Ana səhifə
18 Noyabr 2018

Ətlik-südlük istiqamətli müasir ailə fermer təsərrüfatları yaradılır

Sahibkarların öz məsullarını ixrac etməsi üçün imkanlar genişlənir 

Bu il “Kənd təsərrüfatı” ili elan edilib. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə də bütün bu zənciri yaratmaq lazımdır. İlk növbədə, əlbəttə ki, sənaye, yəni, emal müəssisələri yaradılır. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilir, burada paketlənirdi. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər. Azərbaycan Prezidenti İlham Əldiyev müxtəlif tədbirlərdə çıxış edərkən bu məsələlər barədə dəfələrlə danışıb və kənd təsərrüfatının inkişafını prioritet sahə hesab edib. Aqrar sektorun inkişafının ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacibliyini vurğulayıb. Aqrar sektorun dirçəldilməsi istiqamətində  isə ardıcıl tədbirlər görülür. «Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir»,-Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Göründüyü kimi dövlət başçısı heyvandarlığın inkişafını vacib sayır. Buna uyğun olaraq da uğurlu aqrar islahatlar aparılır.  Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda qarşıya qoyulan əsas məqsədlərdən biri ət, süd və süd məhsullarının istehsalının artırılmasıdır. Südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin yaradılması İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin əsas istifadə istiqamətlərindəndir.  Güzəştli kreditlər hesabına isə heyvandarlıq sahəsində uğurlu işlər görülür. Məsələn, 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Ağcabədi, Bərdə və İmişli rayonlarında ətlik-südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 27, İmişli rayonunda isə 17 ailə kəndli təsərrüfatını əhatə edir. Layihəyə əsasən bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulur. Avstriyadan gətirilmiş 189 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar Bərdə rayonunun Kolayır kəndində yaradılmış 27 ailə fermer təsərrüfatına verilib. Bu,  Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan, respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən xəbər verir. Dövlətimiz həmişə sahibkarlığın inkişafı üçün güzəştlər tədbiq edir, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika ilə təmin olunması ilə yanaşı onlara cins heyvanların verilməsini də vacib sayır. Sahibkarların gediş-gəlişinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması məqsədilə cins heyvanlar kəndlərdə verilir. Bu da dövlətimizin sahikarlara qayğısının göstəricisidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq layihələr şöbəsinin müdir müavini Orxan Mikayıl bildirir ki, müasir ailə fermer təsərrüfatlarının yaradılması layihəsinin məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçik həcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılmasıdır. 
 Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara yalnız Avstriyadan gətirilən cins inəklər güzəştli şərtlərlə verilmir, Almaniyadan da cins heyvanlar gədirilir. Yerli inəklərlə müqayisədə Almaniyadan idxal olunmuş cins mal-qaranın məhsuldarlığında böyük fərq var. Digər Avropa ölkələri ilə yanaşı, Fransadan da damazlıq cins heyvanların gətirilib. İlkin olaraq gətirilmiş 160 baş damazlıq heyvanların 100 başı Biləsuvar rayonunda yerləşən heyvandarlıq kompleksinə və 60 başı isə Bərdə rayonunda yerləşən dövlətin güzəştli kreditləri hesabına yaradılmış heyvandarlıq kompleksinə verilib. Sonrakı dövrdə daha 500 cins heyan gətirilərək fermerlərə verilib. Fermer Tərbiyə Yusifova deyir ki, imkanı çatsa, inəklərin sayını 100-ə çatdırıb kompleks ferma yaratmaq istəyər. Dövlətin bu sahədə fermerə etdiyi güzəştdən də narazı deyil. 35 ildir ki, təsərrüfatla məşğul olan fermer emal sahələrinin olmamasını başlıca problem hesab edir. Deyir ki, günə 35 litr süd verən inəklərdən əldə olan məhsulların hamısının pərakəndə satışı mümkün olmur. « Artıq biz 7-8 litr süd verən inəkdən 35 litr süd verən inəyə keçdik. Bizim emal sexlərimiz də olsa, ikitərəfli qazanarıq. Bölgədə süd qıtlığı da var, emal sexlərinə ehtiyac da. Fermerin mal-qara ilə yanaşı, emal sexi də olmalıdır. Satış yeri olmalıdır». 
Artıq bu istiqamətdə də işlər görülür. Regionda güzəştli kreditlər hesabına emal müəssisələrinin sayı sürətlə artır. Fermerin südü satmaq üçün problemləri də demək olar ki, aradan qalxıb.  Bildirilir ki, heyvanların saxlanılması üçün təsərrüfatlarda müasir tipli tövlələr tikilib, yem bazasının formalaşdırılması təmin olunub. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib, qarğıdalıdan silos hazırlanması üçün tədbirlər həyata keçirilib. Ailə-fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silosu hazırlanması vərdişlərinə yiyələnib. Fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilib.
Xatırladaq ki, cins heyvanlar hər ailəyə 5-10 baş olmaqla lizinq yolu ilə, güzəştli şərtlərlə verilir. Əldə edilən südün marketinqini təşkil etmək üçün süd qəbulu məntəqələri yaradılıb. Məntəqədə toplanmış və soyudulmuş süd emal müəssisələrinə satılır.
Kənd Təsərrüfatı Nazirliyinin apardığı hesablamaların nəticəsinə görə müəyyən olunub ki, istər maddi-texniki, istərsə də praktiki dəstək sayəsində ailə-fermer təsərüfatları qarşıya qoyulan hədəflərə çatacaq və layihənin gəlirliliyi təmin olunacaqdır.

 

Tarix
8 Dekabr 2015 [17:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin