Ana səhifə
24 Sentyabr 2018

Sahibkarlığın inkişafı istiqamətində kifayət qədər radikal addımlar atılıb

Sahibkarların bundan səmərəli istifadəsi onların fəaliyyətində xeyli canlama yaradacaq

Azərbaycanda sahibkarlığın inkişafına dəstək istiqamətində böyük addımlar atılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinə
2015-ci ilin sentyabr ayınadək 4287 sahibkara 159,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 
Eyni zamanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilib və keçirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib. Sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişdirilib, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb. Yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək. Eyni zamanda, texniki-təşkilati istiqamətlərdə də işlər davam etdirilir. "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına treninqlər keçirilir.
 İqtisadçı Əli Məsimli bildirib ki, son günlər Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində bir sıra addımlar atılıb. Bununla bağlı ölkə başçısının imzaladığı fərman və sərəncamlar, qəbul edilən qərarlar eyni zamanda sahibkarlara təzyiq göstərən, qanunsuz yoxlamalar aparan, təhdid edərək pullarını əllərindən alan vəzifəli şəxslərin cəzalandırılması iş adamlarının fəallaşmasına səbəb olub. O bildirib ki, sahibkarlığın inkişafı istiqamətində kifayət qədər radikal addımlar atılıb. «Sahibkarların bundan səmərəli istifadəsi onların fəaliyyətində xeyli canlama yaradacaq. Lisenziyaların sayının azaldılması, sənədləşmənin «ASAN Xidmət»ə verilməsi də sahibkarlığın inkişafı üçün olduqca faydalıdır. Fiziki şəxslərin xaricdən 10 min manat dəyərində məhsul gətirməsi də vətəndaşların durumuna müsbət təsir göstərəcək. Hesab edirəm ki, bu səpkili addımlar atılmaqda davam edəcək və sahibkarlığın inkişafında dönüş yaradacaq. Büdcədə qeyri-neft sektorunun payı artacaq, iş yerlərinin sayı çoxalacaq, iqtisadi fəallıq olacaq».
 İqtisadçının sözlərinə görə, sahibkarlığın inkişafına yol açılması iqtisadi fəallığın artmasına səbəb olacaq. «Prezidentin hər bir rayonda sənaye müəssisənin açılmasına dair tapşırığına əməl edilməlidir. Sumqayıt və digər yerlərdə açılan sənaye müəssisələri artıq öz effektini verir. Kənd təsərrüfatı məhsullarının emalı üçün yeni müəssisələrin açılması da iş yerlərinin yaradılmasına, əhalinin və büdcə gəlirlərinin artmasına səbəb olacaq».  

İqtisadçı  Vüqar Bayramov da respublikamızda həyata keçirilən  tədbirlərin müsbət nəticə verəcəyini bildirib.  Onun sözlərinə görə. sahibkarlığın inkişafı ilə bağlı özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar sahibkarlığın Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. «Əsassız yoxlamaların dayandırıldması və lisenziyaların verilməsinin sadələşdirilməsi özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. «Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu, artıq, özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir». Onun sözlərinə görə, lisenziyaların verilməsinin "ASAN Xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq, ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi imkan verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imanları əldə etsin. Hamı razılaşır ki, "ASAN Xidmət" səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də “vasitəçi” axtarmalı olacaq, o sadəcə dövlət rüsmunu ödəməklə qısa zamanda lisenziyaya sahib olacaq».
İqtisadçı bildirib ki, 2016-cı il də daxil olmaqla növbəti illərdə dayanıqlı iqtisadi inkişaf tempi birbaşa sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına baş verəcək. «Artıq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Bu isə o deməkdir ki, növbəti ilərdə də Azərbaycan qlobal və regional çətinliklərin, o cümlədən neftin dünya bazarındakı qiyməti aşağı səviyyədə qalmasının təsirlərindən sığortlana biləcək».
Vüqar Bayramov bildirib ki, on islahatlar ilk növbədə qeyri-neft sektorunun ixrac qabiliyyətinin güclənməsinə imkan yaradacaq, yersiz müdaxilələrin aradan qaldırılması eyni zamanda sahibkarların ixrac etdiyi məhsulların həcmini artıracaq.
Qeyd edək ki, regionlarda sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə iri fermer təsərrüfatları yaradılır. Bunlar əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi güdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 61.6 milyon manat dövlətin güzəştli kreditləri verilib. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulub, hər hektardan 58-60 sentner məhsuldarlıq əldə edilir.  23 cins heyvandarlıq kompleksinin yaradılmasına 89.4 milyon manat və illik emal gücü 200 min ton olan 8 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 19.1 milyon manat güzəştli kredit verilib. Son illər dövlətin güzəştli maliyyə dəstəyi göstərilmiş müasir heyvandarlıq kompleksləri və kiçik ailə fermer təsərrüfatları hesabına respublikanın süd emalı zavodlarının davamlı, eləcə də keyfiyyətli xammala olan tələbatının təmin edilməsində mühüm rol oynayır. Həyata keçirilən islahatlar, görülən işlər dünyanı bürüyən indiki böhran şəraitində ölkəmizin ciddi problemlər yaşamayacağının göstəricisidir. Sahibkarlığın inkişafı bunu deməyə çsas verir.

Tarix
9 Dekabr 2015 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin