O bildirib ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, biz də prezident İlham Əliyevin son bir neçə ayda sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlardan bəhrələnərək turizmi sektorunun inkişafına töhvəmizi verməliyik. Dövlət başçısının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” imzaladığı Qanun və sahibkarlıq sahəsində aparılan əsassız yoxlamaların dayandırılması, lisenziyaların verilməsinin sadələşdirilməsi bütün ölkə sahibkarlığının inkişafına böyük töhfə verir və imkan yaradır.
Xarici turistləri cəlb etmək üçün Azərbaycanda “iki”, “üç” ulduzlu hotellərin inşası çox qısa zaman ərzində həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin. Bunu  Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyir. Onun sözlərinə görə, rayonlardan Bakıya, eyni zamanda qonşu respublikalardan Azərbaycana gələn aztəminatlı şəxslər daha ucuz hotellərdə qalmaq istəyirlər: "Ancaq belə hotellər olmadığından onların çoxu evlərdə kirayə qalırlar. Bu, onların təhlükəsizliyini və dövlətə vergilərin ödənilməsi məsələsini arxa plana keçirir".
M.Ağakərimov bildirib ki, qonşu Türkiyə və İranda olduğu kimi, Azərbaycanda da “iki”, “üç” ulduzlu hotellərin qiymətləri münasib olmalıdır. Onun sözlərinə görə, belə hotellərdə qiymətlər aşağı olduğundan xidmətlərin ceşidləri də az olur: “Hotellərdə xidmət səviyyəsi yuxarı qaldırılmalıdır. Bu, o demək deyil ki, hotel “iki”, “üç” ulduzludursa, orada xidmət aşağı olmalıdır. Həmin hotellərin də öz standartları var”.
Qiymətlərin baha olmasının Azərbaycanda turizmin inkişafına mane olduğunu deyən mütəxəssisin fikrincə, xidmət səviyyəsi yuxarı, qiymət isə münasib olarsa, bu, ölkədə turizmin inkişafında mühüm rol oynaya, ölkəyə gələn turistlərin də sayının artmasına təsir göstərə bilər: “Təbii ki, Azərbaycana gələn turistlər hotellərdə, eyni zamanda, aviabiletlərin qiymətlərinin baha olduğunu gördükdə bunu öz ölkələrində danışırlar. Nəticədə bu, Azərbaycana daha az turistin gəlməsinə səbəb olur. Ona görə də bu məsələ tez bir zamanda həll olunmalıdır”.
Müzəffər Ağakərimov həmçinin deyib ki, Azərbaycana gələn aztəminatlı turistlər üçün çoxyerli hostellər tikilməlidir və yaxın vaxtlarda onların inşasına başlamaq lazımdır. Assosiasiya rəsmisi qeyd edib ki, artıq Azərbaycanda hostellərin tikintisinə xarici investorlar da maraq göstərirlər: “Bizdə olan məlumata görə, bir çox investorlar Bakıda hostellərin tikilməsi sahəsində boşluğun olduğunu gördüklərindən bu sahəyə investisiya yatırmaq istəyirlər. Amma arzu edərdim ki, bu sahəyə investisiyanı Azərbaycanın özünün milli sahibkarı qoysun”.
M.Ağakərimov bildirib ki, Azərbaycana səfər edən turistlərin çoxu Bakıda qaldığından hostellər də ilk növbədə Bakıda tikilməlidir. Belə obyektlər daha sonra ölkənin turizm regionlarında tikilməlidir. Bu işlərə isə əsasən yerli turistlər cəlb edilməli onlara vergi,güzəştləri, sərfəli kreditlər verilməlidir. Sahibkarlar xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görməlidirlər.

 

Tarix
10 Dekabr 2015 [17:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin